Son illər Türkiyə kinosu inkişaf yolundadı. İndi müxtəlif beynəlxalq festivalların iştirakçılarını Nuri Bilgə Ceylan, Zeki Demirkubuz kimi rejissorların filmləri təəccübləndirə bilir. Amma çox təəssüf ki, son vaxtlar milli teleməkanda bu filmləri dublyaj edib yayımlamırlar.
Türkiyənin «Döngel karhanesi» adlı bir filmi var. Postmodern estetikası ilə çəkilmiş bu filmin maraqlı süjeti diqqəti daha çox cəlb edir. Bir az Vaqif Mustafayevin filmlərini xatırladan filmin süjeti belədir: atasının uzun-uzadı vətən, vətən borcu, atatürçülüklə bağlı mühazirəsindən sonra «Döngəl karhanesi»ni təftişə yollanan kiçik bir dövlət məmuru başa düşür ki, əslində burada leqal yolla heç bir iş əldə edilmir. Saxladığı dörd fahişə sayəsində pul qazanıb dövlətə vergi ödəyən restoran barəsində öz patronuna xəbər verməyə çalışanda patronu məmurun üzünə telefonu qapadır. O dəfələrlə bu barədə danışmağa cəhd edir. Lakin hər dəfə patron öz sözünü axıradək deyir, amma məmuru dinləmək ağlına belə gəlmir. «Ankara bizi darda qoymaz» deyə iflas astanasında olan karhane sahibi məmur gəldiyində narahatlıq keçirir. Lakin sonda üzüyola məmur karhane sahibinin qeyri-leqal əməlləri ilə əlbir olur.
Məmur karhanəyə müxtəlif ölkələrdən olan fahişələr cəlb edir və karhane iflas təhlükəsindən qurtulur. Artıq bu uğurdan başı gicəllənən Ankara öz məmurunu daha böyük iş dalınca İraqa göndərir. Məmur köhnə komandası ilə İraqa yollanır.
Məncə, bir dövlətin siyasi kursunu bu qədər satira atəşinə tutmaq yetərli. Hamıya iş üçün müraciət edən, qarşısına çıxan hər kəsə işsizliyindən şikayət edən birisi bu şikayətini Atanın (Atatürkün) heykəlinə edir. Və yalnız heykəl onu axıradək dinləyir.
Azərbaycan filmlərində çatışmayan duzlu yumor Türkiyə kinosunda boldur. Bizdə isə son illər bu tip filmlərə Vaqif Mustafayev yaradıcılığında rast gəlinir. Təəssüf ki, həmin filmlərin də «duzu» çatışmır. Qalan hər şey yerindədir, ciddi ironiya, postmodern yanaşma və s.…
Azərbaycan kinosunda bu cür ciddi yumorlu filmlərin yeri görünür. Çəkilən filmlərin əksəriyyəti elə bil tamaşaçının dincəlməsi, istirahət vaxtını «öldürmək» üçün nəzərdə tutularaq çəkilir. Kinoya gələn gənc nəsil də çox vaxt gücünü ağırçəkili fəlsəfəyə yönəldir. Bu günün tamaşaçısı o hövsə və səbir sahibi deyil ki, axıradək bu cür filmlərə baxa bilsin.
İntiqam