Sentyabrın 15-də "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalının açılışı oldu. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən festivalda yeddi ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri) teatrları iştirak edir.
Festival tədbirlərindən öncə mətbuat nümayəndələri üçün brifinq keçirildi. Brifinqdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın fəxri qonaqları - Rusiyadan tanınmış teatr tənqidçisi Valentina Fyodorova və Səudiyyə Ərəbistanından teatr mütəxəssisi və təşkilatçısı İbrahim Assiri iştirak edirdi.
Elxan Usubov qonaqları salamlayaraq bildirdi ki, son illər Şəki şəhərində müxtəlif beynəlxalq festivallar keçilir. İkinci dəfə təşkil olunan beynəlxalq teatr festivalı da bu baxımdan xüsusi anlam kəsb edir. 2014-cü ildə baş tutmuş birinci festivaldan sonra bu sənət bayramı da ənənəyə çevrilir. Əslində bu da təsadüfi deyil. Çünki Şəki zəngin teatr ənənələri olan şəhərdir.
İcra başçısı bildirdi ki, Şəkidəki teatr binasının əsaslı təmiri ölkə başçısının teatrsevər şəkililərə hədiyyəsidir. S.Rəhman adına Şəki Dövlət Dram Teatrı şəhər sakinlərinin sevimli istirahət və mədəni zövq məkanına çevrilib.
Elxan Usubov Şəki şəhərinin tarixi-mədəni irsi barədə də brifinq iştirakçılarına məlumat verdi. Vurğuladı ki, bu zənginlik, eləcə də füsunkar təbiəti, ləziz mətbəxi qədim şəhərin turizm imkanlarını genişləndirməyə imkan verir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev beynəlxalq miqyaslı mədəniyyət tədbirlərinin keçirilməsinə şərait yaratdığına görə Şəki şəhər rəhbərliyinə təşəkkür edərək, nazir Əbülfəs Qarayevin salamlarını tədbir iştirakçılarına çatdırdı.
Nazir müavini festivala qatılan ölkələr barədə məlumat verdikdən sonra bildirdi ki, gələcəkdə növbəti teatr festivallarına hər hansı bölgənin qoşulmasından asılı olmayaraq, bu festival həmişə Şəkinin adı ilə bağlı olacaq. Çünki Şəkinin bu adı daşımağa mənəvi haqqı çatır. Bu şəhər Azərbaycan peşəkar dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadəni bizə bəxş edib: “Ötən əsrin 70-80-ci illərində Şəki teatrı iştirak etdiyi beynəlxalq festival və müsabiqələrdən fəxri fərman və diplomlarla qayıdırdı. Şəki teatrının nəinki Azərbaycandakı, həm də o vaxtkı Sovetlər Birliyindəki digər teatrlardan seçilməsində böyük xidmətləri olmuş Vaqif Abasov ilə Hüseynağa Atakişiyevin ruhlarına rəhmət diləyirəm. O ki qaldı festival iştirakçılarına, əminəm ki, şəkililər və Şəkinin qonaqları maraqlı tamaşalara baxa biləcəklər”.
"Festivalda nümayiş etdiriləcək tamaşalar hansı prinsip əsasında seçilir" sualına cavab verən Ədalət Vəliyev bildirdi ki, heç bir mövzu və janr məhdudiyyəti yoxdur. Sadəcə, vaxt və tamaşada iştirakçı sayı ilə əlaqədar məhdudiyyət var ki, bunlar da daha çox texniki imkanlar üzündən irəli sürülür. "Üç məkan" festivalının təşkilat komitəsi bu sənət bayramında iştirak etmək istəyən 28 ölkədən 45 teatr kollektivinin yolladığı tamaşaların videolentinə baxdıqdan sonra seçim edib. Sentyabrın 25-dək davam edəcək festivalda ümumilikdə 12 tamaşa göstəriləcək. Bu tamaşaların 8-i Şəkidə, 3-ü Mingəçevirdə, 1 tamaşa isə Bakı şəhərində oynanılacaq.
Səudiyyə Ərəbistanında nəşr olunan "Əl-İttihad" qəzetinin təmsilçisinin ərəb ölkələri ilə Azərbaycanın teatr əlaqələrini necə canlandırmaq barədə sualına cavab olaraq, nazir müavini 6-10 noyabr tarixində Bakıda baş tutacaq IV Beynəlxalq teatr forumunu bu baxımdan əməkdaşlıq münasibətlərinin qurulması üçün mühüm platforma kimi diqqətə çatdırdı.
Moskvadan gəlmiş teatrşünas Valentina Fyodorova ona ünvanlanan "Azərbaycan teatrı barədə nə bilirsiniz və Rusiya-Azərbaycan teatr əlaqələrinin gələcəyini necə görürsünüz?" sualını belə cavablandırdı: "Mən təhsil aldığım illərdə SSRİ xalqlarının teatr tarixi" adlı fənn tədris olunurdu. Odur ki, müəyyən bir dövrə qədər Azərbaycan teatr tarixi barədə məlumatlıyam, sovetlər dönəmindəki qastrollar zamanı da sizin rejissorların hazırladıqları tamaşalara baxmışam. Təəssüf ki, ittifaqın dağılması ilə mədəni əlaqələrimiz qırıldı. Amma indi zaman yetişib, həmin mədəni əlaqələri bərpa etmək lazımdır".
"Mədəniyyət" qəzeti əməkdaşının Səudiyyə Ərəbistanından gəlmiş qonağa ünvanladığı “Bu gün Azərbaycanda "1001 gecə" nağıllarının motivləri əsasında tamaşalar oynanılır. Azərbaycan bəstəkarının "1001 gecə" baleti isə bütün dünyada məşhurdur. Bəs ərəb ədəbiyyatı, dramaturgiyası necə inkişaf edir, ölkələrimiz arasında teatr əlaqələrini necə inkişaf etdirə bilərik?" sualına cavabında İbrahim Assiri bildirdi ki, festivalda Birləşmiş Ərəb Əmirliklərinin teatr truppası çıxış edəcək. Biz kiçikdən böyüyədək hər kəsi maraqlandıra biləcək bir rəqs şousunu sizə nümayiş etdirəcəyik. Ümidvaram ki, Azərbaycan sənətçiləri ilə də işbirliyi qura, hətta birgə musiqili tamaşalar hazırlaya bilərik.
Brifinqdən sonra festivalın iştirakçıları və qonaqları ümummilli lider Heydər Əliyevin Şəkidə ucaldılmış abidəsini ziyarət etdilər.
Festivalın açılışı isə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirildi. Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində teatr tariximizdən bəhs edən fotosərgiyə baxdılar.
Mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdilər.
Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xalq artisti Azərpaşa Nemətin quruluşunda Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşasını təqdim etdi. Tamaşada əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Laləzar Mustafayeva, Əməkdar artist Kazım Abdullayev, aktyorlardan Anar Heybətov, Xədicə Novruzlu və başqaları oynayır.
Teatrsevərlərin alqışlarla qarşıladığı tamaşadan sonra teatrın kollektivinə Şəki Şəhər İcra Hakimiyyətinin xatirə hədiyyəsi və Mədəniyyət və Turizm Nazirliyinin diplomu təqdim olundu.
Sentyabrın 16-da festival çərçivəsində Dubay Bələdiyyə Teatrı “Mirvari günlər” tamaşasını təqdim edəcək.
Gülcahan Mirməmməd
Şəki