Filmdəki problemləri indi də yaşamaqdayıq
   
   Azərbaycan kinosunun yaddaqalan incilərindən biri də M.F.Axundovun «Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah» komediyası əsasında ekranlaşdırılmış «Dərviş Parisi partladır» filmidir. Filmə 1976-cı ildə Şamil Mahmubdəyov və Kamil Rüstəmov quruluş veriblər.
   
   Maarifçilik ideyalarını əks etdirən bu filmin fabulası Şahbaz bəyin fransız dilini öyrənmək, Qərb adətləri ilə tanış olmaq üçün həkim Müsyö Jordana qoşulub Parisə getmək istəyi üzərində qurulub. Komediyanın ideyası avamlığın tənqididir. Filmdə baş verən konfliktlər ideya ilə sıx bağlı olub, maarifçiliklə geriliyin tərəfdarları arasında inkişaf edir. Filmin ekspozisiyasında yasavulun canişindən məktub gətirməsi, ona qarşı reaksiya və məktubun xanım və nökər tərəfindən oxuna bilməməsi nümayiş olunur. Bir sözlə XIX əsrin ortalarında Azərbaycanın ictimai mühiti açıq-aydın göstərilir. Hətəmxan ağanın Müsyö Jordana söylədiyi «Bülbül ol, qəfəsdə olma» nəsihətini özümüzə dair səsləndiyini də müşahidə etmək olar. Çünki filmdə dil probleminə də toxunulub ki, bu da bizim daim əsarət altında olmağımızdan irəli gəlir. Ərəb dilini yenicə öyrənməyə başlayırıq ki, rus dilini öyrənməyimizin vacibliyi ortaya çıxır.
   Filmdə mütərəqqi ideya daşıyıcısı olan Müsyö Jordan və Məstəli şah digər obrazlarla qarşı-qarşıya qoyulur. Qafqaz canişinin parisli qonağı Hətəmxan ağanın yanına göndərməsi həmin dövrdə Azərbaycanın Rusiyanın əsarəti altında olduğunu göstərir. Müsyö Jordan Qarabağa gəlir və Azərbaycan təbiətinin əsrarəngizliyinə heyran olur. Biz isə onu çör-çöp yığan hesab edirik.
   Müsyö Jordan azərbaycanlılar tərəfindən gülünc qarşılansa da, onunla bizim düşüncələrimizin üz-üzə qoyulması ilə səviyyəmizin nə yerdə olduğu göstərilir. Filmin müsbət obrazlarından olan Şahbaz bəy yeni həyat tərzinin carçısı olmasına baxmayaraq, onun simasında avropalılardan fərqli olaraq, Azərbaycanda 22 yaşlı gəncin şəxsi azadlığı və düşüncə tərzində fərqlərin meydana çıxdığını görürük. Filmin düyün nöqtəsində Şahbaza cadu yolu ilə mane olmaq istəyən qadın obrazları da gülüş hədəfi kimi götürülmüşdür. Avamlıqla yanaşı, Şəhrəbanu xanımın yaddaqalan xarakterik cəhətini qonaqdan narazılıq ifadə olunan replikalarında və Azərbaycan qadınına xas olan qonaqpərvərliyini əks etdirən detallarda görürük. Qadınlar «qələbə»lərinin arxasındakı məğlubiyyətlərini görə bilmir, aldandıqlarını dərk etmirlər.
   Filmdə gülüş obyekti Dərviş Məstəli şahdır ki, onun simasında tüfeylilərin obrazı ümumiləşdirilib. Filmin ilk kadrlarında müəllif onu Müsyö Jordanla qarşılaşdırıb, sonda onların arasındakı konfliktə bir işarə verir. Camaatın qazandığı pulu hansısa hoqqabaza verməsi, Hətəmxan ağanın Parisi görmədən parislilər haqqında fikirləri, ağaların vaxtlarını boş yerə sərf etməsi, atlarımızı əyləncə vasitəsinə çevirib, kimlərəsə peşkəş etməyimiz mənfi xüsusiyyətlərimizdir. Bu, filmdə öz əksini tapıb. Lakin Müsyö Jordanın vətənimizi cənnət adlandırması, dahi Lermontovun Qarabağ atları haqqında yazdığı şeirin filmdə səsləndirilməsi tamaşaçını özümüzü qiymətləndirməyə çağırışdır. Bütövlükdə filmdə bir sıra problemlərə toxunulsa da, xalqımızın qonarpərvərliyinin əks etdirilməsi digər qaldırılan məsələləri geridə qoyur. Bu gün də filmin baxımlı olmasının səbəbi bizim özümüzü orada görə bilməyimizdir ki, həmin problemləri hələ də özümüzlə daşıyırıq.
   
   Aytək