Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu avqustun 26-da Quba rayonunda olub.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon rəhbərliyi tərəfindən qarşılanan səfir və diplomatik korpus nümayəndələri burada əvvəlcə ümummilli liderin abidəsini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqlara Qubanın təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.
Səfərinin bölgə ilə tanışlıq məqsədi daşıdığını bildirən diplomat qeyd edib ki, gələcəkdə Gəncə, Şəki və başqa regionlara da səfərlər nəzərdə tutulub.
Sonra səfir Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və “Yaşıl teatr” ilə tanış olub.
Diplomatik korpus nümayəndələri Quba Tarix-Diyarşünaslıq Muzeyi və şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində olub. Xalça toxunması prosesini izləyən qonaqlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Daha sonra koreyalı səfir Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Qonağın diqqətinə çatdırılıb ki, məzarlıq 2007-ci ildə ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Memorial kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Səfir xatirə kitabına ürək sözlərini yazıb. Məzarlıqda gördüklərindən təsirləndiyini bildirən səfir Koreya və Azərbaycan xalqlarının dünyada sülhün bərqərar olması üçün səylərini əsirgəmədiyini qeyd edib.
Koreyalı diplomat Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə də olub, burada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşüb. Qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır. Qubada yerli əhali ilə qaynayıb-qarışan dağ yəhudiləri də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Səfir və diplomatik korpus nümayəndələri bölgəyə səfər çərçivəsində Quba şəhərinin görməli və tarixi yerləri ilə də yaxından tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar