Oktyabrın 6-da AMEA Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi” mövzusunda təqdimat təşkil edilib. Təqdimatda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin müxtəlif şöbələrinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən aparıcı muzeylərin rəhbərləri, Dövlət Gömrük Komitəsinin əməkdaşı iştirak edib.
Tədbirdə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsinin yerli koordinatoru Alessandro Bianki “Maddi mədəni sərvətlərin ixracı” mövzusunda təqdimat edib.
Təqdimatda bu prosesləri tənzimləyən “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası” və “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nda əks olunan qaydalar müzakirə olunub, milli mədəni irsin qorunması şərtilə ölkəyə gələn turistlərin ölkədən aldıqları mədəni sərvətlərin ixracı zamanı ortaya çıxan çətinliklər diqqətə çatdırılıb və onların aradan qaldırılması üçün həll yolları təklif edilib.
Tvinninq layihəsi çərçivəsində yaxın gələcəkdə italiyalı ekspertlərin köməyi ilə Azərbaycanda mövcud qanunvericilikdə mədəni sərvətlərin ixracı ilə bağlı prosedurların daha da sürətləndirilməsi məqsədilə çoxtərəfli görüşün keçirilməsi qərara alınıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar