Məqamında lazımi şeirdən istifadə olunanda xarakterin iç dünyası açılır, tamaşaçılar isə bezmir
  
   Amerika və ingilis kinosu artıq şeirdən kino çəkilişlərində geniş istifadə edir... Ortaya qəribə bir mənzərə çıxır. Türk filmlərində, səviyyəsindən asılı olmayaraq, bir çox mahnı növlərindən necə istifadə olunursa, şeirdən də Amerika və ingilis filmlərində elə istifadə olunur. Türk melodramlarında musiqinin həyata keçirdiyi duyğunu, sevgini, kədəri və başqa bu kimi hissləri Hollivudda şeir insanlara bəxş edir. Əziz Nesinin dili ilə desək “hər dörd nəfərdən beşinin şeir yazdığı” ölkəmizdə şeirin kinodakı, ssenarilərdəki istifadəsi olduqca məhduddur.
  
   Kino şüuraltına xitab edərkən, şeir buna kömək edir
  
   Bu sahədə elmi bir araşdırma, ya da film şeirlərinin antologiyası hazırlansa, vəziyyət aydınlaşar. ABŞ-da artıq film şeirlərinin antologiyasına hazırlıq başlayıb; kinosevərlərin dəstəyi ilə İnternetdən əldə olunan bilgilər; filmlərdə istifadə olunmuş şeirlər, misralar və dördlüklərin hələ 2004- cü ilin sentyabrında nəşr olunması planlaşdırılırdı.
   Kinoda şeirdən necə və hansı məqsədlər üçün istifadə olunmalıdır? Amerika və İngiltərədə rejissor və aktyorlar şeirdən istifadə edərək filmdəki bir xarakterin, ya da ümumi olaraq quruluşun necə mürəkkəbləşdiriləcəyini və beləliklə tamaşaçının necə təsirlənəcəyini yaxşı bilirlər. Məsələn, “Aşiq Şekspir” filmində Şekspirin şeirləri, “Ölü şairlər dərnəyi” filmində Lord Olfred Tennisonun misraları və s. filmlərdə şeirdən istifadə tamaşaçıda dramatik təsir yaratmaq baxımından düşünüləndən daha çox maraqlı nəticələr ortaya çıxarır. Bu baxımdan belə deyilə bilər ki, şeir səsli filmlər dövrünün başlanğıcından bəri kino aləmi üçün əla bir çözüm, bir təsir vasitəsi rolunu oynamışdır. Kino şüuraltına xitab edərkən, şeir buna kömək edir.
   “Sufinin sevgisi” filmində Kelvin Kleyn tərəfindən oxunan Emili Dikinsonun misraları, şeiri başa düşmək mümkün olmasa da, bədii ritm olaraq tamaşaçıya təsir edir. Körpə dayəsinin oxuduğu təsirdə qalaraq, bir xoşbəxtlik duyğusu ilə ürəyi necə çırpınırsa, şeirin yer aldığı bir filmi seyr edən tamaşaçı da eləcə həyəcanlanır. Şeir duyğuları, coşqunu ortaya çıxarır, musiqi filmlərindəki mahnı və rəqslərin vəzifəsini yerinə yetirir.
  
   Şeir oxumaq vaxta qənaətdir
  
   Poeziya özündə çox şeyləri ehtiva edir. İnsan hisslərini poeziya qədər bəlkə də heç nə ifadə edə bilmir. Buna misal olaraq «Boşanma» filmini göstərə biərik. Filmdə Parisdə yaşayan Naomi Vatts adlı amerikalı bir qadın şair kimi təqdim olunur. Naomi Vatts ikinci uşağa hamilə ikən bir başqa qadına vurulmuş həyat yoldaşı tərəfindən qəflətən tərk edilmişdir. Vatts yeni yayımlanmış qadın şairlər antologiyasını oxumaq üçün bir yerə dəvət olunur. Bu dəvətdə antologiyadan Anna Breydstritin «Sevgilimə və canıma» şeirini böyük həyəcan içərisində oxuyur. Şeirdə bir eşqin əbədi həyatla mükafatlandırılacağından söz açılır.
   Uyğulamalar çərçivəsində şeir filmdə həm də vaxt qazandırır. Şeir dilinin səviyyəsi, az sözlə çox şey anlatması kinonun sevdiyi bir özəllikdir. Merilin Monro «şeir oxumaq vaxta qənaətdir»- deyərək buna diqqət çəkmişdir. Eyni vəziyyət, ssenari yazarları üçün də birinci özəllikdir. Belə ki, məqamında lazımi şeirdən istifadə olunanda xarakterin iç dünyası açılır, tamaşaçılar isə bezmir.
   Vuddi Alen də filmlərində şeirdən bolluca istifadə edən rejissorlardandır. «Hanna və bacıları» filmində o, E.E.Cummingsin misralarından istifadə etmişdir. Emili Dikinson və Rilkenin misralarını Vuddi Alen filmlərində daha çox istifadə edir. Şeir, filmin daxilindəki hadisələrin tonunu dəyişdirərək səhnənin keyfiyyət səviyyəsini də yüksəldir.
   1995-ci ildə ekranlara çıxan “Ölü adam” filmində dialoqların içinə bütöv bir şeirin yerləşdirilməsi tamaşaçı tərəfindən gözəl qarşılanır. Bu film əslində Emili Dikinsonun “Həyatım dolu bir silah kimi durğun” şeirinin açıqlamasıdır.
   Şeirin ən uyğun və ən gözəl bir məqamlarda istifadə olunduğu film isə “84-cü Çerinq kross yolu”dur. Bu filmdə V.B.Yitsin şeirlərindən istifadə olunmuşdur.  

Aytək