«Yadında saxla, film alınıb satılan əmtəədir». Əmtəə sözünü eşidən kimi adamın gözünün önünə piştaxta, bir az sonra ağ xələtli satıcı gəlir. «Satduğ nəyün var?» - «Qərdeşim, iki Tarkovski, üç dənə də Koppola».
Əslinə qalsa, bu dialoqda qəribə heç nə yoxdur. Film alış-verişi məhz elə belə də olur. Sadəcə olaraq, dialoq şirin Bakı ləhcəsi ilə yox, ingilis və ya başqa bir Avropa dilində, məkan isə piştaxta arxası yox, moviemarketlər (kinobazarları) olur.
Azərbaycan mədəniyyətinin kommersiya janrının Üzeyir Hacıbəyov kimi dühası var. Təsadüfi deyil ki, müəllifin operettalarının kino variantları indi də tamaşaçı tərəfindən maraqla qarşılanır. Üzeyir Hacıbəyov traktovkasında kommersiya layihəsi tamaşaçını zövqlü, şirin yumorla əyləndirərək, acı həqiqətləri tamaşaçıya çatdırmaqdır. Müəllif mənfi qəhrəmanlarını alçaltmır, əksinə onların qüsurlarını sevə-sevə təsvir edir. Məhz bu xüsusiyyətinin sayəsində Hacıbəyov şedevrləri güclü maqnetik auraya malik olur. Ü.Hacıbəyov Azərbaycan kinematoqrafiyası üçün kommersiya filminin uğurlu hazır reseptini hazırlayıb gələcək nəsillərə əmanət edib.
Azərbaycan mentallığının tacir damarı çox güclüdür. Təqribən 15-20 ildən sonra post-sovet məkanında və Şərqi Avropada azərbaycanlı kino menecerlərinin liderlik etdiyini görsəniz təəccüblənməyin. Amma onların satdığı məhsulların Azərbaycan filmləri olmadığına da təəccüblənməyəcəyik. Çünki film satmaq başqa, kombinator beyin bam başqa. Yaxşı film üçün yaxşı prodüser lazımdır, yaxşı prodüserə isə kombinator beyin. Azərbaycan kinosu sovet dövründə də prodüsersizlikdən əziyyət çəkdi. Sovet kino modelində bu funksiyanı kino komitəsi, yerli kinofabrikin direktoru və studiya tərkibindəki birliklərin bədii rəhbərləri yerinə yetirirdi. Məhz bu şəxslər bilməli idilər ki, əgər Hüseyn Mehdiyev və Ramiz Rövşən tandemi Azərbaycan kinosuna orjinal filmlər bəxş edibsə, bu potensialın tam ifadəsi üçün şərait yaradılmalı idi. Əgər «Evlənmək istəyirəm» filmində Ə.Haqverdiyev nəsrinin ekranlaşdırılmasının uğurlu modeli tapılıbsa, bu model tirajlanmalıdır. Məhz bu şəxslər Azərbaycan kinosu ilə nəsri arasında yaradıcı körpünü qurmalı idilər.
Əslinə qalsa kinematoqrafiyada güclü şəxsiyyətlər üçün nə bürokratiya, nə də bazar heç vaxt problem olmayıb. A.Tarkovski, J.Kokto, J.L.Qodar, S.Paracanovun taleləri buna sübutdur. Passionar şəxsiyyət özündə güc tapıb bütün maneələrə qalib gəlir. Bu günədək azərbaycanlı kinorejissorun passionarlığı ailəsinin maddi tələblərini təmin etməyə, övladını kino institutuna düzəltməyə, həmkarının layihəsinə sahib çıxmağa çatır. Qumilyova görə heç bir vəzifəli və pullu şəxs passionarlığa təsir edə bilməz.
TV və Federiko Fellini
Fellini TV-ni yüksək sənət nümunələrini kütləviləşdirərək bayağılaşdırmaqda, kino, musiqi və təsviri sənəti ucuz məqsədlərlə eksplutasiya etməkdə suçlayırdı.
TV-lər respublikada kino istehsalının kəmiyyəti və keyfiyyətinin aşağı olmasında birbaşa məsuliyyət daşıyırlar. Piratçılığın qarşısı alındıqda TV-lər yerli istehsala investisiya qoymağa məcbur olacaq. Nəzərə alsaq ki, xarici filmin nümayiş hüququ ildə iki dəfədir, özünün istehsal etdiyin filmin nümayiş hüququnun isə limiti yoxdur. ABŞ-ın sanksiyaları ilə üz-üzə qalmış Rusiya kinosu məhz bu yolla öz inkişafının təməlini qoydu.
Azərbaycan kinosu
Vergilər, gömrük rüsumları, köhnəlmiş kinobüdcə standartları, yüksək faizli kreditlər, kinoprodüserlik ənənəsinin yoxluğu, azgəlirli kinematoqrafçılar və 5 manat verib stereo səsli kinozalda filmı seyr etməyi ağlına gətirməyən tamaşaçı. Bütün bunlar iqtisadiyyatdır. Azərbaycanda kinonu (istehsalçıları və prokatçıları) vergidən azad etmək yerli və xarici investorlar üçün şirnikləndirici amil ola bilər. Rusiya Nazirlər Kabineti bu güzəşti iki il müddətinə tətbiq etdi. Bu addımın nəticəsi: Rusiya kinobazarı üçün iki milyonluq büdcə orta büdcə sayılır. Yaxud da dost-doğmaca Azərbaycan klipləri. Kəmiyyət göstəricisi göz qabağındadır. Səbəbi? Vergidən azaddırlar.
Azərbaycana gətirilən kinolent üçün gömrük rüsumu da mənfi rol oynayır. Kinematoqrafiya sənayemizin bir sektorudur. Kinomuzun bugünkü halı sənaye masştablarından çox uzaqdır. Sənayenin bu sektorunun savadlı və çevik qərarlara ehtiyacı var. Buna görə də, Azərbaycan kinosunun gələcəyi təkcə Mədəniyyət və Turizm Nazirliyindən yox, həm də İqtisadi İnkşaf və Vergilər Nazirliklərindən asılıdır.
Heç bir kompleks keçirmədən cəsarətlə Rusiya kinematoqrafçılarının təcrübəsini yerli şəraitə uyğunlaşdıraraq tətbiq etməkdən ancaq uda bilərik. Vergi güzəştləri, ağıllı prokat siyasəti ancaq xeyirli bir nümunə ola bilər. Rusiya kinobazarının intibahının daha bir xüsusiyyəti maraqlıdır. TV-nin kinobazarının əsas oyunçulardan biri olması… «Birinci Kanal» Rusiya kinobazarının ən güclü oyunçusudur. «Gecə gözətçisi» və «Gündüz gözətçisi» layihələri həm büdcəsinə, həm də, gətirdiyi gəlirə görə liderdir. Rus kinosunun yeni Tarkovskisi adlandırılan Andrey Zvyaqintsevin Venesiya festivalının Qran-prisinə layiq görülmüş «Qayıdış» filmi «RenTV»nin məhsuludur. İtaliyanın «Rai», Fransanın «Antenn», İngiltərənin BBC kanallarının dünya kinosuna bəxş etdiyi şedevrləri yada salsaq, TV-nin kinonun inkişafında hansı rol oynaya biləcəyi tam aydın olar. Bu gün isə Azərbaycan TV-lərinin əksəriyyəti nəinki milli kinonun, həmçinin milli musiqinin, milli əxlaqi dəyərlərin qəbirqazanı rolunu oynayır.
Deyəsən, gözləmək zamanı çoxdan keçib.
Aytək