Teatr mövsümü başa çatmaqdadır. Son illər teatrlarımızda mövsümə təntənəli yekun vurmaq, fərqlənənləri mükafatlandırmaq ənənəsi də formalaşır. Azərbaycan Dövlət Musiqili Teatrı da bu mövsümün uğurlarından danışmaq, təsis etdiyi nominasiyalar üzrə mükafatları təqdim etmək üçün iyulun 4-də təntənəli mərasim düzənlədi. Paytaxtın digər teatr əməkdaşlarının, mədəniyyət yazarlarının da qatıldığı tədbirdə həmişə tamaşaçılara gülüş, xoş əhval-ruhiyyə bəxş edən kollektiv bu dəfə özü üçün, sənət həmkarları üçün deyib-güldü.

Balet truppasının çıxışı ilə başlayan tədbiri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev aparırdı. Direktor bu il hazırlanmış tamaşalardan, ayrı-ayrı solistlərin müxtəlif sənət yarışması və festivallarda qazandıqları uğurlardan danışdı, mövsüm ərzində bir neçə nəfərin fəxri ada layiq görülməsini dövlətimizin və ölkə başçısının teatr işçilərinə qayğısının təzahürü kimi qiymətləndirdi.
«Mən aktyoram, aktyor» mahnı-balladasının müəllifi Elza Seyidcahan və teatrın aktyoru, Əməkdar artist Əkbər Əliyevin dueti tədbirin ilk musiqi sovqatı oldu.
Sonra musiqi və rəqs nömrələri ilə növbələşən təqdimatlar başladı. Təltif edilənlərin əsasən gənclər olduğu nəzərə alındığından onlara mükafatları xalq artistləri, rejissor Cənnət Səlimova, aktyorlar - İlham Namiq Kamal və Afaq Bəşirqızı, baş dirijor, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rejissor, Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu baletmeyster Leyla Ağayeva təqdim edirdi.
Beləliklə, Aydan Həsənova və Əmrah Dadaşov Azərbaycan bölməsi, Əməkdar artist Nərgiz Kərimova və Nicat Əli rus bölməsi üzrə «Mövsümün debütü», Nigar Qarayeva və Səmədzadə Xasıyev müvafiq olaraq «Mövsümün perspektivli aktrisası» və «Mövsümün perspektivli aktyoru» kimi fərqləndirildilər. Ağaxan Şərifov «Mövsümün ən məhsuldar aktyoru», Ülviyyə Əliyeva «Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı» elan edildi. Bu mövsümdə truppaya qəbul edilmiş populyar müğənni, Əməkdar artist Almaz Ələsgərova isə «Mövsümün sevilən aktrisası» nominasiyasının qalibi oldu. Çoxsahəli kollektivdə çalışan musiqiçilər, balet və xor artistləri də unudulmamışdı. Orkestrin solisti Tofiq Seyidəmirov «Mösümün ən yaxşı musiqiçisi», Fərid Rzayev «Mövsümün ən yaxşı xor artisti», may ayında Bakıda keçirilmiş Qəmər Almaszadə adına I Bakı Beynəlxalq Klassik və Milli Rəqs Müsabiqəsinin qalibi Cəlalə Novruzlu «Mövsümün ən yaxşı balet artisti» kimi mükafatlandırıldı.
«Mövsümün ən yaxşı texniki işçisi» və «Mövsümün ən işgüzar işçisi» kimi seçilən İfadə Bağırovanı və Vidadi Həsənovu kollektivin çox sevdiyi alqışların gurluğundan bəlli olurdu.
Mərhum aktyor Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi «Büllur alma» mükafatı isə Xalq artisti, professor İlham Namiq Kamala və gənc aktyor Hüseyn Əliliyə təqdim edildi.
Nəhayət, mövsümün ən yaxşı tamaşası ilə ən yaxşı aktyor və aktrisanın adları açıqlandı. Elçinin hekayələri əsasında hazırlanmış «Baladadaşın toy hamamı» və «Min bir gecə» nağıllarının motivləri əsasında qurulmuş «999-cu gecə» tamaşaları Bədii Şurada eyni səs topladığı üçün hər iki əsər bu mükafatı paylaşdı. Gənc aktrisa Mehriban Zalıyeva ilə Əməkdar artist Çingiz Əhmədov isə mövsümün ən yaxşı aktrisa və aktyoru seçildilər.
Mərasimin həm də teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin 60 illik yubileyinə təsadüf etməsi əlavə bayram ovqatı yaratmışdı. Əliqismət müəllimə uzun illər çalışdığı, «gəncliyimin və arzularımın diyarı» adlandırdığı Naxçıvandan muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun göndərdiyi təbrik məktubu oxundu. Tanınmış teatr xadimi ilə uzun illər çiyin-çiyinə çalışmış Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin kollektivi şəxsən təbrikə gəlmişdi.
Bir sözlə, Musiqili Teatr öz yaradıcılıq istiqamətini və adını tam doğruldaraq, əsl bayram tədbiri ilə 106-cı teatr mövsümünə rəsmən yekun vurdu. Teatrın bu il üçün son tamaşası isə iyulun 17-də oynanılacaq. Kollektiv Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» musiqili komediyasını təqdim etdikdən sonra tamaşaçılarla sentyabr ayınadək sağollaşacaq.

G.Mirməmməd