O vaxtlar yadımızdadır ki, bütün respublika bir telekanala baxardı. Saat 13.00 -dan 17.00 - dək fasilə və Moskvaya qoşulmalar öz yerində. Bu yeganə telekanal pis-yaxşı hər tamaşaçının zövqünü oxşayır, bütün sahələri az-çox əhatə edərdi.
Bu gün kanalların sayı çoxalıb, hamı 24 saat fasiləsiz işləyir. Əsasən hamı çalıb - oxuyur. Təki həmişə şadlıq olsun. Amma sənətçilərə eyni imkanlar yaradılırmı?
Hal-hazırda şou proqramlar 20 - 25 ifaçının ixtiyarına verilib. Kim toyda birinci oxudu, kimin maşını qırmızı işıqda keçdi, kim-kimin üzünə çırmaq atdı - tamaşaçı bunların hamısından halidir. Bu, bizim şou biznesimizdir.
Şou biznes - mədəniyyətin pulla ölçülən səviyyəsi ...
Korifey sənətkarlar az-az yada düşür. Özləri səslərini ucaltmasalar, musiqi redaktorları onları nəinki efirə, heç gecə yuxularına da buraxmazlar. Çünki onlar şou biznesdə deyillər.
Çox şükürlər ki, hələ müxtəlif mədəniyyət ocaqlarımızda çeşidli müsabiqələr keçirilir. Qalibləri "SMS yağışı" yox, sənətin nə olduğunu bilən korifey sənətçilər müəyyən edir. Ustad sənətkarın əlindən diplom alan gənclərlə söhbətim zamanı müəyyən oldu ki, onların ən böyük arzusu mahnılarını, heç olmasa, bir-iki dəfə geniş dinləyici auditoriyasına təqdim etməkdir:
"Radiolara üz tutursan, redaktorlar disklərə qulaq asır, mahnının mütləq efirdə səslənəcəyinə söz verirlər. Vətənpərvər mahnıya gəlincə isə adamı yüz faiz arxayın edirlər. Gəlirsən evə, oturub gözləyirsən amma..."
Düşünürəm, əgər bu mahnıların səviyyəsi olmasaydı, Ramiz Zöhrabov, Ramiz Mirişli, Fikrət Qoca, Arif Babayev, Nəriman Məmmədov kimi şəxsiyyətlər dəyərli vaxtlarını müsabiqələrə sərf etməzdilər.
Olmazmı ki, özəl telekanallarda hamıya bərabər şans verilsin? Demirəm hər yoldan ötən efirə buraxılsın. Kanallarda bədii şura yaradılsa, məncə bundan mədəniyyətimizə də xeyir dəyər. Əgər mahnını bir ay gündə 3 dəfə səsləndirən radio 2 min manat alırsa, şou-biznesdə olmayan sənətçilərdən mahnısını bir dəfə səsləndirmək üçün 100 manat ala bilər. Necə deyərlər, topdan və pərakəndə qiymətlər.
Hər bir layiqli əsərin işıq üzü görməyə haqqı var.
Mətanət Tağıyeva,
filologiya elmləri namizədi