Nəyi necə etməyi bilirmi?

Dünən film direktoru, bədii rəhbər adlandırdığımız şəxsi bu gün prodüser, menecer və ya başqa bir əcnəbi sözlərlə çağırırıq. Amma əslində bu sadəcə bir söz oyunu deyil. Adla yanaşı mahiyyət də dəyişib.  Kinematoqrafiyada prodüserin vəzifələri, ümumiyyətlə, onun kimliyi haqqında bir dəfə başqa bir səpkidə danışmışıq. «Kinoprodüser - filmin maliyyə - təşkilati məsələlərinə, çəkiliş prosesinə, yaradıcı  və texniki kadrların seçiminə nəzarət edən şəxsdir. O həm də, istehsal üçün nəzərdə tutulmuş vəsaitə və çəkilişlərin davametmə müddətinə cavabdehdir».
Yuxarıda deyilənlər keçmiş Sovet İttifaqında prodüser ixtisasına verilən ümumi tərifdir.

Qazaxıstan, Qırğızıstan kimi respublikalarda rejissorlar dünya kino arenasına çıxa bilmək üçün qərbli prodüserlərlə işləyirlər

Sosialist ölkələrində Qərbdə prodüser kimi tanınan şəxsin vəzifələrini qismən filmin direktoru yerinə yetirirdi. Qismən ona görə deyirik ki, Qərbdən fərqli olaraq bu ölkələrdə çəkiliş zamanı rejissor hakimi-mütləq olur, bütün proseslər -yaradıcı və texniki tərəf ondan asılı olur. Qərbdə - Hollivudda isə ssenarilər birinci prodüserin əlindən keçir. Filmi çəkəcək rejissoru da prodüser seçir. Yalnız Koppola, Spilberq kimi adı müvəffəqiyyətin rəmzi olan və Skorseze, Tarantino, Rodriqez kimi sistemdən asılı olmaq istəməyən müstəqil rejissorların riskə getməyə icazəsi var.

Sovet İttifaqı dağılandan sonra müstəqillik qazanan respublikaların əksəriyyətində kinoindustriya Qərb sistemi ilə ayaqlaşmağa çalışır və artıq bu və ya digər dərəcədə məqsədinə çatanlar da var. Məsələn, Qazaxıstan, Qırğızıstan kimi respublikalarda rejissorlar dünya kino arenasına çıxa bilmək üçün qərbli prodüserlərlə işləyirlər. Rusiyada isə yerli prodüser sistemi formalaşmağa başlayıb və hazırda öz bəhrəsini verməkdədir. 

Yaxın vaxtlara qədər çoxları elə bilirdi ki, prodüser məşhur  estrada müğənnilərinin telefonunu gəzdirən şəxsdir

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Azərbaycanda prodüser kəlməsi ilk dəfə, təxminən, 90-cı illərin sonlarında işlənməyə başlayıb - şou-biznes nümayəndələri tərəfindən. Yaxın vaxtlara qədər çoxları elə bilirdi ki, prodüser məşhur  estrada müğənnilərinin telefonunu gəzdirən, çamadanını daşıyan şəxsdir. Adətən, estrada ulduzları «mənim prodüserim» birləşməsindən istifadə edirdilər, lakin həmin şəxsin konkret hansı funksiyaları yerinə yetirdiyini dəqiqləşdirmirdilər. Bizim müğənnilər populyarlıq dərəcələrindən asılı olmayaraq, özləri olan yerdə başqa heç kimin avtoritetini qəbul etmirlər. Halbuki beynəlxalq standartlarda müğənninin, ulduzun özü qədər, onun prodüserinin də şəxsiyyəti, hətta imici mühüm rol oynayır.

