Əyləncəli telekanalların bel sütunu teleseriallardır. Janrından asılı olmayaraq teleseriallar reytinq üzrə ən baxımlı televiziya layihəsidir. Onlar tamaşaçıların təbəqələşmə meyarı da ola bilir. Məsələn, lirik-dramatik-ailə-məişət serialları evdar qadın, komik-əyləncəli seriallar gənc, detektiv-döyüş serialları kişi tamaşaçıların «inhisarındadır». Seriallar üçün adətən, ailə-sevgi mövzusu daha işləkdir. Amma bacaran heyət mövzunu ikinci dərəcəli məsələ edə bilər. Azərbaycan teleefiri üçün serial mövzu asılılığından azad deyil. Çünki zövq, intellekt və maraq dairəsi hətta seriala baxmaq üçün də gərəklidir.
Serial mədəniyyəti son dövrlər inqilabi olmasa belə, dəyişikliklərə məruz qalıb. Məsələn, əvvəlki dövrlərdə yalnız Latın Amerikası ölkələrində çəkilmiş seriallara baxırdıqsa, daha sonra türk serialını izlədik. Bu dəyişikliyin ən strateji məqamı yerli serial çəkmək üçün alınmayan cəhdlər oldu. Yerli teleseriallar uğursuz oldu və bəyənilmədi. Bu məqamda "Bəyin oğurlanması" filmindəki məşhur epizod xatırlanmağa layiqdir: rejissor Əsəd müəlim (Həsən Turabov) Brodyaqaya baxıb deyinir: "Bizimkilər belədi də, öz filmimizə bir dəfə baxmırlar, amma onun-bunun filminə 43 dəfə baxırlar". Onda kəndli rejissora belə dürüst məntiqli, sadə bir cavab verir: "Siz də elə çəkin ki, inandırıcı olsun".
Yerli serial çəkilişi təcrübəsində ən çatışmayan nəsnə elə budur. Bu əhvalatlara inanmaq olmur. Serial müəllifləri hətta real məsələləri belə ekrana gətirərkən onları uydurur, şişirdir, dualistləşdirir, rəngləyir, hətta filmdə qəhrəmanlar barədə açıq rəylər belə verməkdən çəkinmir. Çünki onlar bunu ən savadsız, dünyadan bixəbər tamaşaçıya ünvanlayır. Guya serial tamaşaçısı mütləq belə olmalıdır. Necəsi budur ki, bu tip tamaşaçının beynini yorub kimin haqlı və kimin haqsız olduğu, yaxud da əksinə olan hallardan nəticə çıxarmağa hövsələ və düşüncəsi çatmadığında hər şeyi onun əvəzinə etmək, yəni personajları rəngləmək, mənfi və müsbət qəhrəman imici yaratmaq lazım gəlir. Pis və yaxşı qəhrəman ideyası sovetdənqalma düşüncə çürüntüləridir ki, bu kateqoriyaya son zamanlar bir səfeh, səy qəhrəman obrazı da əlavə olunub. Bu üçüncü tipaj hadisələrdə əhəmiyyətli rolu yalnız təsadüfən oynayır, tamaşaçıların gülüş və yüngül söyüşlərinə məruz qalır.
Azərbaycan teleefirində əhəmiyyətli dönüşü "Kurtlar vadisi" adlı türk serialı etdi. Bu serial yuxarıda sadalanan üç mövzunu birləşdirməklə yanaşı, mafiya mövzusunu da seriala gətirdi. Bu ərəfədə ciddi kino ilə maraqlanan Azərbaycan tamaşaçısı türk seriallarından birinin ("Asmalı konak") titrlərində məşhur isim (Çağan İrmak - ödüllər qazanmış "Babam və oğlum" filminin müəllifi) gördükdə çaşdı və seriala ciddi əsər kimi yanaşmaq istədi. Bu zaman yerli serial çəkən rejissorlarımız baxımlı türk seriallarını imitasiya edir ("Sirat körpüsü", "Qonşular") və yaxud Latın Amerikası ölkələrində hazırlanmış serialların milli mentalitetə uyğunlaşdırılmış variantlarını çəkirdi.
"Qızlar" serialı da tamaşaçılar tərəfindən bəyənilmədi. Deməli, ciddi filmlər (bu qəribə ifadə rejissorların özünə məxsusdur) çəkmək arzusunda olan Azərbaycan rejissorları serial çəkməyi bacarmırlar. Səbəb? Çox sadə və gülməlidir.Ona görə yox ki, bu "bayağı və səviyyəsiz" janrdır (ən azı belə olmadığını türk serialları sübut etdi), ona görə ki, yaradıcı insan üçün qəlib düşüncə ən böyük maneədir.
Kino bilicilərindən Türkiyə kinosunun inkişafı ilə bağlı müjdələr eşitməkdəyik. Halbuki, bayağı sevgi melodramları, pafoslu qəhrəmanlıq filmləri (Cüneyd Arkını xatırlasanız, kifayətdir) bu kinonun yaxın keçmişidir.
Türklər zamanında camaatın zövqünə uyğun, bayağı filmlər çəkməkdən çəkinmədilər. Bu minvalla inkişaf etdilər. Bizdə isə film çəkmək istəyən rejissorların əli-ayağı yerdən üzülür və onlar mütləq dahiyanə, ağıllı, düşünülmüş, hətta ədəbli filmlər çəkməyi öz qarşılarına məqsəd qoyurlar.
Məqsədli işin (xüsusən yaradıcı işin) səmimiyyəti şübhəlidir və uğursuzluğuna zəmanət verilir. Odur ki, film çəkərkən qarşıya qoyulmuş hər hansı məqsədlər (məsələn, vətənpərvərlik, milli təbliğat, dünyaya çıxmaq, hətta Qarabağ problemini görükdürmək kimi) içində ən yaxşısı kommersiyadır. Kommersiya yaradıcı heyəti tamaşaçıya birbaşa bağlayan yeganə nəsnədir. İnsanın tələbatı isə antik zamanlardan bəri dəyişmir - "Çörək və tamaşa!"
Aliyə