“Əvvəlcə tamaşanı gürcü və rus dillərində hazırlamışdıq. Sonra öyrəndik ki, azərbaycanlı uşaqlar da bu tamaşaya baxmaq istəyirlər, amma dil maneəsi var. O zaman fikirləşdik ki, niyə onun başqa dillərdə də versiyasını hazırlamayaq?”
"Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı bizlərə təkcə maraqlı tamaşaları seyr etmək imkanı yaratmadı, həm də yaxın-uzaq ölkələrdən sənət adamları ilə ünsiyyət qazandırdı. Bu ölkələrdə teatr prosesindən, onların qarşılaşdıqları problemləri necə həll etdiklərindən xəbərdar olmaq bizi də maraqlandırırdı.
N.Dumbadze adına Peşəkar Dövlət Gənclər Teatrı (Tbilisi) Cənubi Qafqazda azsaylı ikidilli teatrlardan biridir. İki il əvvəl başlanan yeni layihə isə onu “poliqlot teatr”a çevirib. Teatr balacaları dünya klassik musiqisinə yaxınlaşdırmaq məqsədi daşıyan layihənin bir səhnə nümunəsini - İtaliya bəstəkarı C.Rossininin "Sevilya bərbəri" operası əsasında kukla tamaşasını Şəkidə də nümayiş etdirdi. Gürcülərin italyan operasını Azərbaycan dilində necə təqdim edəcəyi biz böyüklər üçün də maraqlı idi. Əslində, konsert səhnəsindən, estradadan alışıq olduğumuz fonoqramın teatr səhnəsinə adlamağı rast gəlinən olaydır. Amma necə?
...Tamaşa bitdi. Şəki məktəblilərinin çox maraq və coşqu ilə qarşıladığı, iştirakçılarını gül-çiçəyə qərq etdiyi "Sevilya bərbəri"ndən sonra teatrın beynəlxalq əlaqələrinə cavabdeh olan art-direktoru Sofya Dekanozaşvili və bu layihənin prodüseri Quri Zakareişvili ilə söhbət etdik.
Sofya: Gələn il teatrımızın 80 yaşı tamam olacaq. Yubileyə hazırlaşırıq. Vəzifəmiz isə dəyişməzdir: biz digər teatrlar üçün tamaşaçı yetişdiririk. Teatr tamaşalarına biletlər həm kassa üsulu ilə, həm də abonement üsulu ilə satılır. Təxminən iki yüz məktəb ilə əlaqə yaratmışıq. Təkcə Tbilisidəki deyil, həm də paytaxta yaxın regionlardakı məktəblərin şagirdləri ardıcıl olaraq, mövsümdə dörd dəfə bizim tamaşalara baxırlar. Repertuarımız bütün yaş qruplarını - məktəbəqədər və kiçik yaşlı məktəblilər, orta və yuxarı sinif şagirdləri - əhatə edir. Üstəlik, bizim tamaşalar ilə böyümüş yetkin yaşlı teatrsevərləri də nəzərə alaraq, onlar üçün də tamaşalar hazırlayırıq.
- «Üç məkan» festivalına kukla tamaşası gətirmisiniz. Halbuki dramatik teatr kimi tanınırsınız.
Sofya: Bəli, bizim teatr dramatik teatrdır. Repertuarımızda kukla tamaşaları isə çox az, bir neçə dənədir. Teatrın bazasında məşhur opera əsərlərinin kukla tamaşası kimi hazırlanması ayrıca bir layihədir. Dramatik aktyorların bəzisi kuklaları oynatmağı bacardığı üçün kukla tamaşalarında da çıxış edirlər. Truppamız böyükdür. Ştatda 109 aktyor çalışır. Onlarla yanaşı, 10-a yaxın uşaq da tamaşalarda çıxış edir. Hər gün teatrda 3-4 tamaşa oynanılır. Böyük səhnə ilə bərabər, kiçik səhnədə, eksperimental səhnədə tamaşa göstərilir.
- Bəs uşaqları necə seçirsiniz?
Sofya: Uşaqları kastinq yolu ilə seçirik. Məsələn, "Mauqli" tamaşasını hazırlayanda kastinq elan etdik ki, Mauqlinin uşaqlığını oynayacaq uşağı seçək. Xeyli ağıllı, istedadlı uşağın arasında seçim etdik.
- Repertuarda hansı müəlliflərə üstünlük verirsiniz?
