Gənc kinematoqrafçıların sınağı və yeni yaranmış prodüser mərkəzlərinin inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən keçirilən «Bu meydan, bu ekran» müsabiqəsi 3 ildir davam etdirilir. Birinci dəfə müsabiqədə 3 , sonrakı il 5 və keçən il isə 8 layihə nəzərdə tutulmuşdu.
   
   2006-cı ilin qalibləri («Qrinviç xətti», rejissor Yusif Quliyev, «Nəfəs», rejissor Xəyyam Abdullayev, Elməddin Alıyev, «Ev», rejissor Asif Rüstəmov) arasında «Ev» filmi öz orijnallığı ilə seçilirdi. Amma mövzu baxımından bu bir o qədər də uğurlu deyildi. Yusif Quliyevin cəhdləri də pis alınmamışdı. 2007-ci ildə «Bu meydan, bu ekran» («Yalançılar», rejissor Əbdülqəni, «Pəriqala», rejissor Mikayıl Mikayılov, «Düyün», rejissor Əli İsa Cabbarlı, «Qanadlarıma sığal çək», rejissor Samir Kərimoğlu, «Dünən qəfildən gəldi», rejissor Mübariz Nağıyev) layihəsi özünün pik dövrünü yaşadı. Əsasən də «Düyün», «Yalançılar» və «Qanadlarıma sığal çək» bu və ya digər keyfiyyətləri ilə seçilirdi. Bir özəllik də ondan ibarət idi ki, 2007-ci ildə keçirilən müsabiqə həm də 2006-cı ilin rejissor və kino şirkətlərini təkrarlamamışdı («Dərviş» prodüser mərkəzi istisna olmaqla). Müsabiqənin bu cür uğuru növbəti ilin «Bu meydan, bu ekran»ından böyük nailiyyət gözləməyə əsas verirdi. Özü də bu dəfə prodakşn və gənc kinematoqrafçılar 8 yer uğrunda (3 Qarabağ, 5 sərbəst mövzuda) mübarizə aparacaqdılar. Nəhayət, 2008-ci ilin də qaliblər məlum oldu və 8 layihə 7-yə endirildi, Qarabağ mövzusuna 2 filmin çəkilməsi məsləhət bilindi. Əsaslandırıldı ki, ssenarilər zəif idi. Bu 7 layihədən görünür ki, 2 film Xəyyam Abdullayev -Elməddin Alıyev cütlüyü, 2 filmi isə keçən ilin ən aktiv gənc rejissorlarından olan Fariz Əhmədov araya-ərsəyə gətirib. Prodakşnlar arasında isə «İmper qrup» 2 layihəyə imza atıb. Bütün bunları sadalamaqda deməyim odur ki, adıçəkilən gənc rejissorlara və onların rəhbərlik etdikləri prodakşnlara dövlət tərəfindən (Mədəniyyət və Turizm Nazirliyi) bundan artıq dəstək gözləmək gülüncdü. Bu cür əlverişli sınaqda yalnız özünü doğrultmaq qalmışdı. Bildiyimiz kim, «Bu meydan, bu ekran-2008»in filmləri üç gün - 19-20-21 may tarixlərində Teatr Xadimləri İttifaqının zalında nümayiş olundu. Bu qısametrajlı filmlərin 5-i («Qocalar», «Koramal» «İki», «Daşatan» və «Saat») haqqında qəzetimizin ötən saylarında məlumat vermişdik. Bu gün isə 21 may tarixində nümayiş olunan digər üç film («Qara qutu», rejissorlar Xəyyam Abdullayev, Elməddin Alıyev) «Bir addım» (rejissorlar Fariz Əhmədov, Nərgiz Bağırzadə) barədə qısa mülahizələrimizi söyləmək istərdik.
    «Qara qutu»dan başlayaq. Film boyu zabit reportyorun arxasınca düşərək onu ələ keçirməyə çalışır. «Vilis» markalı maşını sürən zabit reportyoru tək özü tutmaq istəyir. Maraqlıdır ki, niyə yüksək rütbəli bu mayor özünə 4-5 əsgər qoşmayıb? Ümumiyyətlə, maraqlıdır ki, bu cür mövzu nə qədər tamaşaçını cəlb edir? «Bir addım»da aktyorların oyunu diqqəti daha çox cəlb etdi. Məşhur «Ölsəm, bağışla» (ssenari Rüstəm İbrahimbəyov, rejissor Rasim Ocaqov) filmindən yaxşı tanıdığımız Gülzar Qurbanova və Pantomima Teatrının aktyoru Pərviz Məmmədrzayev «Bir addım»ı öz addımları ilə irəli aparmışdılar. Film kor qəhrəmanın özünü intihar edərkən, onu bu addımdan qurtaran «xilaskar pəri» ilə münasibətləri nəticəsində öz korluğuna «vurulmasından» bəhs edir. Korluğu ona sevdirən «pəri» indi ailədə ona problem yaradıb. Kor (Pərviz Məmmədrzayev) arvadının onun gözlərini müalicə etməsinə (Gülzar Qurbanova) qarşı çıxır. Amma bütün cəhdlər uğursuz alınır. Real həyat qalib gəlir, korun gözləri açılır və həyat öz rəngini göstərir. Elə film boyu müşayiət olunan ağ-qara rəngi də finalda rəngli kadr əvəz edir. Mövzu baxımından bəsit olan filmi aktyorların oyunu ilə gənc rejissorların cəhdi baxımsızlıqdan qurtara bilmişdi, bir addım da olsa.
   Beləliklə, «Bu meydan, bu ekran-2008» müsabiqəsinin filmlərinə baxış keçirilməklə yekun vuruldu. Nəticə onu göstərdi ki, builki müsabiqənin filmləri əvvəlkilərindən zəif alındı. Qeyd edək ki, müsabiqə 2009-cu ildə keçirilmədi.
   
   İntiqam