Ən yaxşı vestern
   
   Rejissor Sercio Leone 1966-cı ildə bu filmi çəkəndə belə uğur qazanacağını gözləmirdi. Amma yaradıcı kollektivin istedadlılardan ibarət olması filmin zəif alınmayacağından xəbər verirdi. Ssenari müəllifi - Sercio Leone, Luçano Viçensoni. Baş rollarda: Klint İstvud, Li Van Klif, Elay Uollax. Ssenari iki filmin motivləri əsasında yazılıb: Hərbi mövzulu İtaliya komediyası «Böyük müharibə»dən müharibənin fonundakı «qəhrəmanların» - avara və oğruların ideyası götürülüb. Digər film isə Çarli Çaplinin «Müsyö Verdü» filmidir. Buradan isə süjeti birləşdirən ideya götürülüb: «Bir qətl cinayət, min qətl isə qəhrəmanlıqdır. Miqyas hər şeyi bağışlayır».   

    XIX əsrin 60-cı illərində vətəndaş müharibəsi Amerikanı titrətdi. «Dollar trilogiyasının» son filmi üçün Sercio Leone məhz bu dövrü seçdi. Filmin süjeti çox sadədir: üç avantürüst 250 min dollara bərabər xəzinə axtarırlar. Onlardan ikisi yalnız məlumatın yarısını bilir, üçüncü isə onları təqib edib xəzinənin hamısını ələ keçirmək istəyir. Qəhrəmanların planlarını müharibə bir qədər pozsa da, onlar çətinliklərin öhdəsindən gəlir və pulla dolu sandığı qazıb çıxarırlar. Bundan sonra «yaxşı» və «qəddar» cütlüyü yetərincə orijinal şəkildə gəlirlərini bərabər bölürlər.
   «Yaxşı, pis və qəddar» filmi Sercio Leonenin komandasının ilk filmi oldu. Bu filmdə italiyalı rejissorun uğur qazanması üçün hər bir şərait var idi: Bəstəkar - Ennio Morrikone, operator - Tonino Delli Kolli, montaj - Nino Barali. Məhz bu üçlük Sercio Leone ilə birgə «Yaxşı, pis və qəddar», «Bir dəfə Amerikada», «Bir dəfə vəhşi Qərbdə» və «Bir ovuc dinamit» filmlərini yaradıb. Düzdür, sonuncu filmin operatoru Cüzeppe Rossolini olub. Kino çox çətin prosesdir və çəkiliş qrupu yalnız professionallardan ibarət olanda hit çəkmək mümkündür. Leone professionalları başına topladı və bütün zamanların ən yaxşı vesternini çəkdi...
   Bir çox mənada bu film Con Fordun «Süvari trilogiyasına» («Fort Apaçi», «O, sarı lent bağlayırdı» və «Rio-qrande»), daha dəqiq isə, onun 1959-cu ildə çəkdiyi vətəndaş müharibəsindən bəhs edən «Süvarilər» filminə cavab kimi çəkilmişdi. İş ondadır ki, Leone qəsdən özünün üçüncü «spaqetti - vesterni» üçün bu filmlərdən çox istifadə etmişdi. Məsələn, «Süvarilər» filmindən körpünün partladılması və düşərgədə hərbiçilərin şəkilləri olan epizodlar götürülüb; hətta İstvudun ölümcül əsgər ilə siqaretini bölüşdürdüyü səhnə bu filmdəndir. «Fort Apaç» filmindən də çox şeylər köçürülüb: Fortda əsirlər üçün düşərgədə keçirilən ağır hərbi təlim. Amma Leone Forddan fərqli olaraq müharibə haqqında ata-babalarından eşitməyib. Rejissor müharibədə iştirak da edib: o, insanların necə güllələndiyini görüb, hətta faşist patrullarından gizlənib. Məhz buna görə Leone müharibəni çox mənasız və axmaq fakt kimi göstərir, bunu heç bir izahat və səbəblərlə bağışlamaq olmaz. Fordun filmlərində insanlar müharibədə vətənpərvərliklərini saxlayırlar, onlarda yalnız yaxşı keyfiyyətlər formalaşır. Leone isə əksinə baş verənlərdə zorakılıq və mənasızlığı önə çəkərək göstərir ki, müharibə yalnız alçaqları yüksəldir.
