Formula-1 Avropa Qran-pri yarışlarının Bakı mərhələsi dünyada böyük maraq doğurdu. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trekində gerçəkləşən yarışma Bakını Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi məşhur Formula-1 şəhərləri sırasına daxil etdi.
Formula-1 Bakı Qran-prisi dünya mediasının da diqqət mərkəzində idi. Fransanın “Kanal+” və “Kanal+sport” televiziyaları bütün mərhələləri canlı yayımlayıblar. Yarış barədə digər saytlarda da operativ məlumatlar yerləşdirilib.
“TF1” televiziyasının saytı yazır ki, Bakı trası gözəl memarlıq abidələri ilə əhatə olunub. Trasın köhnə məhəllələrdə yerləşən hissəsi Monakonu xatırladır. Fransanın www.lequipe.fr saytında həm Bakı Qran-prisi, həm də Azərbaycan barədə ətraflı məlumat verilib. Saytın Bakıya ezam olunan əməkdaşlarının xəbərində qeyd edilir ki, Azərbaycan Qafqazda Avropa ilə Asiyanın qovşağında yerləşir. Bu ölkə Avropaya aiddir və UEFA-nın üzvüdür. Azərbaycan idman vasitəsilə də özünü təbliğ etmək istəyir. Bakı çalışır ki, onu təkcə neftinə görə tanımasınlar. Azərbaycan paytaxtı 2015-ci ilin iyununda birinci Avropa Oyunlarını qəbul edib və indi ilk dəfə olaraq Formula-1 Avropa Qran-prisini keçirir. Saytda həmçinin pilotların Azərbaycan barədə xoş təəssüratlarına da geniş yer verilib.
“Nextgen-auto” saytı “Formula-1 - Azərbaycan: maraqlı faktlar” başlıqlı yazıda Bakıdakı yarış, paytaxtımız və Azərbaycan haqqında ətraflı məlumat verib.
Lüksemburqun “Lesentiel” saytında yerləşdirilən “Pilotlar Azərbaycanı kəşf edir” sərlövhəli məqalədə bildirilir ki, Azərbaycan tarixində ilk dəfə Formula-1 yarışına ev sahibliyi edir. Yazıda “Mercedes” komandasının nümayəndəsinin trekin çox maraqlı olması ilə bağlı fikirləri də diqqətə çatdırılıb.
Qeyd edək ki, müxtəlif xəbər portallarının Bakıdan hazırladıqları materialları Fransa, Belçika, İsveçrə və Lüksemburqun digər saytları da yayımlayıblar.
Çinin “Sinxua” rəsmi xəbər agentliyi, www.hinews.cn, www.sports.sina.com.cn, www.sports.163.com, www.f1.sports.sohu.com və digər idman portalları və informasiya vasitələri Bakı trekinin özünəməxsusluğundan, gərgin keçən mübarizədə “Mercedes”in pilotu Niko Rosberqin qələbəsindən söz açıb.
“Rossiya 24” kanalı Bakıda keçirilmiş Formula-1 Avropa Qran-prisinə dair ətraflı reportaj hazırlayıb.
Telekanalın müxbiri Pavel Melnikovun reportajında yarışların Bakı mərhələsinin yüksək səviyyədə təşkil edildiyi vurğulanıb. Qeyd olunub ki, təşkilatçılar qədim Bakının füsunkar memarlıq nümunələrinin qorunmasına xüsusi diqqətlə yanaşıblar. Qız qalasının və İçərişəhərin divarlarının zədələnməməsi üçün mühafizə işləri görülüb, trek dəmir və beton hasarlarla əhatə olunub.
Süjetdə yarışma ilə bağlı Bakıya gələn çoxsaylı turistlərin azərbaycanlılara xas qonaqpərvərliklə qarşılandığı qeyd edilib. Müxbirin fikirlərini öyrəndiyi avropalı turistlər Azərbaycan mətbəxinin ləziz nümunələrini məmnuniyyətlə daddıqlarını söyləyiblər. Bakıya yola düşməzdən əvvəl ölkəmiz haqqında məlumatlar əldə etdiyini, milli mətbəximizlə maraqlandığını bildirən britaniyalı və fransalı turistlərin düşbərə və dolmanın ləzzəti haqqında dedikləri reportajda xüsusilə diqqətə çatdırılıb. Reportajda yerli könüllülərin əməyindən də bəhs olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar