“Kino yarandı, ardınca da televiziya. Son illərdə internet hər şeyi üstələyir. Amma heç birinin teatra gücü çatmır. Teatr yaranandan bəri karvan kimi sakitcə yol gedir. Çünki yalnız teatrda insanla sənət arasında canlı ünsiyyət yaranır”.
Gərək teatrı nə qədər sevəsən ki, ona təkcə ömrünü həsr etməyəsən, həm də onun tarixini araşdırıb zərrə-zərrə topladığın məlumatları hər ay təkbaşına (!) tərtib edib buraxdığın qəzetdə hər kəslə səxavətlə bölüşəsən. Bəli, budəfəki müsahibimiz məhz belə bir sənət fədaisi və peşəkardır. Rusiyanın Əməkdar mədəniyyət işçisi, tanınmış teatrşünas və tənqidçi Valentina Fyodorova ilə II Şəki Beynəlxalq Teatr Festivalında tanış olduq. Azərbaycana ilk dəfə gələn, Bakının hüsnünə, Şəkinin təbiətinə və mətbəxinə heyran olan, gördüyü hər şeydə ilk növbədə pozitiv çalarları görən xanımla teatr, Azərbaycan, festival barədə maraqlı söhbətimiz oldu.
- Sizin Azərbaycana ilk gəlişiniz hər halda Azərbaycan mədəniyyəti və teatrı barədə heç bir məlumatınızın olmadığı demək deyil...
- Mən QİTİS-də (o zamankı Dövlət Teatr Sənəti İnstitutu) təhsil almışam. Biz «SSRİ xalqlarının milli teatrı» kursunu keçmişik. Odur ki, keçmiş ittifaq respublikası kimi Azərbaycan teatrının tarixi barədə müəyyən məlumatım var. Sonralar isə ölkə daxilində qastrol səfərləri, ezamiyyətlər olurdu deyə, bütün ittifaq ərazisində teatr prosesini izləyə bilirdim. Amma bir gün hər şey dağıldı və biz bir-birimizdən ayrı düşdük. Bununla belə, bizim - ömrünü teatra həsr etmiş adamların dostluğu davam edir. Çünki teatr sərhəd tanımayan bir sənətdir. Bu gün dünyada nə qədər desəniz, siyasi, iqtisadi böhran baş verir. Amma insanları mənən, ruhən birləşdirən sənət, dəyərlər bütün bunlardan üstündür. Biz müxtəlif dinlərə etiqad edən, dünyaya fərqli baxan insanlarıq. Bununla belə, əminik ki, sülh, nəciblik, humanizm, ailə, xoşbəxtlik, sevgi, insanın yaşamaq hüququ kimi dəyərlər var.
Bəli, bu gün biz Azərbaycanda nələr baş verdiyindən ittifaq zamanında olduğu qədər xəbərdar deyilik. Amma bizim böləcəyimiz heç nə yoxdur, əvəzində isə mədəni əlaqələri qurmaqla bir-birimizi qarşılıqlı olaraq zənginləşdirə bilərik.
- İlk dəfədir ki, Azərbaycandasınız, üstəlik, paytaxtdan xeyli uzaqda keçirilən beynəlxalq teatr bayramında iştirak edirsiniz...
- Azərbaycanda teatrın, incəsənətin inkişafının ölkə rəhbərliyinin, bu sahələrlə məşğul olmalı olan sahə rəhbərlərinin diqqət mərkəzində olması çox təqdirəlayiqdir. Bu, çox çətin və vacib işdir. Teatrın inkişafı naminə çalışanlar gələcək üçün işləyənlərdir. Belə baxanda deyirsən ki, tamaşanı oynadılar, sonra da çıxıb getdilər. Amma bu gün teatra gələn adamlar sabah az da olsa, yaxşılığa doğru dəyişəcəklər: daha həssas, daha nəcib, mənən daha zəngin olacaqlar! Çünki teatr - gələcəyə, gəncliyə qoyulan sərmayədir. Belə sərmayə heç vaxt itib-batmır.
