IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində
Azərbaycanın teatr ictimaiyyəti IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlaşır. 7-8 noyabr tarixində keçiriləcək konfransda 40-dək ölkədən teatr xadimləri, sənətşünas və teatr tənqidçiləri qatılacaq. Tədbir öncəsi tanınmış teatrşünasların iştirakçısı olduqları əvvəlki konfrans barədə mülahizələrini, eləcə də növbəti forumdan gözləntilərini oxucularımızla paylaşırıq. Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadədir.
- Ötən üç konfrans Azərbaycan teatrına nə verdi? Bizim dünya teatr prosesinə qoşulmağımıza necə təsir göstərdi?
- Mən həm bu konfransların təşkilat komitəsinin üzvü, həm iştirakçısı, iclasların moderatoru və məruzəçisi olmuşam, həm də bu konfransları bir teatrşünas kimi təhlilə çəkən analitik məqalələr yazmışam deyə, bu suala cavab vermək bir qədər çətindir. Odur ki, konfransı həm içəridən, həm də dışarıdan görüb qiymətləndirməyə çalışmışam.
Hər şeydən öncə onu deyim ki, Bakıda beynəlxalq teatr konfransının müntəzəm keçirilməsi olağanüstü bir hadisədir. Vaxtilə teatr sənətçiləri bunu heç xəyallarına da gətirə bilməzdilər ki, bu, gerçəkləşəsi bir proyektdir. Əlbəttə ki, mümkünsüzləri mümkün edən Azərbaycan Respublikasının müstəqillik deklarasiyasıdır, Azərbaycan dövlətinin ənənəvi və müasir mədəniyyət formalarının inkişafına spektral şəkildə mənəvi və maddi yardım göstərməsidir. Bu konfransların möhtəşəm tədbir kimi reallaşmasının bir mühüm səbəbi də 2007-ci ildə “Azərbaycanda teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamdır və bu tarixdən cəmi ikicə il ötüncə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq olunmasıdır. Faktiki surətdə bu, Azərbaycanın birinci şəxsi tərəfindən teatr sənətinə verilən kart-blanşdır.
Soruşursunuz ki, bu konfrans Azərbaycan teatrına nə verdi? Yəni bu konfransın səmərəsi nədir? Qarşılığında mən də soruşa bilərəm: bir ağacdan bar götürmək üçün neçə il lazımdır; neçə il sərasər qulluq etmək lazımdır ki, ağac qol-budaq atsın, böyüsün? İndi təsəvvür eləyin: Bakı Beynəlxalq Teatr Konfransı iki ildən bir olmaq şərtilə cəmi 6 gün yaşayıb! Bizsə istəyirik ki, konfransın real bəhrələrini toplayıb onları sapa düzək. Olurmu heç? Hərçənd konfransın ictimai-siyasi və kulturoloji səmərəsi göz önündədir və bunu hamı təsdiqləyir. Bakı Beynəlxalq Teatr Konfransının dəyəri heç də o deyil ki, kimlərsə gəlib bizə nəsə öyrətdilər. Əsla! Belə yanaşma tərzinin özü heç doğru-dürüst sayılmaz və artıq yetərincə köhnəlib. Söhbət bu ki, teatr konfransının iştirakçıları Azərbaycanın düşüncə məkanına, teatr məkanına müxtəlif fikirlər dağıdırlar, öz fərqli mövqelərindən məsələyə fərqli münasibət nümayiş etdirirlər, müasir dünya teatr prosesini fraqment-fraqment sanki bir mozaikaya yığmağa çalışırlar.
Bakı konfransı adi tədbir deyil, siyasi-kulturoloji aksiyadır, dünya teatr məkanına bir mesajdır və teatr sənətinin inkişafı ilə əlaqədar Dövlət Proqramının icrası yönündə mühüm addımdır. Bu addım bizi dünya teatr məkanına yaxınlaşdırır, dünya teatrının çağdaş tendensiyalarının Azərbaycana daxil olması üçün qapılar açır. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) “sərhədləri aşmaq, körpülər qurmaq” şüar-ideyasının həqiqəti də elə budur.
Bakı Beynəlxalq Teatr Konfransı öz qayəsinə görə dünya teatr ictimaiyyətilə əlaqələr şəbəkəsini qurmaq və bu şəbəkədə möhkəmlənmək imkanının ali formatıdır. Ona görə də burada Beynəlxalq Teatr İnstitutunun (BTİ), ASSİTEJ-in, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının, Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının təmsilçiliyi çox önəmlidir.
- Növbəti konfransdan gözləntiniz nədir?
- Qonaqları və bəlkə artıq dost-tanışları gözləyirəm. Ünsiyyət və bu ünsiyyətdən yenilənməyi gözləyirəm.
Gülcahan