Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Belarusun Milli Akademik Böyük Opera və Balet Teatrı və Dövlət Musiqili Teatrı ilə sıx əməkdaşlıq edir. Bu əlaqələr çərçivəsində belaruslu sənətçilər Bakıda, azərbaycanlı sənətçilər isə Minskdə qastrol səfərlərində olur, rejissor və baletmeysterlər yeni tamaşaların quruluşunu həyata keçirirlər.
Bu günlərdə Opera və Balet Teatrına Belarus Musiqili Teatrından növbəti dəvət məktubu daxil olub. Teatrın quruluşçu baletmeysteri, Xalq artisti Mədinə Əliyeva fevralın ilk günlərində həmin teatrın səhnəsində Q.Şaydulovanın “Kleopatra” baletinin quruluşunu həyata keçirəcək.
Bu, azərbaycanlı baletmeysterin Belarusa ilk səfəri deyil. O, 2010-cu ildə Belarus Musiqili Teatrında səhnəyə qoyulan Ü.Hacıbəylinin “Arşın mal alan” tamaşasında rəqslərə quruluş verib, 2013-cü ildə F.Əmirovun “Min bir gecə” baletinin quruluşunu həyata keçirib.