Deyəsən, «Medeya. Sekvensiya 001» tamaşası Azərbaycanda cari teatr mövsümünün ən son premyerası kimi sənət salnaməsinə düşəcək. Bu seçimdə və səhnə əsərinin adında qəribə bir mistika var: aktyor və zaman münasibəti barədə tamaşa-pritça ilə teatr mövsümü yekunlaşır... Üstəlik, yeni, axtarış və tapıntılarla dolu, “Yuğ”un məramına uyğun fərqli bir yanaşma ilə.
Tamaşadan söz açmazdan əvvəl onun məramını anlamaq üçün oxucuya bir-iki açıqlama verməliyik. Başlayaq elə tamaşanın adından. “Sekvensiya” sözü musiqi nəzəriyyəsində hər hansı musiqi kompozisiyasında ardıcıl təkrarı bildirən termin, həm poetik janr, arxaik mənada isə orta əsr Avropa musiqisində ansambl mənalarını verir. Əslində müəllif Vladimir Klimenkonun (rusdilli ədəbi-teatral məkanda daha çox Klim kimi tanınır) eyniadlı əsəri hər kəsə tanışdır. Qədim yunan dramaturgiyasının ən tanınmış nümunələrindən olan «Medeya» faciəsinə Sofokldan, Evripiddən üzü bəri onlarla müəllif müraciət edib. Əsatirdən faciə qəhrəmanına çevrilmiş Medeya Azərbaycan seyrçisinə iki tamaşadan tanışdır. Təxminən ötən əsrin 70-ci illərində Gəncə Dram Teatrı Evripidin, ondan bir neçə il sonra isə Milli Dram Teatrı J.Anuyun «Medeya» faciələrinə müraciət edib.
Azərbaycan Dövlət Yuğ Teatrının tamaşası apokrifik etiraf kimi nəzərdə tutulub ki, bu anlayışı da açıqlamağa ehtiyac duyuruq. Bu termin daha çox dini məna daşıyıb erkən xristianlıqda ali dini qurumun qəbul etmədiyi dini mətn, ədəbiyyatda isə artıq mövcud əsərdən bəhrələnərək yaradılmış əsər, daha açıq desək, plagiat deməkdir.
Klimenkonun «Medeya» ilə bağlı plagiatlığını bir tərəfə qoyub «yuğçular»ın müdafiəsinə qalxaq. İki gün öncə baxdığımız tamaşa plagiat deyildi. Əslində Klimenkonu da tam plagiatçı saymaq olmaz. Çünki onun qəhrəmanları Medeya yox, «Medeya»nı oynamağı ömür boyu arzulayan və artıq üzü qocalığa doğru gedən Yaşlı aktrisa, digəri isə Medeya obrazının tapşırıldığı, amma bu obrazı oynamağa heç də həvəs göstərməyən Cavan aktrisadır.
Bu tamaşanı iki aktrisanın bir səhnəni paylaşdığı paralel monotamaşa kimi də xarakterizə etmək olar. Sadəcə, onların - eyni sənətə qulluq edən, bir səhnəni paylaşan iki aktrisanın - əməkdar artistlər Sonaxnım Mikayılova və Gülzar Qurbanovanın Medeya ilə bağlı düşüncələri fərqlidir. I Medeya (Sonaxanım Mikayılova) ömrü boyu Medeyanı oynamaq arzusunda olub, amma rejissorlar onu bu obrazda görməyiblər. Teatrda iş günü olmayanda iş yerinə gəlib güzgüdən ona baxan əksi ilə mübarizəyə qalib gələcəyini zənn etməklə boş zal önündə öz arzusunu həyata keçirməyə can atır. II Medeya (Gülzar Qurbanova) isə Medeyanı niyə oynamalı olduğunun mənasını axtarır... Və tapa bilmir.
Beləcə, qocalığı «həyatın ona xəyanəti» hesab edən I Medeya ilə «həyatın xəyanət edə biləcəyinə» inanmayan II Medeya arasında savaş başlayır. Səhnədə sərgi eksponatı kimi postament üzərində qoyulmuş bıçaq dəsti, arada Medeyaların bıçaqla - əli qılınclı samuray jestlərinə bənzər hərəkətləri tamaşanı təftişə salır: axı, Stanislavski bizi öyrədib ki, divardan asılmış tüfəng mütləq son səhnədə açılmalıdır. Amma yox. Onlar bir-birlərini ölümcül yaralaya, nələrəsə xətər yetirə də bilərlər, amma Zamanı öldürə bilməzlər. Bu tamaşanın ruhunda, inikasında qədim yuğlama ünsürləri, pantomimika, no, kabuki teatr estetikasından elementlər, avanqardizm bir-birini ilk baxışda xaotik əvəzləyir.
Quruluşçu rejissor Mikayıl Mikayılovun həm də musiqi tərtibatçısı kimi seçdiyi, bəzən Malerin, Şnitkenin hələ də tam anlaşılmayan, heç zaman da geniş kütlənin qəbul etməyəcəyi əsərlərini xatırladan, bəzən isə monoton not yığını kimi beyinə işləyən səslər, ara-sıra yapon musiqisinin sədaları səhnədəki iki qadının - aktrisalıqdan çıxıb, övlad qatili olmamışdan əvvəlki və sonrakı fərqli Medeyalara çevrilən iki qadının qəlbinin, düşüncəsinin səsləri kimi təsir bağışlayır. Quruluşçu rəssam Umay Həsənovanın qırmızı və ağ işıqların keçidi ilə ovqatını dəyişdiyi məkanda həm həyatla, həm sənətlə, həm bir-biri, həm də öz-özləri ilə mübarizə aparan iki qadını geyim üzrə rəssam Leyla Əliyeva başdan-ayağa qara libasda geyindirib. «Ölümə görə yaşamağa, sevgiyə görə də gözləməyə dəyər» inanclı aktrisaların qəlbində yanan işıq da, onların həyatda bitməyən arzularının qəlbə düşən «kölgəsi» də daha qabarıq görünür. Bu tamaşanın daha bir personajı var. Dinməz-söyləməz ekran. Bu ekranda italyan neorealizminin dühaları Pazolininin, Fellininin filmlərindən kadrlar tamaşanın məğzini açır, həm də ömür boyu öz Fellinisinin zühurunu gözləməklə qocalan I Medeyanın bitməmiş arzularını yada salır.
«Medeya. Sekvensiya 001» bitir. Hər kəs teatrdan ayrılır. Amma teatr, baxdığımız tamaşanın təəssüratı bizdən ayrılmır. Baxdığının mənəvi həzmi üçün bir qədər zaman lazımdır. Kiminə bir az, kiminə bir az çox. Yeri gəlmişkən, tamaşanın adındakı 001 rəqəmi işarə edir ki, belə sekvensiyaların davamı gələcək... Olsun. Gələn mövsümü gözləyək.
Gülcahan Mirməmməd