Sofya: Teatrda Şekspirdən üzü bəri dünya və gürcü müəlliflərinin əsərləri tamaşaya qoyulur. Təbii ki, repertuarımızda nağıl tamaşaları da çoxdur. Həm gürcü, həm də başqa xalqların məşhur nağıllarını səhnələşdiririk.
- Bəs müasir gürcü dramaturqları necə, uşaqlar üçün əsərlər yazırlar?
Sofya: Bu baxımdan vəziyyət ürəkaçan deyil. Uşaqlar və yeniyetmələr üçün yazan demək olar ki, yoxdur. Ona görə də, əsasən klassik əsərlərə müraciət edirik.
- Mən yenidən "Sevilya bərbəri"nə qayıtmaq istəyirəm.
Sofya: Yaxşı olar ki, bu barədə layihənin prodüseri Quri Zakareişvili danışsın.
- Klassik opera əsərini kukla teatrı vasitəsilə uşaqlara çatdırmaq ideyası necə yarandı?
Quri: Mən peşəkar musiqiçiyəm, konservatoriya bitirmişəm. Layihəyə gəlincə, uşaqlara klassik musiqini, operanı sevdirmək üçün bu janrı onların anlayacağı tərzdə çatdırmaq lazımdır. Statistika sübut edir ki, insanların kiçik yaşlarından klassik musiqi dinlədiyi ölkələrdə cinayət hadisələrinin sayı 30 faiz aşağı olur. Bizdə, coşqun təbiətli qafqazlıların yaşadığı cəmiyyətdə də bu, vacibdir.
- Bəs niyə görə "Sevilya bərbəri"?
Quri: Biz belə qərara gəldik ki, ən məşhur əsərlərə müraciət edək. Bilirsiniz, az qala bütün uşaq nağılları sevənlərin qovuşması ilə bitir. Üstəlik, C.Rossininin "Sevilya bərbəri" operasının musiqi motivləri hər kəsə tanışdır. Buna görə də, biz onu seçdik. Aparıcı aktyorun operanın məzmununu danışması ilə opera parçalarının bir-birini əvəzləməsi ilə birlikdə bütün tamaşa cəmi 40 dəqiqə çəkir. Bizcə, böyük və klassik musiqi ilə ünsiyyət üçün bu qədər vaxt kifayətdir. Operanın lent yazıları arasından dahi Mariya Kallasın Rozina partiyasını ifa etdiyi lentə üstünlük verdik: uşaqlara hər şeyin yaxşısını vermək lazımdır.
- Siz bu tamaşanı Azərbaycan dilində təqdim etdiniz...
Sofya: Truppamız ikidilli olduğu üçün əvvəlcə tamaşanı gürcü və rus dillərində hazırlamışdıq. Sonra öyrəndik ki, Tbilisidə və bölgələrimizdə yaşayan azərbaycanlı uşaqlar da bu tamaşaya baxmaq istəyirlər, amma dil maneəsi var. O zaman fikirləşdik ki, niyə bu tamaşanın başqa dillərdə də versiyasını hazırlamayaq? Tbilisi televiziyasında Azərbaycan dilində xəbər buraxılışını hazırlayan dostlara müraciət etdik, onlar da mətni çevirdilər. Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının aktyor-rejissoru Turqay Vəlizadə həm Azərbaycan, həm də türk dilində tamaşanın mətnini səsləndirdi. Tamaşanın ingilis dilində də versiyası var. Şəkidə "Sevilya bərbəri"ni 130-cu dəfə oynadıq.
- Yəqin ki, bu layihə "Sevilya bərbəri"ni xaricə çıxarmaq imkanı da verir.
Quri: İndiyədək Türkiyədə, Ukraynada festival və qastrol səfərlərində çıxış etmişik. Hər yerdə də uşaqlar bu tamaşanı böyük maraqla qarşılayıblar. Layihəmizin davamı olacaq.
- Sonda hər ikinizə bir sualım var: Azərbaycanı, Şəkini necə gördünüz?
Sofya: Azərbaycanda ilk dəfə olduğumu deməyə utanıram... Şəkiyə heyran olmuşam. Noyabrda isə Bakıya beynəlxalq teatr konfransına gələcəyəm və paytaxtla da yaxından tanış olacağam.
Quri: İlk dəfə Bülbül adına müsabiqə ilk dəfə keçirilərkən ölkənizə gəlmişəm. Azərbaycan mənim üçün gözəl musiqinin və dostlarımın vətənidir. Bakıda özümü qonaq hesab etmirəm.
G.Mirməmməd