Yeni filmlər təqdim olundu
   
   
   18 mayda gördüklərimiz
   
   Teatr Xadimləri İttifaqının zalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən «Bu meydan, bu ekran» layihəsi çərçivəsində çəkilmiş qısametrajlı filmlərdən üçünün təqdimatı oldu. Bunlar qalib kino layihələrinə çəkilmiş «Koramal» («Exa» prodakşn, «Daşatan» (Ratio TV) və «Saat» («Nur» prodakşn) filmləri idi.
   
   «Koramal» korlanır...
   
   «Koramal» iki korun əhvalatıdır. Titrlərdə «Kor» və «Amal» sözləri ayrıntılı şəkildə təsvir olunur. Korlar «fotogenik zona»larda bulunurlar ki, bu da filmi vizual estetik cəhətdən təmin edir. Qalan təminat isə kameranın «Nəfəs» filmindən xatırladığımız «fələkvari» manevrləridir. «Kormal»ı simvollarla yükləyən müəlliflər lent boyunca filmin adının məna-təyinlərini bu vizual estetik kadrlarla göstərməyə çalışırlar. Ağ-qara kadrlar... Neft buruqları, boz çöllər, külək... Neft borularının üstündə gəzən kor qoca.
   Evinin yanında dilənən kor oğlan. Bunları tale bir yolun iki tərəfində dilənməyə məhkum edib. Korların rəqabəti. Onlardan biri - kor qoca neftlə gözlərini aça bilir. O birisi isə qocanın ölümünü sifariş verir. Gözləri açılan az vaxtda dumanlı nəsə görə bilir. Sonuncu gördüyü də üstünə gələn yük maşını olur. Yıxılansa yenə də cavan kordur. Nankordur. Adamların mərhəmətini - diləndiyi pulları başqasının, günahsızın öldürülməsinə xərcləyir. Filmdən çıxan məna tezislər sualla bitir:
   -Kor yaşamaqdansa, gözüaçıq ölmək?
   -Neftlə açılan gözlər?
   -«Geniş qapanmış gözlərlə» filminə aksent?
   -«İnsan mənəviyyatı» kimi ümumi ideya?
   Bu sualları film sonrası tamaşaçılar çözəcək. Həm də ona görə ki, filmin səslənişi çox keyfiyyətsizdir. Qəhrəmanların nə dedikləri aydın deyil. Qocanın söylədiyi beytin qəzəl olduğunu yalnız ahəngindən bilmək olur. Ümumiyyətlə səs, görüntü texniki keyfiyyətsizlik filmi daha da korlayır. Simvollar açıq qalır. Deyilən eşidilmir.
   
   «Mozalan»a yarayan
   «Saat» və «Daşatan»
   

   Filmi izləyən kinoşünas «qruplaşmasının» yekun və yekdil rəyinə görə, «Daşatan» və «Saat» filmləri «Mozalan» satirik kinojurnal süjetləri həcmində, çərçivəsində və janrında daha baxımlı olardı. Çünki «Daşatan» da, «Saat» da da problemin qoyuluşu belə idi. Əgər «Daşatan»da problem rejissorun dediyi kimi «yaradıcı adamın problemləri»dirsə, bu ciddi qatda deyil, olsa-olsa yaradıcı adamın bəhanələridi, texniki maneə problemlərdir ki, milçək vızıltısı kimi ürək bulandırır və filmin ideyasını qısametrajlı filmdənsə, «Mozalan» süjetinə yararlı edir. Problem daşatan heykəlini yaradan heykəltəraşın əsərinə bədii şurada verilən şərhlərdə deyil. Bu özlüyündə maraqlıdır. Hətta bədii şura haqqında yaradıcı adamlar arasında bundan qat-qat maraqlı lətifələr də dolanır. Bunlar olsa-olsa sənətdən kənar adamın əsərə verdiyi qiymətdir. Bunu faciələşdirməyə dəyməz. Bu sahədəki yaramazlıqlar «Mozalan» süjetinə yararlıdır. Üstəlik qəhrəmanın bayağı romantikası tamaşaçını qıcıqlandırır. Emalatxanası söküləndə belə bu adamın ağzından bir kəlmə «istedadlı» söyüş, tənə eşidilmir. Rakurs aydındır. Yaradıcı adama yer tapılmır. Onun heç yerdə yeri yoxdur. Əlbəttə, bu problemdir. Hətta əbədi və əzəli problemdir. Müəlliflərsə bunu cılızlaşdırıb. Yalnız bədii şuranın sədri rolunda Ağaxan Salmanov öz teatral oyunu ilə əsərin satirik janrını düzgün təyin edir. O qətiyyən kino aktyoru deyil. Amma «Mozalan» süjeti çəkilsə, Ağaxan Salmanovun tayı yoxdur.
   «Saat» məzmun və janr etibarilə daha çox özünü doğrultdu. Nəvəyə xəstə babasına vaxtlı-vaxtında dərman vermək tapşırılır. O, dərman şüşəsini bilmədən sındırır. Dərmanın qəbulu vaxtını gecikdirməmək üçün saatı saxlayır. Babasının ona bağışladığı tarı satıb dərman alır. Baba dərmanı içdikdən sonra saat öz işinə davam edir.
   
