Birgə yaradıcılıq məhsulu qısametrajdan başlayır
   
   «Butafilm» kino kompaniyası «Dərviş» prodüser mərkəzi və İsveçrənin «SKM prodakşn» şirkəti ilə birgə saxur dilində ilk dəfə çəkilən «Üzü qibləyə» adlı filmin çəkilişlərini başa çatdırıb. Qeyd edək ki, filmdə peşəkar aktyorlar çəkilməyib.
     «Butafilm» şirkətindən aldığımız məlumata görə, Zaqatalanın Qarqay kəndində aparılan çəkilişlər uğurla başa çatıb. Artıq filmin montaj işləri də yekunlaşmaq üzrədir.    

   Filmin prodüseri Əli İsa Cabbarovun dediyinə görə, keçilməz dağ yollarının, çətin hava şəraitinin olmasına baxmayaraq, qrup Qarqayda çəkiliş aparmaqda israrlı olub: «Kənddə telefon rabitəsi yox idi. Çətinliklərimiz çox idi. Belə situasiyalarda rejissor çəkiliş meydançasında Allahdır. O necə qərar verirsə elə də olmalıdır.
   Xüsusən də dəniz səviyyəsindən 1700 metr yüksəklikdə işıqsız və rabitəsiz şəraitdə.
   Epizodların birində bizə duman lazım oldu. Rejissor pirotexnik vasitələrdən imtina etdi. Bildirdi ki, səhər saat 6-da erkən yuxudan durub, lazımi kadrı çəkmək lazımdır. İnanmazsınız ki, komanda deyilən vaxtda durdu və lazımi kadrlar çəkildi.
   Filmin ssenari müəllifi Səbinə Hüseynlidir. Rejissor Asif Rüstəmov ssenari üzərində müəyyən dəyişikliklər etmişdi. Buna baxmayaraq, ssenarinin özü çox gözəl idi. Ssenarinin bizim yaradıcı qrupa etibar etdiyi üçün Səbinə xanıma minnətdarıq».
   Ə.Cabbarov bildirdi ki, Səbinə xanım filmin rejissoru, prodüseri kimi öz qonorarından imtina edib.
   10 gün ərzində aparılan çəkilişlərdə olmazın əzab-əziyyətlə üzləşən qrup bütün çətinliklərə baxmayaraq, işlərinin öhdəsindən layiqincə gələ bilib.
   Filmin rejissoru Asif Rüstəmovun sözlərinə görə, kinomuzda çatışmayan təbiiliyi bərpa etmək üçün o, ancaq kənd sakinlərini filmə çəkməyə qərar verib: «Kənd sakinlərini və üstəlik filmi saxur dilində çəkmək çox riskli idi. Mən hər bir personaj üçün iki nəfər nəzərdə tutmuşdum. Film saxurca səslənsə də, Azərbaycan dilində subtitrlərlə təqdim olunacaq. Bu qərar sırf estetik zərurətdən yarandı. Mən ətraf aləmin fövqündə insan ürəyinin səmimiliyini, təmizliyini göstərməyə çalışmışam. Əvvəlcə bilmədim ki, film hansı dildə çəkiləcək. Saxur dilinin musiqisi, səslənməsi, üstəlik bu insanların qürurlu, vüqarlı olmaları mənim xoşuma gəldi. Beləliklə filmin saxur dilində çəkilməsinə qərar verdik».
   Filmdə yeganə peşəkar aktyor kimi Rasim Cəfərov çəkilməli olsa da, rejissor həmin epizoddan imtina edib. Rasim Cəfərov həm də aktyorlarla iş üzrə rejissor assistenti kimi filmdə iştirak edib.
   Filmin prodüseri Əli İsa Cabbarov və S.Keslerdir (İsveçrə).
   Qeyd edək ki, «Üzü qibləyə» filminin çəkiliş qrupu eyni komandayla «Ev», «Düyün» filmlərinin istehsalında da iştirak edib. Filmin operatoru Adil Abbas, icraçı prodüser Çingiz Həsənov, rəssamı isə Əziz Məmmədovdur.
   
   Nərmin A.