“İnanıram ki, beynəlxalq konfrans Azərbaycan və dünya teatr sənətinin inkişafı üçün birgə layihələrin hazırlanması baxımından da əhəmiyyətli olacaq”
Xəbər verdiyimiz kimi, 6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək.
Sentyabrın 6-da Azərbaycan Musiqili Teatrında beynəlxalq konfransa hazırlıqla bağlı toplantı keçirildi. Tədbirdə nazirliyin aidiyyəti şöbə və sektorlarının rəhbər və əməkdaşları, Bakıda fəaliyyət göstərən teatrların direktorları iştirak edirdi. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev beynəlxalq teatr konfransının keçirilməsinin əhəmiyyətinə toxundu. Bildirdi ki, konfransın keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən aparıcı nəzəriyyəçilər, alimlər, rejissorlar və prodüserlərə müasir teatrın imkanlarını və qarşılaşdığı problemləri müzakirə etmək üçün platforma yaratmaqdır.
Builki konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Həmçinin konfrans çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər də keçiriləcək: “IV Bakı Beynəlxalq Teatr Konfransına maraq əvvəlki konfranslardan daha böyükdür. Konfransa 40-dan çox ölkədən 150-dək teatr mütəxəssisi qatılacaq. Dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərləri tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər. Müzakirə olunacaq məsələlər, treninqlərdə ediləcək məruzələr, ümumilikdə konfransın gündəminə çıxan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə, təbii ki, uğurlu nəticəyə, gələcək qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq”.
Konfransın mövzusunun Azərbaycan üçün xüsusi önəm daşıdığını vurğulayan Ədalət Vəliyev bildirdi ki, ölkəmiz tarixən mədəni zənginliyin, multikulturalizm ənənələrinin təşəkkül tapdığı məkan kimi tanınıb: “Bildiyimiz kimi, 2016-cı ili Prezident İlham Əliyev “Multikulturalizm ili” elan edib. Ölkəmizdə tarixən müxtəlif xalqlar öz mədəniyyətlərini yaşadıb və inkişaf etdirib. Bu, teatr sahəsində də təcəssümünü tapıb. Ölkəmizdə müxtəlif xalqların teatrları milli teatrımızla çiyin-çiyinə fəaliyyət göstərməklə ümumi mədəni irsin zənginləşməsinə xidmət edirlər. Bu gün multikulturalizm müasir dünyanın ən vacib mövzularından biridir və bu məsələnin teatr sənəti kontekstində müzakirəsi xüsusi maraq kəsb edir”.
Ədalət Vəliyev IV Bakı Beynəlxalq Teatr Konfransının yüksək səviyyədə keçirilməsi üçün bir sıra tapşırıqlar verdi. Tədbirin açılış və bağlanış mərasimlərinin təşkili, tərcüməçilərlə təminat, könüllülərin iştirakı, müxtəlif mədəni tədbirlərin keçirilməsi və konfransın mətbuatda daha geniş işıqlandırılması üçün görülməli olan işlər diqqətə çatdırıldı.
Nazir müavini vurğuladı ki, konfransda müzakirə ediləcək məsələlər dünya, eləcə də Azərbaycan teatrı üçün çox əhəmiyyətli olacaq: “İnanıram ki, beynəlxalq teatr konfransı çərçivəsində keçiriləcək çoxsaylı tədbirlər Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması və birgə layihələrin hazırlanması baxımından da əhəmiyyətli olacaq. Bunun üçün də konfrans həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılmalı, ölkəmizin mədəni həyatını tanıtmalıdır”.
Ədalət Vəliyev həmçinin 15-24 sentyabr tarixində keçiriləcək “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı və oktyabrın 22-dən 30-dək davam edəcək Bakı Caz Festivalına hazırlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Fariz Hüseynov