   Aliyə
   
   

   19 mayın görüntüləri
   
   İttifaqın tamaşa zalında «Bu meydan, bu ekran - 2008» müsabiqəsi çərçivəsində çəkilmiş qısametrajlı filmlərdən «İki» («RTR» prodakşn) və «Qocalar» («İmper qrup» prodakşn) ilə yanaşı, «Debüt» studiyasında istehsal olunmuş «Xəyallar gündəliyi» də nümayiş olundu. Qeydlərimə «Bu meydan, bu ekran» müsabiqəsi çərçivəsində reallaşan filmlərdən başlamaq istərdim.
   
   «İki» - film adına layiq qiymət aldı
   
   Film Məqsəd Nurun ssenarisi əsasında «RTR» prodakşnda rejissor Hacı Həsənov tərəfindən lentə köçürülüb. Baş rolu gənc aktyor Amid Qasımov oynayırdı. «İki» Qarabağ mövzusundan bəhs etmək istəyən bir filmdir. Qaçqın Cəfər (Amid Qasımov) Qarabağda özünün və ailəsinin başına gələn hadisələrdən sonra yeni sivilizasiyaya qədəm qoyan Bakının göydələnləri arasında təhlükəsizlik xidmətində çalışır. Rejissor göstərir ki, Cəfər bura biganədəir. Qaçqınçılıqdan əvvəl və qaçqın düşərkən başına gələnlər onu rahat buraxmır. Hətta göydələndə yaşayan və hər gün onu Qarabağdakı hərbi toplardan fərqli olaraq rezin topu ilə narahat edən məktəbli «qaqaş»ın da öz ingilis dili müəlliməsinin ona «düzəltməsini» qəbul etmir, «axı o, müəllimədir» deyərək cavab verir. Göydələnlər arasında təhlükəsizlik xidmətinin otağında əyləşən Cəfər gün ərzində 5-6 dəfə evlə əlaqə saxlayır. Evdəkinin çörək yeməsi, dərman içməsi və yatması ilə maraqlanır. Bunun kimliyi tamaşaçıya sonda evdə əlil arabasında gəzən və vaxtilə Qarabağda onu daim əzişdirən bacısı olduğu açıqlanır. Onlar canlarını götürüb qaçarkən yük maşını mərmiyə tuş gəlib. Mövzudan göründüyü kimi, filmdə Qarabağ müharibəsində baş vermiş və tamaşaçının diqqətini çəkə biləcək elə bir hadisə yoxdur. Yəni bütün müharibələrin yaratmış olduğu ümumi mənzərə. Amma bu mənzərədə elə hadisələr var ki, onlar insanların hisslərinə təsir edir. Amma «İki» filmində nümayiş olunanlar telekanallarda iki gündənbir göstərilən və tamaşaçıların artıq alışdığı kadrlardan fərqlənmirdi.
   
   Günün xilaskarı - «Qocalar»
   
   Filmi Nərgiz Bağırzadənin ssenarisi əsasında gənc rejissorlar İsmayıl Məmmədov və Fariz Əhmədov «İmper qrup» prodakşnda istehsal etmişdilər. Baş rollarda tanınmış aktyorlar, xalq artistləri Elmira Şabanova və Tariyel Qasımov çəkiliblər. Filmdə ər-arvad olan iki qoca aralarında olan münasibətlər nəticəsində əmələ gələn ziddiyyətlərlə yaşayırlar. Onlar iki nəfərdilər. Şəhərin mərkəzində yaşayırlar. Kişi evdə dibçək gülləri becərməklə həyatını maraqlı etmək istəyir. Öz arvadını da buna sövq edir. Arvad isə əksinə, gülləri sevmir, çünki kişisi onları bəslədiyindən, ona vaxt ayırmır, onunla gəzməyə getmir. Hətta ev işləri ilə məşğul olarkən dibçəkləri «təsadüfən» sındırır. Kişi isə sınmış dibçəkdəki gülə yenidən həyat vermək üçün mətbəxdə dibçəyi əvəzləyəcək gülü əkmək üçün qab axtararkən bütün qab-qaşığı bir-birinə vurur, elə o da bilərəkdən. Belə vəziyyətdə qadın kişisinə köbud sözlər deyir, kişi isə onları diktofona yazır. Qadın qocalar evinə gedir. Kişi tək qalır. Parkda tanış olmaq istədiyi qadın ayaqqabısını təmirə aparan kişisini gözləyir. Arvad da qocalar evində darıxır. Burdakı çiçəkləri bəsləyir. Kişi hər gün evdə diktofonda arvadının ona dediyi kobud sözlərə qulaq asır. Bir gün diktofonda deyilən bu sözləri arvadının dediyi canlı sözlər paralel davam etdirir. Həyat davam edir, qocaların da həyatının duzu deyinmələrindədir. Mövzu özəl və gözəl idi, amma teatral oyun, filmi teletamaşa səviyyəsinə endirmişdi. Texniki keyfiyyətlər barədə isə bir az sonra.
   
