Tamaşalara Ukrayna və Belarusun tanınmış vokalçıları da dəvət olunub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı klassik opera musiqisi həvəskarlarını məşhur italyan bəstəkarı Cüzeppe Verdinin iki ölməz əsərinin - “Traviata” və “Aida” operalarının tamaşalarına dəvət edəcək.
Uzun illərdən bəri teatrın repertuarında olan hər iki tamaşada teatrımızın solistləri ilə yanaşı, vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunmuş vokal ulduzları da çıxış edir. Yanvarın 23-də nümayiş olunacaq “Traviata” operasında Violetta partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Alfred rolunu isə Əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Jermon partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin dəvət olunub. Tamaşada həmçinin Xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor) çıxış edəcəklər. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Yanvarın 30-da təqdim olunacaq “Aida” operasında isə azərbaycanlı opera sənətçiləri - Xalq artisti Əli Əsgərov (Misir şahı), əməkdar artistlər Səbinə Vahabzadə (Amneris), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) ilə yanaşı, Ukraynanın əməkdar artistləri Viktoriya Çenskaya (Aida) və Dmitri Qrişin, Belarusun Xalq artisti Sergey Frankovski (Radames) çıxış edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti Cavanşir Cəfərovdur.