«A yoldaş, bir az sakit olar?»
   
   Əslində qəhrəmanlar maraqsız adamlardır. Adətən, birxətli yaşamağı, ancaq qəhrəmanlıq etməyi proqramlaşdırırlar. Onların başqa seçimləri yoxdur. Qəhrəmanları kütlə üçün maraqlı edən özlərindən çox, ətraflarındakı ikinci dərəcəli obrazlardır. Əgər doktor Vatson olmasaydı, oxucu başladığı araşdırmaları mütləq uğurla başa çatdıran Şerlok Holmsdan çox tez doyardı. Yel dəyirmanları ilə döyüşən Don Kixotu da Sanço Pançosuz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan kinosu da həmin qəhrəmanlara oxşayır. Filmlərdə ikinci, üçüncü dərəcəli obrazlar və onları araya-ərsəyə gətirən aktyorlar baş qəhrəmanlardan daha çox yadda qalır.
   Bu yazı belə aktyorlardan birinə - xalq artisti Eldəniz Zeynalova həsr olunur.
   
   Yaratdığı obrazlara görə, 1999-cu ildə «Humay ilahəsi» mükafatına layiq görülüb
   
   Eldəniz Zeynalov Bakıda hərbçi ailəsində dünyaya gəlib. Eldəniz adını ona həmin vaxt tamamilə təsadüf nəticəsində bu ailədə olan xalq şairi Səməd Vurğun verib. Eldəniz orta məktəbdə oxuyanda tanınmış aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinə üzv yazılıb. Aktyor kimi ilk təcrübəsi Akademik Dram Teatrının səhnəsində «Sevil» tamaşasında oynadığı Gündüz rolu olub. Teatr İnstitutunda rejissor Adil İsgəndərovun kursunda oxuyub.
   Kinoda ilk dəfə Adil İsgəndərovun «Əhməd haradadır?» musiqili kinokomediyasında rəngsaz Əhməd rolunda çəkilib və bundan sonra bütün yaradıcılığını və həyatını milli kinomuzla bağlayıb. Görkəmli aktyor, müəllimi A.İsgəndərovun xeyir-duası ilə 30-dan artıq filmdə «İyirmialtılar» (komissar Vəzirov), «Yaşamaq gözəldir, qardaşım» (Mustafa Sübhi), detektiv «O qızı tapın» (Səyavuş), «Mən nəğmə qoşuram» (Sədr), «Qızıl uçurum» (Nuru bəy), «Bizim Cəbiş müəllim» (alverçi Qulam), «Yeddi oğul istərəm» (kəndli Kazım), «Həyat bizi sınayır» (Məsi), «Yol əhvalatı» (Şikayətçi), «Babamızın babasının babası» (Həkim), «Əzablı yollar» (Div) və «Ömrün səhifələri» kinoalmanaxında («Rəqiblər» novellasında Eldəniz) çəkilib.
   Kinoda ilk böyük rolu «Bir cənub şəhərində» filmindəki Tofiq obrazı olub. Bunlardan əlavə E.Zeynalov «Mozalan» satirik kinojurnalında da iştirak edib. Həmçinin «Təyyarələr enmədi» özbək filmində Yavər rolunu oynayıb və «Mosfilm»də istehsal olunmuş «Dulsineya Tobosskaya» filmində epizodik rolda çəkilib. İstedadlı aktyorun son işləri rejissor Vaqif Mustafayevin («Hər şey yaxşılığa doğru», «Yerlə göy arasında» və s.) filmlərində olub.
   
   Onun simasında kinomuz bakılı obrazını itirdi
   
   …Onlar filmin müəyyən bir hissəsində peyda olarlar. Ya katalizator rolunu oynarlar - hadisələri qızışdırarlar və ya düyünlərin açılmasına kömək edərlər. Ya da qısa bir replika atıb sadəcə yoldan keçərlər və onları bir daha görə bilməzsiniz. Amma unutmazsınız. Bəzən bütün filmdən təkcə onlar qalar yaddaşınızda. İkinci dərəcəli, epizodik rollar... Və onların ifaçıları...
   Qəhrəmanları oynamaq asandır. Onsuz da filmin davam etdiyi müddət ərzində bütün diqqətlər baş qəhrəmanda cəmlənir, əhvalatlar onun ətrafında cərəyan edir. Tamaşaçı ilk epizoddan ondan nə gözləməli olduğunu bilir. Aktyor da tamaşaçının gözləntilərini reallaşdırır. Epizodik rollar ifaçısının işi daha çətindir. Onlar vəzifələrini yerinə yetirməkdən əlavə, həm də səsləndirməli olduqları balaca cümlə ilə, ya bircə baxışla xarakter büruzə verməli, əsas qəhrəmanların fonunda itməməlidirlər. Eldəniz Zeynalov kimi aktyorlar bu prosesin formulunu tapmışdılar. Bu formul səmimilikdir. Tamaşaçı ilə səmimi olmaq, ona onun özünü, qonşusunu, yaxşı tanıdığı tanışını göstərmək... Eldəniz Zeynalovun yaratdığı obrazların hamısı adi insanlar, məişət torunda çabalayan, həyatın dolanbaclarında sağ qalmağa, ailəsini birtəhər dolandırmağa çalışan, bir sözlə, başını aşağı salıb öz çax-çuxu ilə məşğul olan balaca adamlardır. Kəndli Kazımın («Yeddi oğlu istərəm») parodoksal cəmiyyətin absurd tələblərinə uymaqdan, bayrağı gah damın başına sancmaqdan, gah da çıxarmaqdan başqa nə çarəsi var. Onsuz da o, hər an qurban verilməyə hazır piyadadır. Vaxtı çatanda ipi kəsiləcək.
    «Yol əhvalatı» filmindəki şikayətçi də, «Rəqiblər»dəki Eldəniz də, «Bir cənub şəhəri»ndəki Tofiq də kəndli Kazımın şəklini dəyişmiş, yeni şəraitə adaptasiya olunmuş təsviridir. «Bəyin oğurlanması» filmində hətta ona müvəqqəti olaraq bəzi səlahiyyətlər də veriblər. O isə əlinə düşmüş ani fürsətdən yararlanır və qarşısında can-dildən oynayaraq onu razı salmağa çalışanlardan daha çox «emosiya» tələb edir. Vaqif Mustafayevin «Yerlə göy arasında» filmində isə artıq elə yorulub ki, hər şey onun üçün «ləhlülüyə» çevrilir.
   
   İntiqam