Müəllif Türkiyədən, rejissor Azərbaycandan, ifaçılar Qaqauz Yerindən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov Moldova Respublikasına yaradıcılıq ezamiyyətindən qayıdıb. O, Moldovanın Qaqauz Yeri muxtar bölgəsində, Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında böyük türk yazıçısı Əziz Nesinin «Öldür məni, can-ciyər» pyesinə quruluş verib. Təxminən bir ay sürən məşqlərdən sonra məşhur əsərin qaqauz dilində «Öldür beni, ayolcum» adlı tamaşasının premyerası avqustun 28-də oynanılıb.
Quruluşçu rejissorla söhbətimizdə öncə onu Azərbaycanın beynəlxalq teatr əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfə münasibətilə təbrik etdik.
Nicat Kazımov ilk dəfə ölkəmizdən kənarda tamaşa hazırladığını bildirdi:
- Tanımadığın teatr, kollektiv ilə əməkdaşlıq adamda çox qəribə və xoş hislər oyadır. Qaqauz teatrının rəhbərliyi ilə şəxsi tanışlığın işgüzar münasibətə çevrilməsi də çox xoş bir hisdir. Onlar mənim hazırladığım tamaşaların videoyazılışına baxandan sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək Qaqauz Milli Teatrında əsər səhnələşdirməyimi istəmişdilər. Bakıda teatr mövsümü başa çatandan sonra Moldovaya getdim.
- Tamaşaya qoyulan əsəri kim seçmişdi?
- Təklif edilən bir neçə pyesin arasından qarşılıqlı razılıq əsasında Əziz Nesinin adıçəkilən pyesini seçdik. Mən Çadır-Lunqa şəhərinə çatanda isə məlum oldu ki, əsər qaqauzcaya rus dilindən tərcümə edilib. İkiqat çevirmə isə əsərin üslubuna, dilinə xeyli zərər vurmuşdu. Buna görə də teatrın baş rejissoru və direktoru ilə birlikdə 2-3 günə pyesi türkcədən qaqauzcaya çevirdik.
- Bildiyim qədər qaqauz dili o qədər də qəliz deyil.
- Məncə, Türkiyə türkcəsindən sonra Azərbaycan dilinə ən yaxın dil elə qaqauz dilidir. Buna görə də kollektivlə rahat anlaşdıq. Baxmayaraq ki, onlar əsasən rus dilində təhsil alır və danışırlar, amma bir neçə məşqdən sonra mən də qaqauz dilində danışmağa başladım. - Bu çox məşhur əsəri Azərbaycan-qaqauz teatr münasibətlərinin ilk nümunəsi hesab edə bilərik...
- Qeyd edim ki, tamaşanın quruluşçu rəssamı gənc azərbaycanlı rəssam Nigar Zeynallıdır. Nigarın ilk böyük işi olsa da, uğurlu eskizlər hazırlaya bilmişdi. Tamaşada aktyor heyətindən Valentina Gümüşlü (Sien), Natalya İvançuk (Diha), Anatolu Radulov, Renat Radov (Manyak), Natalya Monastırlı (Qadın), Dmitri Zirov (General) və Aleksandr Todiyev (İşçi), teatrın direktoru Mihail Konstantinov (qaz nəzarətçisi) çıxış edirlər.
- «Öldür məni, can-ciyər» pyesində cəmi üç obraz var. Amma siz yeddisinin adını çəkdiniz...
- Elədir. Mən əsərdə adı çəkilən, haqqında söz edilən kəsləri personaj kimi səhnəyə çıxardım. Yəni, iki qonşu qadının söhbət edərkən adını çəkdiyi General, İşçi, guya şəhərdə peyda olmuş Manyak da səhnədə görünürlər. Əgər yadınızdadırsa, mənim bütün tamaşalarım xeyirlə şərin mübarizəsi üstündə qurulur. Bu tamaşada da məqsədimə sadiq qaldım. «Öldür məni, can-ciyər» komediya olsa da, bu pyes ahıl yaşında tənha qalan insanların faciəsindən bəhs edir. Qadın qəhrəmanların adını eşidib üzünü görmədikləri, lakin gözəl oğlan kimi xəyal etdikləri Manyak tamaşanın sonunda şeytana çevrilir. Əsər tamaşaçılara demək istəyir ki, yaşından asılı olmayaraq, heç kəs şeytana uymamalıdır. Avqustun 28-də premyera oldu. Növbəti premyera sentyabrın 11-nə nəzərdə tutulub.
- Təbrik edirik. Bəs bizim necə, bu tamaşanı görmək şansımız varmı?
- Teatrın direktoru ilə birlikdə Qaqauz Yeri Muxtariyyətinin başçısı İrina Vlaxın qəbulunda oldum. Qaqauz teatrının Azərbaycana səfəri artıq ölkələrarası səviyyədə həll olunan məsələdir. Amma onu bilirəm ki, ayın 11-də ikinci premyeradan sonra Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrı Ukraynada keçiriləcək beynəlxalq teatr festivalında bu tamaşa ilə çıxış edəcək.
- Nicat müəllim, bəs doğma teatrda işlər necə gedir?
- İşə yenicə qayıtmışıq. Məzuniyyətə çıxmazdan əvvəl «Leyli və Məcnun»un məşqlərinə başlamışdıq, tamaşanın karkası hazırdır. Hazırda geyimlər tikilir. Sağlıq olsa, oktyabrın axırınadək tamaşanı təhvil verəcəyik. Bu ayın ortalarında Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanda keçiriləcək beynəlxalq tədbirdə Gənc Tamaşaçılar Teatrının repertuarında olan «Xeyir və Şər» (Nizami Gəncəvinin «Sirlər xəzinəsi» poemasının motivləri əsasında) tamaşası ilə çıxış edəcəyik.
G.Mirməmməd