Qubada ənənəvi Alma bayramına hazırlıq işlərinə başlanılıb. Bu il Alma bayramı oktyabrın 8-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq. 2012-ci ildən etibarən hər il keçirilən bayrama xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılır.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunacaq.
Bayram çərçivəsində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.