   «Yaxşı, pis və qəddar»ın süjeti stereotiplərin oyunundan ibarətdir. Diqqət yetirin, filmin hər üç qəhrəmanının bir məqsədi var - 250 min dolları cibinə qoymaq. Amma onlardan hər biri məqsədinə çatmaq üçün müxtəlif yollardan istifadə edir. Biri zorlayır və öldürür (pis), ikincisi aldadır və oğurluq edir (qəddar), üçüncü isə hiylə işlədib varlanmaq istəsə də, ağır vətəndaş müharibəsi illərində insanlığını saxlamağa çalışır (yaxşı). Onlardan hər biri yalnız insani davranış variantını əks etdirir: belə hərəkət etmək yaxşıdır, belə isə pis. Süjetin əsasını da bu təşkil edir. Axı həyatda tamamilə pis, qəddar və ya yaxşı adam yoxdur. Həyatda bizim hamımızın daxilində Yaxşı, Pis və Qəddarlıqdan bir hissə var.
   Filosoflardan biri deyib: «Həyatda bütövlükdə xeyir və ya şər yoxdur, onlar yaşaya bilməzdilər, amma əvəzində adilik yaşayır». Adilik yaşayır, Leone də son nəticəyə belə gəlir. Pis ölür. Qəddar isə başına gələnlərdən sonra nisbətən yumşaq və xeyirxah olur. Yaxşı isə qəddarı kəndirdən asılmağa məcbur edib və yalnız uzaqdan onu güllə ilə vuranda sərrastlıq əldə edir. Adilik qalib gəlir. Amma Leonenin qəhrəmanları tamamilə mənfi olsalar da, özlərinə görə istedadlı və orijinaldırlar. Amma yenə də mənfi obrazlardır.
   Baxmayaraq ki, italiyalı rejissor təkcə stereotiplərin oyununu göstərmək istəmirdi, nəticədə o, filmdə avantüristlərin, şöhrətpərəst və bu dünyada təkbaşına uğur əldə edə bilən insanların yüksəliş dövrünü göstərdi.
   «Yaxşı, pis və qəddar» filminə quruluşçuların və operatorların gözəl iş nümunəsi kimi də baxmaq lazımdır. Təkcə filmin sonundakı üçlüyün duelinə baxmaq üçün iki saat yarım gözləməyə dəyər. Döyüş səhnələri isə sanki bir qədər diqqətsiz çəkilib: hər tərəf tozdur. Amma Leone Klint İstvud tərəfindən deyilən bir frazaya uyğun olması üçün məhz belə olmasını istəyirdi: «Heç vaxt görməmişdim ki, bu qədər insan boş-boşuna həyatlarını itirsinlər». Bəlkə də, bu ifadə bütün filmə bərabərdir. Axı insan həyatı hər hansı ideya və ya puldan üstündür. Amma onun dəyərini yalnız ölümü gördükdən sonra qiymətləndirmək olar, əsasən də döyüş meydanında. Ölüm isə gözəl ola bilməz...
   Təəssüf ki, dünyanın bir çox ölkələrində «Yaxşı, pis və qəddar» filmi montaj edilmiş versiyada - 162 dəqiqə verilib. Filmin rejissor versiyası 180 dəqiqədir, filmin çəkilişləri gedən İspaniyaya isə Leone 182 dəqiqəlik orijinal surəti təqdim edib - «Yaxşı, pis və qəddar» filmində Qraf Potoskinin «Saraqosda tapılmış əlyazma» qotik romanındakı sitatlardan istifadə edilib. Bu mikrosüjet iki düşməndən pulları götürüb, onları öldürən kirayə qatildən bəhs edir. «Mənə pul ödəyəndə həmişə işimi yerinə yetirirəm» - aforizmi bu kitabdandır.
   Tukonun qəbiristanlığa qaçdığı səhnədə gözlənilmədən kadra it daxil olur. Bu ideyanı melodramatiklikdən qaçmaq üçün rejissor özü fikirləşmişdi. Həm də heyvanın peyda olacağından aktyor Elay Uollaxın xəbəri yox idi. Ona görə də onun təəccübü təbii alınmışdı.
   Vestern janrı müasir dövrdə də dəbdə olsa da, filmlərin üslubları yetərincə dəyişib. Artıq qanqsterlər, mafiya çəkişmələri və s. müasir vesternin əsas mövzularıdır. Vestern mövzusunun kinodan yoxa çıxacağını düşünmək isə inandırıcı görünmür.
   
   Hazırladı: Aytək