Xasiyyəti qapalı olduğu üçün ona ”qara bəbir” ləqəbi vermişdilər
   
   Qadın gözəlliyinin bilicisi və onu layiqincə qiymətləndirməyi bacaran yazıçı Alberto Moravia Kardinaleni məşhur rəssam Renuarın çəkmiş olduğu “Gözəl qadın” portretinə bənzədir. İlk dəfə Klaudianı ekranda görən qələm sahibi aktrisa barədə belə demişdi: “Onun uşaq sifətinə bənzər üzü günəşə tərəf baxır... Bu dilsiz-ağızsız gözəlçə tezliklə İtaliya kinosunun bir nömrəli aktrisası olacaq”. Artıq ona qədər orta səviyyəli filmə çəkilmiş 21 yaşlı Kardinale haqqında yazıçının bu sözlərini heç kim ciddi qəbul etməmişdi. Çünki o işlər həm İtaliya, həm də dünya kino aləmində Cina Lollobricida, Sofi Loren, Monika Vitti və Bricit Bordo kimi ulduzlar parlayırdı.    

   Qarşıda Klaudianı Lukino Viskonti və Federiko Fellini ilə görüşlər gözləyirdi. O vaxta kimi gələcək kinoulduz heç italyan dilini də yaxşı bilmirdi. Ona doğma olan fransız dili idi. Aktrisanın mənsub olduğu ailənin bir neçə nəsli Tunisdə yaşayıb.
   Klaudia Kardinale 1939-cu il aprelin 15-də Tunisdə anadan olub. Orada liseyi bitirən yeniyetmə qız kəndlərin birində müəlliməlik etmək istəyirdi. Özünün ərəb xalqının bir hissəciyi hesab edən Klaudia Tunisi çox sevirdi. Onun kinoya çəkilməsi isə gözlənilməz oldu. İlk dəfə turist - reklam çarxında çadraya bürünmüş, yalnız gözləri görünən vəziyyətdə çəkilən 17 yaşlı qızı sonra fransız rejissoru Jak Baratye “Qoxa” filmində ərəb qızı roluna çəkilməyi təklif etdi. 1958-ci ildə ekranlara çıxan bu filmi tamaşaçılar yaxşı qəbul etdilər. Həmin ildə “Tunis gözəli” müsabiqəsində birinci yeri tutan Kardinale, mükafat olaraq bəynəlxalq Venesiya kinofestivalında iştirak etmək hüququnu qazanır...
   Kardinalenin ekran həyatı beləcə başladı. Tezliklə gənc aktrisanın iştirakı ilə çəkilən “Qızıl zəncirlər” lenti Berlin festivalında “Gümüş ayı” mükafatına layiq görülür. Sonra Klaudianın həyatının yetkinlik dövrü başlayır. 19 yaşlı aktrisanın Londonda Patrik adlı oğlu dünyaya gəlir. İtaliyaya qayıdan sonra Klaudia oğlunu kənddə bir dayənin yanında qoyur. Uşağın atasının kim olduğunu o, heç vaxt deməyəcək. Venesiyada gözəl, parlaq, ekzotik “cənub” qızını çox bəyəndilər. Kardinalenin fotoşəkilləri qəzet və jurnallarda çap olunmağa başlayır və o, çox populyar aktrisa olur. Nüfuzlu və imkanlı prodüser olan Franko Kristaldi Klaudianı nəzərdən qaçırmır və ona uzunmüddətli kontrakt təklif edir. “Vides” şirkətinin sahibi olan Kristaldi varlı olmaqdan əlavə, həm də cavan və cazibəli kişi idi. Tezliklə onlar evlənirlər. Bu izdivac Klaudianın aktrisalıq karyerasında böyük rol oynasa da, mətbuatda hay - küyə səbəb olur. Bu hay - küy Kardinalenin 9 yaşlı oğlunun Kristaldi tərəfindən oğulluğa götürülməsi üzündən baş verir. O vaxta kimi uşağın olmasını heç kim bilmirdi. İtalyan anaları Klaudianı əxlaqsızlıqda günahlandırırdılar.
