Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayevin qəzetimizə verdiyi məlumata görə, bu il “Qızıl Çıraq” milli kino mükafatının təqdimatı dekabrda baş tutacaq.
   
   Onun fikrincə, mükafatın 6-ci təqdimatının keçən il keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salındı. “Müstəqillik əldə edəndən sonra biz də ölkəmizdə ənənəvi milli kino mükafatı müsabiqəsi keçirmək qərarına gəldik. Məqsəd kinematoqrafiya sahəsində ölkəmizdə istehsal olunan əsərlərə peşəkar kino ictimaiyyəti tərəfindən qiymət verilməsi idi. Müsabiqə ən yaxşı filmlərin və ən yaxşı kino işçilərinin nailiyyətlərinin müəyyənləşdirilməsi və yaradıcı kinematoqrafçıların əməyinin mənəvi və maddi cəhətdən qiymətləndirilməsinə şərait yaradırdı. Müsabiqənin hər il keçirilməsi planlaşdırılmışdı. Amma maliyyə problemləri nəticəsində üçüncü dəfədən sonra - 1995-cü ildə mükafatın verilməsi dayandırıldı. 2003-cü ildə müsabiqəni bərpa edib, 1995-2002-ci illərdə istehsal olunmuş filmlərə qiymət verdik».
   Rasim müəllimin sözlərinə görə, hazırda müsabiqə iki ildən bir keçirilir. Bunun da səbəbi çəkilən filmlərin sayının kifayət qədər olmamasıdır. “Filmlərin sayı yetərincə olmalıdır ki, nominasiyalar üzrə bölüşdürülsün. İki-üç filmlə müsabiqə keçirmək olmaz. İki ildən bir altı-yeddi film müsabiqəyə təqdim edilir və onların arasından seçim etmək imkanımız olur”. Amma xalq artisti bunun yeganə səbəb olmadığını da bildirdi. “Filmlər müəyyən miqdarda toplanandan sonra maliyyə problemi ortalığa çıxır. Bilirsiniz ki, qaliblərə pul mükafatı da təqdim olunur. Bu il müsabiqənin baş tutması iştirakçıların sayından asılıdır. Filmlər nə qədər çox olarsa, müsabiqənin keçirilməsi ilə bir o qədər asan olar. Əlavə edim ki, kino sahəsinin bütün peşəkarları bu müsabiqədə iştirak edə bilərlər”.
   Məlumat üçün bildirək ki, filmlərə qiymət vermək məqsədilə keçirilən “Qızıl Çıraq” milli kino mükafatı 16 nominasiya üzrə aparılır. Müsabiqyə 2007-2008-ci illərdə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatlar və fiziki şəxslər tərəfindən, habelə xarici təşkilatlar və vətəndaşlarla birgə istehsal edilmiş bədii, sənədli və cizgi filmləri təqdim oluna bilər. Qaliblər “Ən yaxşı tammetrajlı bədii film”, “Ən yaxşı qısametrajlı bədii film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Qadın rolunun ən yaxşı ifaçısı”, “Kişi rolunun ən yaxşı ifaçısı”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi”, “Ən yaxşı rəssam işi”, “Ən yaxşı bəstəkar işi”, “Ən yaxşı debüt və tələbə işi” nominasiyaları üzrə mükafatlandırılır.
   
   Aylin N.