Ümumiyyətlə, xaricdə prodüser yalnız kinoda  və ya şou-biznes sahəsinə aid ixtisas və termin deyil. Nəinki müğənnilərin, hətta aktyorların da prodüseri var. Çünki hamı qəti sürətdə əmindir ki, sənətçi sənəti ilə məşğul olmalıdır, yerdə qalan texniki-təşkilati işlər onun vəzifəsi deyil. Bu, bir aksiomdur.
Mövzu ilə əlaqədar ortaya çıxan daha bir problem bizdə prodüserin məşğulluq dairəsinin kinematoqrafiya və şou-bizneslə məhdudlaşdırmaqdır. Doğrudur, aradabir radio dalğalarında aparıcıların dilindən «prodüserimiz indi calaşdıracaq» cümləsini eşidirik və ya televiziya proqramlarının son titrlərində «verilişin prodüseri» kəlməsini oxuyuruq. Amma bunlar hələ də formal xarakter daşıyır.

Çünki əslində televiziya və radioda prodüserin iş sistemi, həyata keçirdiyi funksiyalar şou-biznes və film prodüserinin iş sistemi ilə oxşar olduğu qədər də fərqlidir. Məsələn, televiziyada hər bir proqrama - informatik verilişlərdən tutmuş tok-şoulara, oyunlara qədər - təkcə bir nəfər yox, bütöv bir prodüser komandası (iki və daha artıq şəxs) cavabdehdir. Və onlardan əlavə hər bir telekanalın baş prodüseri- kanala təqdim olunan bütün layihələri hamıdan əvvəl qəbul edən, onlarla tanış olan şəxs var. (Yerli telekanallarda bu vəzifəni əksər hallarda bədii rəhbər yerinə yetirir). Baş prodüser rəhbərlik etdiyi kanalın profilinə uyğun bildiyi proyektləri ya  direktorlar şurasının (əgər varsa) müzakirəsinə təqdim edir, ya da yaralı bildiyini birbaşa efirə verir. Bununla da prodüserin işi hələ tamamlanmır.

«Adın heç bir əhəmiyyəti yoxdur»

Teatr da prodüserin fəaliyyət göstərdiyi sahələrin siyahısına daxildir. Teatr prodüseri də, kinoprodüserlə təxminən, eyni işləri görür- əlbəttə, teatr sənətinin xüsusiyyətlərini nəzərə almaq şərti ilə. Avropada, xüsusilə ABŞ-da teatr o qədər də gəlirli sənət növü olmadığından kinematoqrafiya kimi  kütləviləşməyib. Yəqin, elə bu səbəbdən teatra getmək, tamaşaları izləmək yüksək zövqün, intellektin əlamətidir. O, maraqlı kampaniyada nahar zamanı zövqlə seçilən şəraba, yaxud ləzzətli yeməkdən sonra süfrəyə verilən desertə bənzəyir. Lakin ona verilən dəyəri qoruyub saxlamaq, tamaşaçı marağını itirməmək üçün teatr daima öz repertuarının rəngarəngliyinə, aktuallığına nəzarət etməlidir.  Bu isə yeni tamaşa, daha möhtəşəm quruluş, zəngin dekorasiya, əsas rollarda ulduz statusu daşıyan aktyorlar və digər teatrlarla rəqabət apara bilmək qabiliyyəti deməkdir.
Teatrı, tamaşanı yuxarıda saydığımız elementlərlə təmin etməksə prodüserin boynuna düşür. (Söhbət iri meqapolislərdə yerləşən məşhur teatrlardan gedir və studiya tipli teatrlara aidiyyəti yoxdur).      

Çoxlarımız elə bilirik ki, prodüser, menecer kimi yeni ixtisaslar müasir dövrün kaprizlərindəndir. Luis Kerollun belə bir fikri var: «Adın heç bir əhəmiyyəti yoxdur». Bəlkə də, hər şeyin öz yerində olduğu və hamının işinin adını yaxşı bildiyi ölkələrdə, doğrudan da, adın heç bir əhəmiyyəti yoxdur. 
Hələlik bu fikri bizə aid etmək mümkün deyil. Çünki biz bir çox sahələrdə nə işlə məşğul olduğumuzu bilmədiyimizdən bütün işləri birnəfəsə görməkdəyik.

İ.Hacılı