Oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” pyesi əsasında “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru teatrın direktoru, Xalq artisti Azərpaşa Nemət, musiqi tərtibatçısı bəstəkar, Xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsərində Ağa Məhəmməd şah Qacar rolunu Xalq artisti Fuad Poladov canlandıracaq. Digər rolları Xalq artisti Laləzar Mustafayeva, əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov, Vidadi Həsənov, Mətləb Abdullayev, Kazım Abdullayev, Ayşad Məmmədov və başqaları ifa edəcəklər.
Dramatik səhnələr üzərində qurulan tamaşada Qacar obrazı bacarıqlı sərkərdə və dövlət başçısı, həm də öz taleyinin girdabında əzabçəkən insan obrazı kimi təsvir olunur.