«İnsan olmaq və insanlığını itirməmək nə deməkdir?» - sualına cavab vermək cəhdi, «Yaşayış yerini tərk etməmək barədə iltizam» adlı filmdə, insan müstəqilliyinin itirilməməsi, azadlıq axtarışı və bir insan olaraq öz «Mən»ini tapmaq cəhdləri haqda əhvalatı ekranda görüntüləməklə axtarılıb. «Proline-film» kinostudiyasının istehsalı olan tammetrajlı bədii filmin ssenari müəllifi Natalya Repina, quruluşçu rejissoru Anna Fençenko, prodüseri isə Andrey Siqledir. Sonuncusu həm də «Proline-film» kinostudiyasının baş direktorudur. «Lenfilm»in bazasında çəkilən filmin mərkəzində psixoloji vəziyyət, situasiyanın absurdluğu durur. Konkret nə kiminsə milli, nə də dini mənsubiyyəti var, baxmayaraq ki, hadisələrin dolayısı yolla da olsa, dərəbəyliyin, insani münasibətlərin öldüyü, cəngəllik qanunlarının hökm sürdüyü və yalnız ölməmək üçün «yaşanan» Rusiyada baş verməsinə işarələr yetəri qədərdir. Ya oranın yazılmamış qanunlarına uymalı, ya ölməli, ya da ki, mübarizə aparmalısan. O, vəziyyət gərəyi olaraq istəmədən özünü zahiri həyatdan təcrid edir, mikrodünyasını özü istədiyi qaydalarla qorumağa çalışır. Ancaq hadisələr, şərait onu bu imkandan məhrum edir. Qəhrəman anlayır ki, sadə komfort, rahatlıq adı ilə azadlığın zahiri, fiziki modeli aldadıcı və tutarsızdır, həqiqətdə isə «metafizik azadlıq anlayışı» istənilən vəziyyətdə İnsan olaraq qalmaqdır. Qəhrəman özünün rahat varlığını davam etdirmək iqtidarından məhrum olur və çıxış yolunu hər kəsdən, hər şeydən qaçmaqda görür. Çünki təsadüfi insanlardan tutmuş hakim strukturlara qədər hər kəsdən, hər şeydən asılılığı, şəraitlər qarşısında acizliyini qəbul edə bilmir. Filmi işıqlandırma səbəbimiz təsadüfi deyil. Çünki, əsas rollardan biri - cənublu Davidi canlandıran azərbaycanlı aktyor Rasim Cəfərovdur. Sənət aləmində gənc sayılsa da, həm teatrda, həm də kinoda rollar qalereyası olduqca zəngindir. «Yaşayış yerini tərk etməmək haqda iltizam» filminə Rasim, uzun axtarışdan sonra dəvət olunub. Əvvəl fotoşəkillərdən, daha sonra çəkildiyi «Kuklalar» (rej. Çingiz Rəsulzadə), uğuru xarici ölkələrdə belə səs-soraq salmış «Ev» (rej. Asif Rüstəmov) filmlərindəki Böyük Miki və Anar obrazları, nəhayət sözügedən filmdə cənublu David rolu üçün dəvət olunduğu sınaq çəkilişləri rejissorun aktyor seçimindəki gümanlarını təsdiqlədi. Rasimi bu filmdə cəlb edən süjet, ideya oldu. O, psixoloji dram janrlı səhnə və kino əsərlərində həmişə xüsusi həvəslə çalışıb. Hər halda aktyor özü belə deyir. Yeri gəlmişkən, «Yaşayış yerini tərk etməmək barədə iltizam» filmi Rasimin Rusiya kinematoqrafiyasında ilk böyük rolu olsa da, ilk deyil. Daha öncə «Mosfilm»də çəkilən «Üç qız» və NTV kanalının ekranlaşdırdığı «Jurnalist» filmlərində epizodik rollarda çəkilib. Rusiyalı peşəkarların sözlərinə görə, Rasimin istedadında rus aktyorlarında olmayan xüsusi bir özəllik var... Rasim Cəfərovun potensial imkanlarına bir çox rusiyalı kinematoqrafçıların da diqqəti yönəlib. Təsadüfi deyil ki, prodüser mərkəzləri, rejissorlar, aktyor seçimi üzrə agentliklər Rasimlə maraqlanmağa başlayıblar. Yeri gəlmişkən, Rusiyanın tanınmış «Kadr» aktyor agentliyində Rasim Cəfərovun Aleksandra Kolonistova adlı agenti belə var... «Yaşayış yerini tərk etməmək barədə iltizam» filminin artıq montaj işləri tamamlanıb. Sözügedən filmin Kann, Venesiya və bu kimi digər mötəbər beynəlxalq kinofestivallarda nümayişi nəzərdə tutulub.
   
   Sevda Babayeva