Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlət başçısına məlumat verdi.
Bildirildi ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılıb. İşlər sentyabrda başa çatıb.
Qeyd edək ki, ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.
Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac əkilib, müasir işıqlandırma sistemi yaradılıb.
Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəl Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş “Daşın nəğməsi” beynəlxalq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.
Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir.
Yeni istirahət guşəsinin ərazisində uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb, velosipedçilər üçün hərəkət zolaqları salınıb, elektriklə işləyən nəqliyyat vasitələrinin enerjidoldurma stansiyası quraşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkdilər.
* * *
Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan “Qızılgül bağı” parkında yaradılan şəraitlə də tanış oldular. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev yeni salınan parkda görülən işlər barədə məlumat verdi.
Yeni park “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olunmayan Radio Mərkəzinin ərazisində salınıb. Parkın ümumi sahəsi 6300 kvadratmetrdir. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək. Təmir zamanı qədim binanın tarixi element və fiqurları yüksək keyfiyyətlə bərpa edilib.
Yeni salınan parkda paytaxt sakinlərinin və qonaqlarının mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Burada 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar