Fevralın 20-də Azərbaycan Dövlət Musiqili Teatrında Oqtay Zülfüqarov və Ramiz Heydərin “Dəcəl çəpişlər” musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq.
Balaca tamaşaçıların hər zaman maraqla izlədiyi tamaşa Azərbaycanın əbədiyaşar sənətkarlarından biri Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir.
Səhnə əsərinin premyerası 2015-ci il mayın 16-da keçirilib və ötən müddətdə demək olar ki, bütün tamaşalar anşlaqla keçib.
Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.