İctimai Televiziya isə bununla razı deyil

Məlumdur ki, sovet dönəmində  çəkilən Azərbaycan filmləri “Azərbaycanfilm” kinostudiyasının əmlakı hesab olunur. Bu filmlərin müəlliflərinin hüquqlarının qorunması ilə Azərbaycan Professional Kinorejissorlar Gildiyası məşğul olur. Telekanallar yayımladığı həmin filmlərin hər birinə görə “Azərbaycanfilm” kinostudiyasına müəyyən olunmuş məbləğı ödəməlidir. Amma son zamanlar İctimai Televiziya Rejissorlar Gildiyasının bu sahədə olan hüquqlarını tanımadığını bildirir. Hətta bununla bağlı veriliş də yayımlayaraq rejissor Ələkbər Muradovun narazılığını və Mədəniyyət və Turizm Nazirliyinin bu işə münasibətini nümayiş etdirdi. Buna qədər isə Rejissorlar Gildiyası İ TV-nin bu addımına qarşı iddia qaldıraraq qarşı tərəfi məhkəməyə verib. Məhkəmə artıq hazırlıq iclasını keçirib, fevralda isə işə baxılacaq. Bütün bunlarla bağlı biz hər üç tərəfin məsələyə münasibətini öyrəndik.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasından

Şahirə Tacəddin: “Bir müəllifin fikri və etirazı hələ hər şey demək deyil”

Azərbaycan Professional Rejissorlar Gildiyasının mətbuat xidmətinin rəhbəri Şahirə Tacəddin bildirdi ki, İ TV-nin efirində bir müəllifin (rejissorun ) fikri və etirazı hələ hər şey demək deyil: “Əlavə 200 müəllif var və onların da fikirləri bizə önəmlidir. Hələlik isə məhkəmə bitməmiş Rejissorlar Gildiyası heç bir fikir bildirmək istəmir. Çünki hər şeyi ədalət məhkəməsi araşdırıb həll edəcək”.

İctimai Televiziyadan

Tahir Məmmədov: “Azərbaycan filmlərinin yayımı ilə bağlı lisenziyanın verilməsində, həmin filmlərin yayım mexanizmində qanunvericiliyin tələbinə uyğun hərəkət etmək istəyirik”

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov bildirdi ki, İ TV bu məsələni qanun çərçivəsində həll olunmasının tərəfdarıdır: “Bu məsələdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi çox vacibdir. Bununla bağlı artıq Mədəniyyət və Turizm Nazirliyinin münasibəti var. İ TV-nin də mövqeyi bəllidir. Biz  Azərbaycan filmlərinin yayımı ilə bağlı lisenziyanın verilməsində, həmin filmlərin yayım mexanizmində qanunvericiliyin tələbinə uyğun hərəkət etmək istəyirik və ümid edirik ki, məhəkəmə ədalətli qərar verəcək”.

Mədəniyyət və Turizm Nazirliyindən

Cəmil Fərəcov: “İ TV reklamdan pul qazanırsa, deməli, kinostudiya ilə müqavilə bağlayıb, həmin filmlərə müəyyən olunmuş məbləği ödəməlidir”

Bütün bunlara isə  Mədəniyyət və Turizm Nazirliyinin Kino şobəsinin Milli filmlərin istehsalı sektorunun müdiri  Cəmil Fərəcovun münasibəti belə oldu: “İ TV “Azərbaycanfilm” kinostudiyası ilə müqavilə bağlamır. Kinorejissorlar Gildiyası özəl təşkilatdır. Bu təşkilat sadəcə kinematoqrafçıların, müəlliflərin hüquqlarını qoruyur. “Azərbaycanfilm” kinostudiyası dövlət təşkilatıdır, onun əməkdaşlarının yaradıcılıqdan kənar işləri aparmağa imkanı yoxdur. Bu səbəbdən onlar Kinorejissorlar Gildiyası ilə müqavilə bağlayıb bu işi onlara həvalə ediblər. İTV-dən başqa bütün telekanallar sovet dönəmində çəkilən filmlərin əmlak sahibi kimi kinostudiyaya müəyyən məbləği köçürür.

Azərbaycanfilm” kinostudiyası da bu məbləğin 18%-ni Kinorejissorlar Gildiyasına ödəyir ki, filmin müəlliflərinə çatdırılsın. 18%-in də 6%-i rejissor, 6%-i ssenari müəllifi və filmdə işləmiş digər məsul şəxslərə ödənilir. Bir daha qeyd edim ki, sovet dönəmində çəkilən filmlərimiz “Azərbaycanfilm” kinostudiyasının mülkiyyətidir. Bu əmlak onlarındır. Sadəcə Gildiya müəllif hüquqları ilə məşğuldur. İ TV reklamdan pul qazanırsa, deməli, kinostudiya ilə müqavilə bağlayıb, həmin filmlərə müəyyən olunmuş məbləği ödəməlidir. Amma müstəqillik dönəmində çəkilən filmlərin müəllif hüquqlarını isə Kinorejissorlar Gildiyası qoruyur. Qanun da bunu dəstəkləyir və inanıram ki, məhkəmədə Kinorejissorlar Gildiyası qalib gələcək”.

 İntiqam