Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, kollektiv bu dəfə ölkəmizi ingilis dramaturqunun “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə təmsil edəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandıracaq.
Oktyabrın 1-dən 7-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Bosniya və Herseqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edəcək. Dövlət Gənc Tamaşaçılar Teatrının çıxışı oktyabrın 4-nə nəzərdə tutulub.
Qeyd edək ki, sənət ocağı iki il öncə sözügedən festivalda Martin MakDonaxın “Yalqız Qərb” əsərinin tamaşası ilə çıxış edib.