Bahar, sevgi və «Qiraətçi»
Əlbəttə, yazın ən gözəl vaxtlarında adamları kitab oxumağa, ürəksıxan, yuxugətirən kitabxanalara çağırmaq heç insafdan deyil. Amma yaz bu havaların, bu havalarda gəzməyin həzzi qədər zəhlətökəndi. Xumar istinin üzündən nə etdiyini, necə etdiyini duymursan. Təbiət var qüvvəsi ilə hakimi-mütləqdir. Nə etmək olar? Stop! Stop! Tapıldı. İlin-günün belə bir vaxtında «Qiraətçi» filminə baxmaq olar. Burada köşəni davam etdirmək üçün əla mövzu var. Filmdə bahar da var (yeniyetmə sevgisi), kitab da.
«Qiraətçi» Britaniya rejissoru Stiven Doldrinin alman yazıçısı Bernhard Şlinkin romanı əsasında çəkdiyi filmdir. «Qiraətçi» həm melodramdır, həm də sosial faciə. Məhəbbət əhvalatında yuxuya dalmış sosial faciə. Dünyanın ən bəşəri və ilahi hissi məhəbbətdir. Yalnız məhəbbət insanı dəyişməyə, bir şeyə başqa nəzərlə baxmağa məcbur edə bilər. Hanna Şmits nasistdir, faşist əsir düşərgələrində mühafizəçi işləyib, şahidlərin sözlərinə görə, xüsusi amansızlığı ilə fərqlənib. Bəlkə də, bu amansızlıq vəhşiyanə yırtıcılqdan yox, düşüncəsinə tabelikdən irəli gəlir. Hərçənd Hanna roluna görə Keyt Uinsletə ən yaxşı, ikinci rola görə «Oskar» “Qızıl qlobus” veriblər, Hanna filmdə ikinci dərəcəli deyil. Əslində filmin qəhrəmanı Hanna Şmitsdir. Mixail Berqsə təkcə Hanna üçün yox, elə film tamaşaçıları üçün də əhvalatlarda iştirak edən qiraətçidir. Film Mixailin xatirələri ilə başlayır. Mixail bu xatirələri qızına danışır. Bu əhvalat onun yeniyetməlik illərini, gəncliyini və yetkin yaşlarını əhatə edir. Mixail təsadüfən ona insan kimi nəvaziş göstərmiş bir qadınla daha yaxından tanış olur. Bu qadın Hanna Şmitsdir. Gənc və gözəl qadın yeniyetməliyi ilə cazibədar olan Mixaillə üç ay davam edən sevgi macərası yaşayır. Bu macərada Hannanın qoyduğu qanunlar hökm sürür. O, Mixailə sevişməyi öyrədir. Mixailsə ona kitablar oxuyur. Çexovu oxuyur, Homeri oxuyur. Yuxu kimi gözəl, şirin sevgi əhvalatı yazın axırlarında bitir. Tənha, (hərçənd bunu rejissor elə də qabartmır) gözəl bir qadınla həssas, hisslərinin təzəliyi ilə cazibədar yeniyetmənin sevişdiyi otağı bu dəfə tamaşaçılar bomboş görür. Hanna çıxıb gedib. Mixailsə əsl sevginin ilk iztirablarını yaşayır. İllər keçir. Hüquq fakültəsində təhsil alan Mixail təcrübə üçün getdikləri məhkəmələrdən birində müqəssir kürsüsündə Hannanı görür. Faşist hakimiyyəti illərində mühafizəçi işləmiş Hannanı əsirlərə qarşı xüsusi amansızlıqda ittiham edirlər. Buna hüquqi dəlil kimi yazdığı raportu göstərirlər. Hannasa yazıb oxuya bilmədiyini söyləməkdən utanır. Məhkəmə ona ömürlük cəza verir. Bu məhkəmələrə gələn gənc Mixaili Hannanın vəziyyəti ilə bərabər, başqa bir təzad sarsıdır. Əxlaq və qanun. Düzdür, əsirlərə münasibət vəhşiyanə, hətta qeyri-insanidir. Amma Hanna etdiklərində qanunlardan kənara çıxmayıb. Mixailəsə hüquqdan dərs verən professorlar əxlaqla yox, qanunla uzlaşmağı, qanuna görə hökm çıxarmağı öyrədirlər. Hannanın uzun həbsxana həyatında yeganə təsəllisi Mixailin ona göndərdiyi lent yazılarıdır - qalaq-qalaq kitabları oxuyan Mixailin səsidir. Bu səsin köməyi ilə Hanna həbsxana kitabxanasındakı kitabları alıb oxumağı öyrənir, yazmağı öyrənir. Və bu kitablardan sonra o, nə etdiyini dərk edə bilir. Özünü yaxşı apardığına görə Hannanı azadlığa buraxmaq istəyirlər. Amma Hanna oxuduğu kitabları ayağının altına düzərək özünü asır. Məhəbbət Hannanı kitab oxumağa qədər dəyişirsə, kitablar Hannanı mənəvi iztirablar, vicdan ağrısı çəkmək məqamınadək yüksəldir. O qədər yüksəldir ki, boyu kəndirə çatsın...
Filmi təhlil edib, son dərəcə estetik gözəlliklə işlənmiş sevişmə səhnələrindən, Keytin alman qadınlarına xas sərt və gözəl üzündən, filmin estetik parametrlərindən yazmaq olar. Amma söhbət kitablardan gedir. Onlar yalnızca kitab deyil. Onlar mənəvi qazancdır. Təkcə faşizm dəhşətini, yalnızca dünyanın geosiyasi mənzərəsini xatırladıb məqaləni filmdən gələn həmişə və hər yerdə aktual olan həqiqətlə bitirirəm. Bunu İosif Brodski Nobel nitqində təxminən belə söyləmişdi: «Mənə elə gəlir ki, bizim talelərimizin potensial hakimləri olan siyasətçilərdən hansı beynəlxalq siyasəti dəstəklədiyini yox, Stendala, Dikkensə, Dostoyevskiyə münasibətini öyrənmək lazımdır. Burada söhbət savadlı olmaqdan getmir. Lenin də, Stalin də, Hitler də savadlı idi, hətta Mao Tsze Dun şerlər yazırdı. Amma onların qurbanlarının siyahısı oxuduqlarının siyahısından qat-qat uzun idi...»
Aliyə