   Güclü rəqiblərinin olmasına baxmayaraq, Kardinale İtaliya kinosunda təsdiqlənir və istedadına layiq mövqe tutur. 1958-ci ildə o, rejissor Mario Moniçellinin “Bədəməllər həmişə olduğu kimi naməlum qaldılar” komediyasında məşhur aktyorlar Marçello Mastrayanni və Toto ilə birlikdə çəkilir. Bundan sonra Kardinale rejissor M.Bolonyinin “Cazibəli Antonio” (1960), “La Viaçça” (1961), və “Zəiflik” (1962) adlı ekran əsərlərində müxtəlif səpkili rollar oynayır. Rejissor Peyetro Cerminin “Lənətə gəlmiş qarışıqlıq” və Luici Dzampanın “Hakim” filmlərində çəkilən Klaudia Kardinale filmin yaradıcı qrupu ilə bərabər ilk dəfə İtaliya kinematoqrafiyasında müasir burjua cəmiyyətinin mənəvi pozğunluğunu və ruh düşkünlüyünü göstərə bilib.
   Tamaşaçı sevgisini qazanan Kardinale bir - birinin ardınca “Çamadanla gəzən qız” (1960, rejissor B.Dzurlini), “Biganələr” (1963, rejissor F.Mazelli), “Buba üçün adaxlı” (1965, rejissor L.Komençini) filmlərdə çəkilir.
   Kardinalenin sənət bioqrafiyasında rejissor Lukino Viskontinin filmlərində oynadığı rollar əhəmiyyətli yer tutur;
   “Rokko və onun qardaşları” (1960), “Leopard” (1962), “Dumanlı ulduzlar” (1965), “İnteryerdə asılmış ailə portreti” (1947), habelə rejissor Federiko Fellinin “Səkkiz yarım” (1963) kinofilmlərini xüsusi qeyd etmək lazımdır.
   L.Viskonti “Leopard” filminin çəkilişinə hazırlaşarkən dərin hissiyyatlı və sadə ürəkli Anjelika rolunu əvvəlcə Romi Şnayderə həvalə etmək istəyirdi. Lakin sonradan onun seçimi Kardinale üzərinə düşdü. Klaudia bu barədə sonra belə demişdi: “Viskonti rolu necə ifa etməyi mənə başa saldı. Kamera qarşısında dayanmağı, sifət cizgilərinə nəzarət etməyi izah edirdi. O, məni daha gözəl etdi. Heç bir rejissor Lukino kimi aktyorlarla işləyə bilmirdi. Kamera qarşısına çıxmağımdan qabaq o, hər bir səhnənin kiçik detallarına kimi öyrənməyi məcbur edirdi. Geyimə, saç düzümünə və qremə şəxsən özü nəzarət edirdi. Viskontidən fərqli olaraq, Fellini aktyorlardan improvizə etməyi tələb edirdi”. Kardinale Likonao Viskontinin daha iki filmində iştirak edib. Dahi sənətkar xüsusilə onun üçün yazdığı “Sandra” ssenarisində tarixi hadisələri müasirləşdirib, bizim günlərə keçirib: Filmin qəhrəmanları Elektra və onun qardaşı Oresa atalarının intiqamını qatillərdən alırlar. Nəhayət, 1974-cü ildə Lukino özünün sonuncu filmi olan “Güc və ehtiras” kinolentinə çəkilməyə Klaudianı dəvət edir.
   Kristaldo ilə yollarını ayırdıqdan sonra Kardinale güclü prodüserdən məhrum oludu və iki il filmlərə çəkilmədi.
