Oktyabrın 13-də Rusiya Federasiyasının B.Basanqov adına Kalmık Milli Dram Teatrının Bakıda qastrolu başlanıb. Bu il 80 yaşını qeyd edən teatr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır.

Üçgünlük qastrol səfərinə kollektiv balacalar üçün Y.Şyutskinin “Üç donuz balası” əsərinin tamaşasını və B.Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri “Qohumlar” tamaşasını gətiriblər.
Uşaq tamaşaları hər gün üç seans nümayiş etdirilir. Bununla yanaşı, ev sahibi və qonaq teatr birlikdə maraqlı eksperiment hazırlayıblar. Ötən teatr mövsümündə B.Basanqov adına teatrın bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Boris Manciyevin Bakıda hazırladığı “Qohumlar” tamaşası bu dəfə Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək.
Qastrolun ilk günü səhər seanslarında rus dilində nümayiş etdirilən “Üç donuz balası” tamaşasını balacalar maraqla izlədilər. Tamaşa Boz Canavarın Naf-Naf, Nif-Nif və Nuf-Nuf adlı qardaşları yemək istəyinə, Naf-Naf ilə Kəpənəyin dostluğuna, səhnədə baş verən bütün macəralara çevik reaksiyası, Kəpənəklə birgə rəqs etmələri ilə yadda qaldı.
Axşam isə “Qohumlar” demək olar ki, artıq doğmalaşmış iki teatr kollektivinin birgə ifasında təqdim olundu.
B.Basanqov adına Kalmık Milli Dram Teatrının Bakı qastrolu oktyabrın 14-15-də davam edəcək. Balaca tamaşaçılar saat 10.00, 12.00 və 14.00-da “Üç donuz balası”nın, böyüklər isə şənbə günü axşam qohumluq cəhdi alınmayan “Qohumlar”ın başına gələnlərdən xəbər tutacaqlar.

G.Mirməmməd