   «Xəyallar gündəliyi»nin mənzərəsi
   
   Həmin gün «Bu meydan, bu ekran - 2008» müsabiqəsi çərçivəsində çəkilmiş qısametrajlı filmlərdən əlavə olaraq gənc rejissor Həbibə Mirzəyevanın debüt etdiyi «Xəyallar gündəliyi» filmi də nümayiş olundu. Xatırladaq ki, qısametrajlı filmin ssenari müəllifləri Ramiz Rövşən və Həbibə xanımın özüdür. Film başlarkən operator Rəşad Nuriyevin kamerası, hardasa 2 dəqiqə Bakının müasir mənzərəsini nümayiş etdirir - küçələr, maşınlar, insanlar, parklar, binalar və s. Amma bunların filmin məzmununa nə qədər xidmət etdiyi bəlli olmur. Parkda tanış olduğu oğlana öz real həyatı əvəzinə, xəyallarındakı həyatını nəql edir. Hətta arzuladığı maşını da deyir. Amma bu maşın böyük şirkət sahibi olan həmin oğlana məxsusdur, özü də ağ rəngdə yox, süd rəngində. Filmin finalı da həmin sonluqla bitir: süd rəngli maşında olan oğlan qızın qarşısında pəncərəni açır.
   
   Nədir çatışmazlıq?
   
   Hər üç filmin qüsuru musiqi ilə də bağlıdır. Filmləri əvvəldən sonadək musiqi izləyir. Film ekranda görünən kimi musiqi səslənir. Bəzi kadrlarda həm musiqisiz keçinmək, həm də bunu yoxlamaq da olar. Eynilik yenilik istər axı.
   İkinci qüsur isə aktyorların danışarkən sanki donmasıdır («İki» filmində daha çox hiss olunur). Bu hərəkətsizlik tamaşaçını yorur. «Qocalar»ı bəzi məqamlarda istisna etməklə digər iki filmdə dinamika sıfır səviyyəsində idi. Hərəkətsizlik baş alıb gedir. Məlumdur ki, qısametrajlı filmlərdə maliyyə və zaman məhduddur. Belə bir şəraitdə isə gənc rejissorlar (əsasən də Həbibə Mirzəyeva, Hacı Həsənov) filmin süjet xəttinə xidmət etməyən kadrlardan geninə-boluna istifadə ediblər. Bildiyimiz kimi, qısametrajlı filmlərdə hər bir kadr hadisəyə xidmət etməlidir (elə tammetrajlıda da), çünki indi film bitəcək. Tamaşaçı səndən məna-mətləb gözləyir. Sən isə tamaşaçını məzmunsuz kadrlarla aldadırsan. Elə özünü də. «Qocalar»ın kino effektini verən detallarla işlənilməməsi filmi teletamaşa səviyyəsinə endirə bilmişdi. Amma mövzu bunu tamaşaçıya unutdururdu. «İki» filmində isə operator kino effektini nümayiş etdirsə də, süni kadrlardan və operator pafosundan yayına bilməmişdi.
   Sonda qeyd dim ki, Bakıda 5 ildir ardıcıl (2004-2008) «Start» Beynəlxalq Tələbə Filmləri Festivalı keçirilir. Burada onlarla ölkədən tələbə filmləri nümayiş olunur. Bu beş ildə aldığımız məlumata görə, onlar bu filmləri elə də böyük maliyyənin hesabına çəkmirlər. Amma ortaya qoyduqları filmlərin əksəriyyəti 3 il ərzində keçirilən «Bu meydan, bu ekran» müsabiqəsi çərçivəsində çəkilmiş qısametrajlı filmlərin (iki-üç film istisna olmaqla) əksəriyyətindən üstündür.
   
   İntiqam Hacılı