Çəkdiyiniz hər şeyi özünüzdən keçirin
   
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) texniki təchizatı yaxşı vəziyyətdə deyil. Bunu ADMİU-nun rəhbərliyi də etiraf edir. Elə buna görə də milli kinonun inkişaf proqramında ADMİU-nun texniki bazası da nəzərə alınıb. Bizim tələbələr indiyəcən texniki şəraitsizlikdə film çəkirdilər, özü də əksəriyyəti VHS-lə. Bu kameranın adı çəkiləndə elə bilirəm söyüş söyürlər.
   
   Tələbələrinə arxalanan Ukrayna
   
   Ukraynada da kinonun vəziyyəti pisdir, filmlər az çəkilir, amma onlar bu gün bütün qüvvələrini gənclərə verib. Ukraynanın xalq artisti, kinorejissor, kinooperator, professor Aleksandr Koval sənədli filmlər studiyasının direktoru olarkən SSRİ dağılan ərəfədə həmin studiyanı bağlamaq istəyiblər. Amma o, bir gecənin içində balans aktlarını imzalayaraq sexləri instituta verir. Səhərsi gün deyir: «Bağlayın görüm, necə bağlayacaqsınız. Mənim arxamda beş yüz tələbə dayanıb». İndi Ukrayna tələbələri filmlərini 35 mm-lik kinolentə çəkirlər. Hazırda Kiyev Milli Teatr, Kino və Televiziya Universitetindən əlavə, müstəqil fəaliyyət göstərən Ekran Sənətləri İnstitutu yaradılıb.
   Bu, kiçik nailiyyət deyil. Çünki VHS və kino tamamilə fərqli, müqayisəolunmaz anlayışlardır.
   Kiyev Milli Teatr, Kino və Televiziya Universiteti qərar verib ki, heç kim heç bir yerə təkbaşına, müstəqil şəkildə film göndərməyəcək. Əgər tək olmaq istəyirsənsə, filmin üzərindən universitetin adını sil. Bununla da universitetin imici qorunur. Məncə, bu sistem ADMİU-da da tətbiq olunmalıdır. Ukraynada müəllimlər şurasından əlavə bədii şura da fəaliyyət göstərir. Ora pedaqoqlarla yanaşı tələbələr də daxildir. Birinci kursdan etibarən imtahanlarda bədii şura da iştirak edir. Şuranın üzvlərinə müəllimlər, emalatxana rəhbərləri daxildir. İkincilər mütləqdir. Çünki ingilis dili və ya tarix müəllimi gələ də bilər, gəlməyə də. Amma emalatxana rəhbərlərinin iştirakı vacibdir. Tələbələr öz nümayəndələrini göndərirlər və bədii şuranın sədrini seçirlər. Bu, tələbə özünüidarəetməsidir. Ukraynadan ona görə söhbət saldıq ki, onlar da vaxtilə bizim ölkə ilə bir imperiyanın tərkibində olub. Deməli, çıxış yolu var.
   
   Onlar mütləq atom bombası hazırlayacaqlar
   
   İndi isə keçək İrana. İran filmlərinə baxdıqda kino dilini asanlıqla anlayırsan. Bu filmlərə baxdıqda fikirləşirsən ki, onlar həqiqətən kino işi ilə məşğuldurlar. Bütün filmlər, hətta ən primitiv dramaturgiyaya malik olanı belə yüksək peşəkarlıqla çəkilib. Çünki onlar kino dilində çəkilib.
   Kino dili ayrı bir aləmdir, əziz oxucular və tamaşaçılar! Misal üçün, Miloş Formanın «Qu quşu yuvası üzərindən uçuş» filmindəki tibb bacısını xatırlayın. Onu boğurlar. O isə səhəri gün təzədən qayıdır. Boğazı sarıqlıdır, səsi cırıldayır, amma əclaf sağdır. Heç nəyi tərcümə etmək lazım deyil. Hər şey aydındır. Kino dilində çəkilən filmlər anlaşılandır, onların hansı dildə danışması elə də vacib deyil.
   
   Əvvəl texnikanı bilmək lazımdır, sonra oyun çıxartmaq
   
   Bəzi filmlər tamaşaçıdan göz yaşı çıxartmaq məqsədilə çəkilir, çünki yaşam kədərlidir. Pikasso dahi abstraksionist olmazdan qabaq, çox gözəl rəssam-qrafik idi. Eyzenşteyn deyirdi: «Rejissorluğu öyrətmək mümkün deyil, amma öyrənmək olar».
   İşləmək lazımdır. Bir də Boris Pasternak yazır: «Qəlb işləməyə məcburdur, hər gün, hər gecə». Bir də: «Məşhur olmaq yaxşı deyil». Bu da Pasternakındır. Səviyyəni məşhurluq qaldırmır. Bir də xalqın haqqında fikirləşmək lazımdır. Sənin elədiyin hər şey xalqın adına yazılır. Onunla bağlı baş verən hər şey sənə də toxunacaq. Deyəsən, bütün dünya xərifləyib. Yaşayıb, sevinmək lazımdır. Ona görə də çəkdiyiniz hər şeyi özünüzdən keçirib tamaşaçı üçün çəkin.
   
   İntiqam