Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Xocalıda qırmızı mələk» adlı tamaşanın premyerası baş tutdu.
Tamaşa “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatı tərəfindən hazırlanıb. Xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri tamaşaçıların arasında idilər.
Tamaşadan öncə Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov salona toplaşanlara Xocalı faciəsi barədə danışdı. Qeyd etdi ki, hər il Azərbaycanda və dünyanın bir sıra ölkələrində Xocalı soyqırımının ildönümü dərin hüznlə qeyd olunur, müxtəlif tədbirlər keçirilir: «Soyqırımı ilə bağlı acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu «Xocalıya ədalət!» beynəlxalq kampaniyasının böyük rolu var. Məhz bu kampaniya çərçivəsində sistemli şəkildə aparılan işi nəticəsi olaraq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb, müxtəlif səpkili sənədlər qəbul ediblər”.
Bildirildi ki, ötən ilin fevralında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın «Associazione Arci Bellezza» təşkilatının hazırladığı «Xocalıda qırmızı mələk» tamaşası Milanda təqdim edilmişdi. Bu il isə Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində tamaşa Bakıda təqdim edilir.
Sonra səhnə əsəri nümayiş olundu. «Xocalıda qırmızı mələk» tamaşası «APA Holdinq»ə daxil olan Lent.az saytında yayımlanmış reportajlar əsasında çap edilmiş «Cəhənnəmdə böyük çığırtı» kitabının motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır. İtalyan və Azərbaycan bəstəkarlarının əsərlərindən istifadə edilmiş tamaşada cəmi bir neçə aktyor iştirak edir. Əsər həmin illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağ bölgəsində çalışmış, azərbaycanlı əsirləri qorumağı ilə tanınan isveçrəli Pyer Reyçelin şərəfinə «Qırmızı mələk» adını alıb.
Qaranlıq səhnədə tikə-para edilən ağ parça hər kəsə Xocalı sakinlərinin qəlbinin də elə bu cür didildiyinə işarə idi. İfaçıların plastikası, ən sadə hərəkətlərlə, ən adi və az sayda rekvizitlərin köməyi ilə girovların acı taleyini məharətlə oynaması tamaşaçıları təsirləndirdi. Tamaşadan sonra «Xocalıda qırmızı mələk»də iştirak edən aktyorlar Konstanta Buhneviçi, Alice Beatriçe Karrino, Françesko Raçelli, Lunella Çerçi, Reza Dehqani Rostam, Kristina Monika Mannella və rejissor Nihad İsaya Şuranın təşəkkürnamələri təqdim edildi.
G.Mirməmməd