- Siz mətbuatda fəal çıxış edirsiniz, hətta Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının «Vaxtanqoves» qəzetinin redaktoru və yeganə işçisisiniz.
- Bu qəzetin əsası 1936-cı ildə qoyulub. 1941-ci ildə müharibə başlayanda fəaliyyətini dayandırmışdı. 2012-ci ildə onu bərpa etdim. Qəzetdə teatrın tarixi, bu günü ilə bağlı yazılar dərc olunur. Tarixi materialları arxivlərdən, ayrı-ayrı şəxslərdən zərrə-zərrə toplayır və dərc edirik. Gəlin, razılaşaq ki, bugünkü tamaşaçı heç də geniş dünyagörüşünə malik, hər şey barədə məlumatlı tamaşaçı deyil. Məsələn, teatrda J.B.Molyerin "Zorən xəstə" əsəri səhnələşdirilir. Premyeradan əvvəl qəzetdə Molyer barədə, əsər haqqında yazı yerləşdiririk. İlk tamaşa oynanıldıqdan sonra mətbuatda dərc olunan resenziyaları səhifəyə qoyuruq. Təbii ki, özümüz resenziya yazmırıq: öz-özümüzü tərifləməyəcəyik ki?
- Bugünkü Vaxtanqov teatrı bölgələrdə necə, tanınırmı?
- Vaxtilə Rusiyada teatrlar bir-iki ay müddətinə qastrola çıxardılar. Pul həyatımızın ən vacib atributuna çevrildikdən sonra qastrollar qeybə çəkildi. Hərdən mən deyirəm ki, maliyyə sipəri dəmir pərdədən daha möhkəmdir. Bu gün uzaq bölgələrdən teatra baxmaq üçün Moskvaya gəlmək insanlar üçün çətindir. Amma bölgə sakinlərinin də teatrla ünsiyyəti mütləq olmalıdır. İki il əvvəl Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi «Böyük qastrollar» proqramına start verdi və bu işə böyük vəsait ayrıldı. Mənim əməkdaşlıq etdiyim Vaxtanqov adına teatr bu yaxınlarda Başqırdıstana qastroldan qayıdıb. Apardığımız 8 iri tamaşanı 15 dəfə oynadıq. 140 nəfərlik heyətlə, 4 ton yüklə səfərə çıxmaq çox ağır bir işdir. Lakin belə bir əziyyətə qatlaşmağa dəyər. Qastrol zamanı aktrisalardan biri mənə dedi ki, teatrda çalışdığım üçün daha peşman deyiləm. Bu qastrol böyük hadisə kimi qarşılandı. İncəsənət xalqın ayağına getməlidir. Bölgələrdə fəaliyyət göstərən teatrlar heç də zəif deyillər. Qastrol zamanı onlar da görürlər ki, daha yaxşı tamaşalar qoymaq olar. Digər Moskva teatrları da böyük qastrolları bərpa ediblər. Teatr məkanını yalnız bu cür birləşdirmək olar.
- Bayaq dediniz ki, vaxtilə Azərbaycan teatrı haqqında məlumatlarınız olub. Bəs bugünkü teatrımız barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, Azərbaycan teatrında çalışan insanlar, rejissorlar haqqında bildiklərim artıq tarixi fakta çevrilib. Bir zamanlar Tofiq Kazımovun tamaşalarını görmüşdüm, onun quruluşları barədə resenziyalar oxumuşdum. Sonralar bu əlaqələr qırıldı. Son illərdə yalnız sizin Rus Dram Teatrının quruluşunda M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» komediyasını Moskvada görmüşəm. Burada festivalın açılışında Akademik Milli Dram Teatrının «Ölülər» tamaşasını seyr etdim.
- Tamaşa sizdə hansı təəssüratı oyatdı?
