Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin və Almatı şəhər rəhbərliyinin təşkilatçılığı ilə gənc kinematoqrafçıların VII “Şəken ulduzları-2009” Beynəlxalq kino festivalı keçirilir. Almatıda beş gün davam edəcək kino bayramında Azərbaycan, Türkiyə, İran, Hindistan, Kanada, Fransa, Rusiya, İspaniya, İngiltərə, Almaniya daxil olmaqla dünyanın 30 ölkəsinin gənc kinematoqrafçıları iştirak edirlər. Azərbaycanlı kinematoqrafçıları festivalda əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbasın “Qobustan” və kinorejissorlar İqbal Məmmədəliyev və Rafiq Quliyevin “Azərbaycanın qədim abidələri” sənədli filmləri ilə təmsil olunurlar. “Azərbaycanın qədim abidələri” sənədli filmində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki tarix, memarlıq abidələrindən söhbət açılır. Kino bayramında dünyanın 30 ölkəsindən 65 tammetrajlı və qısametrajlı film nümayiş etdiriləcək. Festivalın yekununda isə qaliblərə müxtəlif nominasiyalarda 20-yə yaxın mükafat veriləcək.