Əlisəftər Hüseynovun 50 illiyinə
   
   Müdriklərdən biri deyib ki, ciddi işlərdə insanlar necə görünmək lazımdırsa, elə görünürlər, xırda məsələlərdə isə necə vardırlarsa, elə. Qəribədir, haqqında söhbət açacağım insan isə ciddi işlərdə də, xırda məsələlərdə də necə vardırsa, eləcə görünür, yəni olduğu kimi. O, bu günə kimi nə əqidəsindən dönüb, nə ətrafındakılara qarşı münasibəti dəyişib, nə də kiməsə nədən ötrüsə minnətçi düşüb. Dəyişən yalnız onun gördüyü gərəkli və əhəmiyyətli işlər, xeyirxah əməlləridir.  

   Yaxın illərin söhbətidir. 1985-ci ilin ortaları idi. Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosuna və onun nəşrlərinə-«Kino» qəzeti və «Film» jurnalına rəhbərlik edirdim. Bir gün redaksiyamıza cavan bir oğlan gəlib jurnalda çap olunmaq üçün material gətirdiyini bildirdi. Məqalənin adı bu günə kimi yadımdadır: «Musiqi mühüm amildir». Məqaləyə göz gəzdirib soruşdum: «Sizin musiqi savadınız var?» «Xeyr» cavabını alcaq ikinci sualımı verdim: «Siz kino işçisisiz?» Yenə də «xeyr». O, qısa pauzadan sonra dedi: «Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm, fərqlənmə ilə». O, son sözləri qürurla dedi. Elə yazısından da savadlı olduğu görünürdü. Bu gənc oğlan sonralar kino nəzəriyyəsi sahəsində istedadlı alim kimi tanınacaq, kino sahəsində bir neçə kitabın müəllifi, sənətşünaslıq namizədi, ADMİU-nun müəllimi olacaq Əlisəftər Hüseynov idi. Bir neçə gündən sonra o, yenidən redaksiyaya gəldi. Yenə də material gətirmişdi. Cavabım çox qısa oldu: «Məqalə çox xoşumuza gəldi. Sən belə məqalələrdən yenə gətir». O, xoş bir əhval-ruhiyyə ilə xudahafizləşib getmək istərkən, özüm də düşünmədən ona müraciətlə: «Vaxt gələcək, sən Azərbaycan kinematoqrafiyasının istedadlı sənətşünaslarından biri kimi tanınacaqsan. Bunu sənə mən yox, kino nəzəriyyəsi ilə bağlı yazdığın elmi məqalən deyir».
   Beləliklə də bu cavan oğlan uzun müddət bizimlə əməkdaşlıq etdi, dövri mətbuatda da onun bədii-publisistik və elmi-nəzəri yazıları çap olundu, ilk kitabı-«Sənətdə keçən ömür» 1990-cı ildə işıq üzü gördü. Kitab Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Həsən Məmmədovun həyat və yaradıcılığına həsr olunmuşdu. Kitabın bir nüsxəsini mənə bağışlayanda sevincim yerə-göyə sığmadı. Axı Azərbaycan kinosunun daim axsıyan kinoşünaslıq elminə yeni nəfəs gəlmişdi. Özü də kinomuzun nəzəri problemləri ilə məşğul olan mütəxəssisə böyük ehtiyac duyulurdu. Elə bu gün də ehtiyac böyükdür. Onun ilk kitabını oxuyarkən bu insanda iki cəhət mənim diqqətimi cəlb etdi: Onun Azərbaycan kinosuna olan böyük məhəbbəti və bu sahədə gərgin əməksevərliyi. Onunla ilk görüşdə zənnimdə yanılmadığım kimi, bu dəfə də fikrim qəti idi. «Döyüş havası» (1996), «Yuxudan reallığa» (1998), «Kino və poeziya» (2000), «Tanış mövzuda variasiyalar» (2009) kitabları, ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olması, kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu və s. mövzularda yazdığı məqalələrin «Ulduz», «Qobustan» jurnallarında, «Kino +», «Bakı», «Yeni fikir», «Müstəqil qəzet», «Ülfət» qəzetlərində çap olunması, mütəxəssislər və oxucular tərəfindən maraqla qarşılanması bunu bir daha təsdiq edir. Ən başlıcası «Kino və poeziya» monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırmasını, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut etməsi kinoşünaslıqda əlamətdar hadisəyə çevrilmişdir. Hətta o, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Kino sahəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə» müsabiqəsinin qalibi olmuşdur. Eyni zamanda rumın mənşəli fransız dramaturqu E.İoneskonun «Borc qurbanları» pyesini, X.Kortasarın, A.Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə etmişdir.
   Ən maraqlısı burasındadır ki, o, yaradıcılıqla məşğul olmaqla bərabər 1983-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətdə olmuş, Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmiş və baş leytenant rütbəsindən polkovnik-leytenanta qədər yüksəlmişdir. Əhsən belə oğula!
   Tale elə gətirdi ki, biz bir neçə il bundan əvvəl yenə də bir yerdə əməkdaşlıq etməyə başladıq. Bu dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində. Hər ikimiz bu elm ocağında dərs deyirik, mən Azərbaycan kino tarixindən, o isə kino nəzəriyyəsindən. O, öz bilik və təcrübəsini tələbələrinə böyük həvəslə öyrədir, onların kino sənətini dərindən başa düşmələri üçün əlindən gələni əsirgəmir. Tələbələri də müəllimlərindən çox razılıq edirlər, onun xətrini çox istəyirlər. Həmkarım elmi axtarışlarının nəticəsi olaraq 2007-ci ildə uğurla «Ekran sənəti və poeziyanın qarşılıqlı əlaqələri problemləri» mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsini alıb. Belə bir məsəl var, deyərlər: «Alim olmaq asandır, adam olmaq çətin». Bilmirəm, bu sözlərdə nə qədər həqiqət var, amma onu yaxşı bilirəm ki, alim olmaq da çətindir, adam olmaq da. Xoşbəxtlikdən həmkarım, dostum Əlisəftər müəllim həm alimdir, həm də gözəl insan, çox sadə, yumşaq təbiətli, böyüklə böyük, kiçiklə kiçik, həm də mehriban ailə başçısı.
   Əlisəftər müəllimin bu günlərdə 50 yaşı tamam olur. O, həyatda nə qazanıbsa özü qazanıb, öz zəhməti ilə, alın təri ilə: hörməti də, cəmiyyətdə tutduğu mövqeyi də. Mirzə Şəfi Vazeh demişkən:
   Sən özün qazanmasan
    səadətini hərgah,
   Onu sənə verəmməz
    nə bir Allah, nə bir şah.
   Doğru sözə nə deyəsən. Birinci yarım əsri ləyaqətlə başa vurub, ikinci yarım əsrə alnıaçıq və yaxşı əhval-ruhiyyə ilə qədəm qoyan gözəl ziyalımız Əlisəftər Hüseynovun istər şəxsi həyatında, istərsə də çoxşaxəli yaradıcılığında ona daha böyük uğurlar arzulayıram.
   
   Aydın Kazımzadə,
   kinoşünas