Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından olan Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur.
Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulur. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib.
Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılır. Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənir. Görülən işlər teatrın kollektivini də çox sevindirir. Çünki burada yaradıcı fəaliyyət üçün hər cür şərait olacaq.