- Hələ tələbəlik illərindən Cəlil Məmmədquluzadənin «Ölülər» pyesindən xəbərdaram. Zaman klassik əsərlərə hakim deyil. Əsərin mövzusu bu gün də aktualdır. Tamaşada məni heyran edən cəhət bilirsiniz, nə idi? Kütləvi səhnələrdə saydım: 18 nəfər eyni vaxtda səhnəyə çıxıb, amma heç biri sadəcə, dayanıb epizodun bitməsini gözləmir. Aktyorların hər biri məşğuldur, obrazdadır, kimsə o birinin arxasında gizlənmir. Hər bir obrazın ikinci planı tapılıb. Bəli, tamaşa bir qədər köhnədəblidir. Amma gəlin görək, «Ölülər»i necə müasirləşdirmək olar? Tamaşaçı onu qəbul edərmi? Şəxsən mən «Ölülər»i müasir geyimdə bu günün qəhrəmanları kimi görsəydim, tamaşada çox darıxardım.
- Haqlısınız. Amma belə bir fikir dolaşır ki, bütün dünyada teatr sənət aləmindəki mövqeyini itirib.
- Düzünü deyək, müxtəlif statistik hesablamalara görə, adətən əhalinin 5-10 faizi teatra gedir. Bilirsiniz, əyləncə, asudə vaxt keçirmə imkanları nə qədər çox olsa da, reklam nə qədər az olsa da, teatrı sevənlər mütləq ondan xəbər tutacaq, teatra gedəcək. Bir neçə teatr direktoru mənə etiraf edib ki, bu gün iri afişalara, bilbordlara ehtiyac yoxdur. Sosial şəbəkələrdəki ünsiyyət, şəbəkə istifadəçilərinin öz təəssüratını paylaşması salona daha çox tamaşaçı yığmağa imkan verir, nəinki televiziya, radio, ya da şəhər reklamı.
Teatr əbədi sənətdir. Özünüz düşünün, kino yarandı, ardınca da televiziya. Son illər də internet hər şeyi üstələyir. Amma heç birinin teatra gücü çatmır. Teatr yaranandan bəri karvan kimi sakitcə yol gedir. Çünki yalnız teatrda insanla sənət arasında canlı ünsiyyət yaranır. Aktyorun səhnədən tamaşaçıya baxaraq söylədiklərinin təsir gücünü virtual aləmdəki heç bir oyun, əyləncə əvəz edə bilməz. Mənim zənnimcə, teatr dünyanın bədii dərk formasıdır, dünyanı, ətraf mühiti anlamaq üçün bədii vasitədir. Bu işi peşəkar səhnədə peşəkarlar yerinə yetirməlidir. Teatrın mahiyyətini açmaq üçün çox məqamlara toxunmaq olar. Amma teatr üçün ən vacib və birinci cəhət oynanılan tamaşanın yüksək bədii həllidir.
- İlk dəfə iştirak etdiyiniz Şəki festivalı barədə nə deyə bilərsiniz?
- Mən çox şadam ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi teatr prosesini dəstəkləyir. Belə beynəlxalq festivalları ayrı-ayrı bölgələrə səpələmək uğurlu və uzaqgörən addımdır. İnanıram ki, təxminən üçüncü-dördüncü festivaldan sonra Şəki həm də teatral şəhər kimi şöhrət qazanacaq. Əhali görəndə ki, şəhərin rəhbərliyi teatra gəlir, tamaşalara həvəslə baxır, bu nümunə onları daha çox səfərbər edir, həvəsləndirir, kimsədən geri qalmamaq istəyi oyadır.
- Sizi Azərbaycanda bir də nə vaxt görəcəyik? Yəqin ki, növbəti festivalı gözləməli olmayacağıq...
- Noyabrda keçiriləcək beynəlxalq teatr konfransına dəvətliyəm... Yəqin ki, hər şey yaxşı olsa, Moskvadakı işlərimi nizamlaya bilsəm, gələcəyəm. Müxtəlif ölkələrdən teatr mütəxəssislərinin nələri müzakirə edəcəyi, nədən danışacağı mənim üçün də maraqlıdır.
Gülcahan Mirməmməd