   Yaranmış fasilədən sonra çəkiliş meydançasına qayıdan aktrisa başa düşdü ki, daha ürəkləri məftun edən gözəlləri oynamayacaq. 50 filmdən sonra o, özünü başqa ampluada tapmalıdır. Bundan sonra Kardinale daha çox xarici ölkələrdə işləməli olacaq. Qeyd edək ki. Kardinale 1969-cu ildə SSRİ-də sovet rejissoru Mixail Kalatozovla birlikdə “Qırmızı çadır” beynəlmiləl çəkilmiş qrupunda işləməli olmuşdu. Film Nobilenin Şimal Qütbə etdiyi ekspedisiyasından bəhs edirdi. Kinolent Qərbdə yüksək qiymət almasada, Klaudia Rusiyanı görə bildi. Üç ildən sonra isə o, Puqaçov üsyanına həsr olunan “Qırmızı aprel” filminə dəvət olundu.
   Daha sonra Kardinale fransız rejissoru Joze Covanninin «Marsellilərin klanı» (1972) eran əsərində Jan Pol Bulmando ilə tərəf-müqabil olur. Qısa vaxtdan sonra Klaudia taleyini rejissor Paskuale Skuityeri ilə birləşdirir. 70-ci illərin sonunda onun mafiya haqqında çəkdiyi iki filmində iştirak edir;
   - «Dəmir prefekt» (1977) və «Silah» (1979). Birinci filmdə Kardinale orta yaşlı siciliyalı kəndli qadınını, ikincidə isə burjua ailəsinin xanımını oynayıb. Onun əri İtaliyada hökm sürən terror və zorakılığın qurbanı olmuşdu.
   Bu faciəvi kinolentdə Klaudia həyatdan usanmış Marta adlı romalı qadının obrazını yaradıb.
   1979-cu ildə Kardinalenin həyatında əlamətdar hadisə baş verir. 40 yaşını qeyd edən aktrisa eyni vaxtda həm ana, həm də nənə olur. Lakin dünyaşöhrətli sənətçinin xoşbəxt ana olması Klaudiyaya bütün varlığı ilə sevdiyi peşəni davam etdirməyə mane olmur. Deyilənə görə, onun 40 yaşında böyük aktrisa kimi şöhrət qazanması, ondan əvvəlki kinogözəllərinə - Cina Lollobricida, Sofi Loren və Bricit Bordoya nəsib olmayıb.
   Müxtəlif rejissorlarla iş birliyini davam etdirən Kardinale bir-birindən fərqli rollara çəkilib. Lilian Kavaninin «Dəri», Damiano Damianinin «Qud bay və amin» macəra filmində, 1981-ci ildə Kann kinofestivalında mükafat almış qərbi almaniyalı rejissor Verner Hersoqun «Fitskarraldo» ekran əsərində yaddaqalan rolları ifa edib. Bundan sonra sevilən aktrisa məşhur Marçello Masroyanni ilə birgə rejissor Paskuale skuityerinin «IV Henrix» filmində çəkilib. Bunun ardınca Kardinale diktator Mussolinin arvadı Klaretta surətini növbəti filmdə oynayıb. Finalda o, duçe ilə birlikdə onun faciəli həyatını bölüb.
   ...Milyonlarla kinosevərlərin məhəbbətini qazanmış Klaudia Kardinale artıq bir neçə ildir ki, qızı ilə bərabər Avropa kinosunun mərkəzi sayılan Parisdə yaşayır. O, burada Rober Enrikonun «Fransız inqilabı» və Anri Verneyin iki ekran əsəri - «Meyriq» və «Paradi küçəsi-588» filmlərində çəkilib. Ömrünün yetmişinci ilinə qədəm qoyan sənətçi belə deyir:
   - Mən əvvəlki kimi filmlərə çəkilmək istərdim. Amma əksər rollardan imtina etməyə məcbur oluram. Çünki göndərilən ssenariləri Viskontinin gözü ilə oxumağa çalışıram. Özlüyümdə fikirləşirəm, görəsən, Lukino məni bu rolda görsəydi, nə deyərdi? Yəqin o, mənim əvəzimə utanardı.
   Xasiyyətcə qapalı insan olan Kardinale işgüzar qadın həyatını yaşayır. Qızının tərbiyəsi və ev işləri ilə məşğul olur. Boş vaxtlarında isə teatra və kinoya gedir. O, hələ də böyük rejissorlardan maraqlı rollar gözləyir.
   
   Həsən Tağıyev