BMT Sivilizasiyalar Alyansının Bakı forumunun yekunlarına həsr olunmuş müsabiqə davam edir

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirir. Müsabiqənin məqsədi Azərbaycanın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması və BMT-nin Sivilizasiyalar Alyansının bu ilin 25-27 aprelində Bakıda keçirilən VII Qlobal Forumunun yekunlarının ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.
Müsabiqə elan olunan gündən (1 iyun 2016-cı il) ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
Yazıların qəbulu 31 oktyabr 2016-cı il tarixdə başa çatır.
Müsabiqədə I yer üçün bir mükafat (1000 manat), II yer üçün iki (hərəsi 800 manat), III yer üçün üç (500 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (300 manat) veriləcək.
Ətraflı məlumatı Mədəniyyət və Turizm Nazirliyinin və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun internet saytlarından əldə etmək olar.