Dövlət “Yuğ” Teatrı yeni mövsümün açılışına hazırlaşır. Teatr sentyabrın 20-də baş rejissor Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşası ilə teatrsevərləri salamlayacaq.
Tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdidir. Rolları əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova və Hikmət Rəhimov ifa edir.
Teatrda sentyabr ayında “Rindü-şeyda”, “Medeya. Sekvensiya 001”, “Kafkadan salam”, “Məhşər günü”, “Naməlum Axundzadə” tamaşaları da nümayiş olunacaq.
Kollektiv yeni mövsümdə L.Borxesin “Ölümsüzlük”, S.Moemin “Kilsə xidmətçisi”, Q.Makresin “Nəhəng qanadlı ahıl senyor”, O.Pamukun “Mənim adım qırmızı”, M. fon Maenbuqrun “Eybəcər”, Elçinin “Cəhənnəm sakinləri”, K.Abdullanın “Bir, iki, bizimki...” və s. əsərlərə müraciət etməyi planlaşdırır.