May ayı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi üçün çox yaddaqalan oldu. Kollektiv yaxın-uzaq xaricə ard-arda dörd səfər edərək milli teatrımızı layiqincə təmsil etdi. Səfərlərdən sonra doğma divarlar arasına yığışan və mövsümün daha iki premyerasına hazırlaşan kollektivin uğurları barədə söhbət etmək üçün teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovla görüşdük.
- Mübariz müəllim, bir ay ərzində bir teatrın dörd səfərə çıxması az rast gəlinən və çox arzulanan hadisədir. Üstəlik, səhv etmirəmsə, indiyədək bizim heç bir tamaşamız Londonda oynanılmayıb.
- Bəli, ilk dəfə idi ki, Azərbaycan teatrı Londonda tamaşa göstərirdi. Bizi bu səfərə Böyük Britaniyada fəaliyyət göstərən «UMUD» şirkəti dəvət etmişdi. Şirkətin rəhbəri, soydaşımız Şahlar Əlicanlı on beş ildir Londonda yaşayır. Vaxtilə Bakı Kamera Teatrında çalışıb, teatrı çox sevən bir adamdır. Səfərlə bağlı xərclərimizi Mədəniyyət və Turizm Nazirliyi ödəyirdi, Londonda müvafiq təşkilati işlər isə Şahlar Əlicanlının üzərinə düşdü. O, hansı tamaşanı aparmaq seçimini də bizim ixtiyarımıza vermişdi. Ona görə də düşündük ki, biz ilk dəfə Londonda mütləq Mirzə Fətəli Axundzadənin əsərini oynamalıyıq. Üstəlik, bizdə «Hekayəti-xırs-quldurbasan» tamaşasının iki variantı var: stasionar variantını teatrda oynayırıq, yalnız əsas personajların iştirak etdiyi daha kompakt quruluşu isə qastrol zamanı göstəririk.
Londonda mayın 29-da təxminən 800 nəfər tamaşaçı tutan “Logan Holl” salonunda çıxış etdik. Tamaşaya xeyli soydaşımız da gəlmişdi. Nümayişdən əvvəl çıxış edərək onları 28 May - Respublika Günü münasibətilə təbrik etdim, Azərbaycan mədəniyyətinin dünyada təbliği ilə bağlı dövlətimiz tərəfindən görülən işlərdən danışdım, Axundzadənin yaradıcılığı barədə qısa məlumat verib aktyorları təqdim etdim.
- Səfər sizdə hansı təəssüratı oyatdı?
- Londonda xeyli azərbaycanlı yaşayır. Onlar özlərinə güzəran düzəldiblər, ailə qurublar, övladları var. Amma mən hiss etdim ki, onların Vətən ilə mədəni ünsiyyətə ehtiyacı var. Onlarla söhbət edəndə dedilər ki, sizin tamaşaya baxanda elə bildik ki, Bakıda, Gənc Tamaşaçılar Teatrındayıq. Biz isə çalışdıq ki, bir həftə ərzində Londonun görməli yerlərini, muzeyləri gəzək. Londonda teatrlara biletlər bir-iki ay əvvəl satıldığından tamaşalara baxa bilmədik. Orada bir qayda var: tamaşa olmadıqda da qədim teatr binalarına muzey kimi ekskursiya etmək mümkündür. Muzeylərə, Kral teatrına, «Qlobus» teatrına gəzintilər bizim üçün çox maraqlı oldu.
- Siz Londonda olarkən başqa bir qrup Rusiyaya yola düşdü...
- Mayın 27-də Rusiya Federasiyasının Orenburq vilayətində VIII beynəlxalq «Qostinıy dvor» teatr festivalında bizim teatr Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi L.Nurenin «Mən gəldim, qızlar» («Müharibə») tamaşası ilə çıxış etdi. Tamaşadan sonra teatrşünas və teatr tənqidçilərindən ibarət münsiflər heyəti bizim tamaşanı təhlil edərək, xoş fikirlər söyləyiblər. Təbii ki, xarici ölkə teatrşünaslarının Azərbaycan teatrı barədə bu yüksək fikri bizim üçün qürurvericidir.
- Mayın üçüncü ongünlüyündə başqa bir festivalda da çıxış etmisiniz...
- Mayın 21-dən 26-dək Moskva vilayətinin Lobnya şəhərində keçirilən «Rus klassikası» teatr festivalında Əməkdar artist Şövqi Hüseynov N.Qoqolun «Dəlinin qeydləri» monotamaşası ilə Azərbaycan teatrını təmsil etdi. O, «Hekayəti-xırs-quldurbasan»da Tarverdini oynadığı üçün festivalın başa çatmasını gözləməyib, geri qayıtmışdı. Biz Londonda olanda xəbər tutduq ki, bizim tamaşa Lobnya festivalında «Ən yaxşı monotamaşa» və «Azərbaycan teatr mədəniyyətinin rus klassikası ilə parlaq əlaqələri» nominasiyaları üzrə diplom və mükafata layiq görülüb.
- May ayındakı ilk festival uğurunuz isə «Qoca kloun»la başlamışdı...
- Mayın ilk günlərində Türkiyənin Trabzon şəhərində XVII Qara dəniz ölkələri teatr festivalında bizim teatr Əməkdar artist Nicat Kazımovun quruluşunda rumın dramaturqu M.Vişnekin «Qoca kloun» tamaşasını təqdim etdi. Gənc Tamaşaçılar Teatrı ilk dəfə idi ki, bu festivala qatılırdı, hərçənd bizdən əvvəl Azərbaycan teatrları bu teatr festivalında uğurla çıxış edib. Trabzon festivalının açılış törəninin açıq havada keçirilməsi mənim çox xoşuma gəldi. Ümumiyyətlə, Türkiyədə teatr festivalı təşkil etmək ənənəsi inkişaf edib, bu işdə onlardan öyrənmək lazımdır.
- Mübariz müəllim, bu səfərlər artıq tarixi fakta çevrildi. Qarşıda hansı səfərlər gözlənilir?
- Oktyabr ayının 1-dən 7-dək Rusiyanın Perm şəhərində keçiriləcək Martin MakDonax adına 2-ci beynəlxalq festivala dəvət almışıq. Birinci festivalda «Yalqız qəlb» tamaşası ilə iştirak etmişdik. Bu dəfə M.MakDonaxın repertuarımızdakı «Gözəllik kraliçası» və «Konnemarada bir kəllə» əsərləri dəvətlidir. Sağlıq olsun.
Hələliksə, teatrda tamaşalarımız oynanılır, iyun ayında mövsümün son iki premyerasını təhvil verəcəyik. Buyurun, gəlin, bütün teatrsevərləri Gənc Tamaşaçılar Teatrında görməyə şadıq.
Gülcahan Mirməmməd