«İnsanlıq bütün xalqlar və irqlər (oxu: həm də cinslər) üçün ümumi meyardır..»
   
   «Biz bütün dünyanın adamlarının mənəvi vəhdətini özümüzdə təcəssüm etdirə bilmədik. Əgər biz bunu etsəydik, bütün dünyanı, həm də öz-özümüzü xilas etmiş olardıq»
   
   A.D.Sent-Ekzüperi
   
   Bu filmin hansı festivallarda nümayiş olunduğu, hansı festivallarda mükafat aldığını yazmaq yersizdir.
   «Osama» Siddik Barmakın filmidir. Əfqanıstanda talibanların hakimiyyəti illərindən bəhs edir. Taliban hakimiyyəti illərində yaşanan bir qadın, pardon, kiçik bir qızın faciəsi. Talibanlar qadınların hüquqlarını nəinki tapdayır, onlar heç bu hüquqları tanımırlar da. Dini-mürtəce hakimiyyət musiqi dinləməyi, rəqs etməyi, toy etməyi, bir sözlə, yaşamağı qadağan edir. Qadınlar yalnız tamamən bürünmüş vəziyyətdə və bir kişinin müşayiəti ilə küçəyə çıxa bilər. Filmin qəhrəmanı anası və nənəsi ilə yaşayan 11-12 yaşlı qızdır. Anası xəstəxanaya gedib işləmək üçün mütləq evdən bir kişi ilə çıxmalıdır. Kişi, dul və kişisiz qadınlar üçün böyük sərvətdir. Kişisiz evin çırağı doğrudan da sönür. Dul, oğulsuz qadınlar evdə acından ölməyə məhkumdur. Film «müştəriləri» üçün üzərlik yandırıb dilənən bir oğlanın görüntüləri ilə başlayır. Sanki həvəskar kamera ilə çəkilən kadrlarda az sonra çadralı, niqablı qadınların etiraz aksiyası göstərilir. İki-üç silahlı hökumət adamı su şırnağı, güllə səsləri ilə, atəşlə aksiyanı dağıdır. Cəsəd, görünən ruh kimi ağa bürünmüş eyni geyimli qadınlar qaçır, itələşir, evlərə doluşurlar. Kadrda qız və anası qalır. Yaşamaq üçün, yemək üçün qadın işləməlidir. İşləmək üçün evdən çıxmalıdır. Evdən çıxmaq üçün kişi tapmalıdır. Kişisə yoxdur. Onda nənə belə bir sonluqla bitən əhvalat danışır: «Guya göy qurşağının altından keçəndə qadın kişiyə, kişi isə qadına çevrilə bilər. Əslində isə kişi ilə qadının elə də böyük fərqi yoxdur». Bu əhvalatdan sonra qadınlığını təzə-təzə duyan, bunun fərqini yaşayan yeniyetmə qızın uzun, qəşəng saçlarını kəsir, onu oğlana oxşadırlar. Filmin metaforanı imitasiya edən məqamlarından biri də budur: qızın kəsilmiş hörüyünü dibçəkdə əkiblər. Dibinə dərman borusundan su damcılayır... sanki təsəlli yerinə tökülən damcılar. Bəlkə də göz yaşları?...
   Qıza ilk olaraq oğlan adını da filmin əvvəlində göstərilən üzərlik yandıran dilənçi oğlan verir - Osama. Adın uydurmalığı onun məşhurluğu ilə tərs mütənasibdir. Ustaya şəyirdlik edən qızı - Osamanı talibanların məktəbinə göndərirlər. Oğlanların içində tək qız o dəqiqə seçilir. Sirr faş olur. Mühakimə səhnəsində müəlliflər bir qədər də mübaliğəyə yol veriblər - bəlkə də həqiqət belədir. Başı çalmalı hakim-qazı hökm verir. Hökm şəriətə və onun kefinə uyğundur. Filmin əvvəlində həvəskar kadrların müəllifini ölümə məhkum edirlər. Üzüaçıq doktor qızı da həmçinin. Qadının daşqalaq olunma prosesi xüsusən təsir edicidir. Hərə qurşağadək torpağa basdırılmış qadına kiçik bir daş atır. Amma bu kiçik daşlar o qadını öldürür. Laqeydliyi bölüşən kütlə günahı da, qətli də eyni məsuliyyətsizliklə paylaşır...
   Osamanı qadın təbiəti faş edir. Qazı isə onu aparıb arvadlarının yanına qatır. Bütün yolu arabada uzun, qədim yaddaşlı bir musiqinin, həm də qadın faciəsini anladan musiqinin müşayiəti ilə qadın ağlayır. Qazının arvadları öz faciələrini danışırlar. «Lənətə gəlmiş talibanlar...» Əhvalat bitir.
   Demək, «Osama» taliban hakimiyyətindən məlumatlar almaq üçün daim qarmaqarışıq, bütün kasıblığına, təbii və madii yoxsulluğuna rəğmən ekzotik ölkənin adamları ilə, həyatı ilə, yaşadıqları ilə tanış olmaq üçün dəyərli bir filmdir. Əlbəttə ki, filmin kino taxçasındakı yerini təkcə bu şərtləndirmir. «Osama» güllə səsləri səngiməyən Şərqin, mənasızca axıdılan qanların xatirinə bu bitməyən münaqişəyə dünyanın geosiyasi mövzuları, mülahizələri fövqündən baxmağı bacardığı üçün baxmalı filmdir. Çünki «Osama» müharibə-münaqişə filmlərindən tanıdığımız qalibiyyət pafosundan, siyasi mövqedən məhrumdur. «Osama»nın həqiqəti insan faciəsini anladır. Əlbəttə, «Osama» kino dili, kinematoqrafik metaforaları, vizual ricətləri baxımından şedevr deyil, hətta bəlkə çox zəif, amma peşəkar imitasiyadır. Amma...
   Amma reallıq o qədər cazibəlidir ki, onun barəsində həmişə nəyisə bilmək istəyirsən. Əslində nə olduğunu, hər şeyin necə baş verdiyini demokratiyanın inkişaf etdiyi sivil ölkələrin tamaşaçıları «Osama»ya - Şərqə ikrahla, onun qorxulu reallıqlarına gizli-aşkar maraqla, ekzotika xatirinə baxacaqlar. Bu ikrah nə üçündür? Şərqdə insana laqeydlikmi? Dəyərsizlikmi? Sayğısızlıqmı? İnsan faciəsinə tamaşaya yığılan kütlə hər yerdə olub, Şərqdə də Avropada da. Üstəlik, bu reallıqları- «Osama»nı ekzotika xatirinə izləmək özü də bir laqeydlik deyilmi? Kütlə dəyişməyib. Onun daş-qalaq edilən qadına atılan çınqıllar kimi dənə-dənə və çoxdur. Kütlənin faciələrdə məsuliyyət hissi yoxdur. Qloballaşan dünya... Demokratiya çabaları... Amerika... Xilaskar mələk donunda ölkələr... İnsan faciələri... Din üzərinə ucalan nalələr... Bu gün.
   
   Aliyə