Fransız rejissoru Kristian Jakın çəkdiyi «Fanfan-Zanbaq» bədii filmi 1952-ci ildə Kann kinofestivalının baş mükafatını - «Qızıl palma budağı»nı alıb. Filmin uğur qazanmasının əsas səbəbkarları heç şübhəsiz, öz gözəl ifaları ilə həm münsiflər heyətini, həm də tamaşaçıları məftun edən istedadlı Jerar Filipp - Cina Lollabricida aktyor cütlüyü olub. Müxtəlif telekanallarda vaxtaşırı göstərilən bu film indi də kinosevərlər tərəfindən böyük maraqla izlənir.   

   Filmin baş qəhrəmanı «Zanbaq» ləqəbli şən və hazırcavab, cəsur və qorxubilməz, daim macəra axtaran fransız əsgəri Fanfandır. Folklorşünasların fikrincə, xalq qəhrəmanının rolunu oynayan bu personaj XVIII əsr Fransada, XV Lüdovikin hökmranlığı dövründə doğulub. Əfsanəyə görə, 1745-ci ildə Fontenua yaxınlığında ingilis qoşunlarını məğlub edən fransız döyüşçüləri sırasında serjant Fanfan xüsusi qəhrəmanlıqları ilə fərqlənib. Həmin döyüşdən sonra kralın xanımı Madam Papadur mərd döyüşçüyə «Zanbaq» ləqəbini verməyi qərara alır və beləliklə, ağıllı, qadınların ürəyini fəth edən və haqq-ədaləti müdafiə etmək üçün mübarizəyə atılmağa hazır olan Fanfan obrazı ekran əsərində öz təcəssümünü tapır.
   Qeyd etmək lazımdır ki, kinofilmin ərsəyə gəlməsindən xeyli əvvəl şən və avara Fanfan - Zanbaq fransız əsgərlərinin oxuduqları hərbi mahnıların personajı olub. Bundan əlavə, müxtəlif təhlükəli macəralardan salamat çıxan Fanfan sonralar populyar pyes və romanların, komik opera və operettaların qəhrəmanına çevrilib.
   Əgər statistikaya müraciət etmiş olsaq görərik ki, xalq qəhrəmanı Fanfan haqqında süjet dörd filmdə öz əksini tapıb. Birinci variant 1907-ci ildə dünyada ilk qıdın kinorejissoru Arisa Qoti tərəfindən ekranlaşdırılıb. XX əsrin əvvəlində çəkilən bu sadə filmi yalnız kino tarixçiləri xatırlaya bilərlər. İkinci dəfə bu süjet 1925-ci ildə lentə alınıb. Əksər kinosevərlərin yaddaşında isə 57 il bundan əvvəl baş rollarda təkrarolunmaz Jerar Filip və Cina Lollabricidanın gözəl ifası ilə çəkilən üçüncü variant həkk olunub. Bu variant dünya kinosunun klassik əsərləri sırasına daxil olub.
   Yarım əsr keçəndən sonra başda prodüser Lyuk Besson olmaqla, bir qrup Fanfan haqqında, bu dəfə Vensan Peresin ifasında çəkilən filmin dördüncü variantını təkrar Kann festivalına gətirsə də, bu ekran əsəri müvəffəqiyyət qazana bilməyib.
   Təəssüflə qeyd edək ki, gənc nəsl ötən əsrin birinci yarısının populyar və istedadlı aktyoru Jerar Filipin yaradıcılığı ilə az tanışdır. Mürəkkəb taleli, ağır xasiyyətli J.Filip yaşlı nəslin xatirəsində güclü və xeyirxah qəhrəman kimi qalıb.
   Cəmi 37 illik qısa ömür yaşamış sənətçi məşhur teatr və kino rejissorlarının quruluş verdiyi əsərlərdə klassik obrazlar yaradıb. Yaradıcılığa teatr səhnəsindən başlayan Jerar Filip daha sonra ardıcıl olaraq filmlərdə çəkilməklə tamaşaçı məhəbbətini qazanır. Onun kinoda ilk uğurlu işləri - «İdiot» (1946, knyaz Mışkin), «İblis qiyafəsində» (1947, rej. K.Otan-Lara), «Belə gözəl, balaca çimərlik» (1949) filmlərində olub.
   Jerar Filip kədərli-romantik qəhrəmanların cəmiyyətdən uzaqlaşmasını «Cülyetta, yaxud yuxuların çözülməsi» (1951, rej. M.Karne), «Gecə gözətçiləri» (1952, rej. R.Kler) filmlərdə ustalıqla göstərə bilib. İstedadlı aktyor eyni zamanda aşağıdakı filmlərdə güclü, ehtiraslı insanların obrazlarını yaradıb; Fabritsio («Parm qalası», 1947), gənc Faust («İblisin gözəlliyi», 1950, rej. R.Kler), Fanfan («Fanfan-Zanbaq», 1952 rej. Kristian Jak) və başqaları. Bunlardan əlavə, J.Filip quruluşçu-rejissor və baş rolun ifaçısı olmaqla, «Til Ulenşpigelin macəraları» filmində (1957, rej. Y.İvenslə birlikdə, Fransa - Almaniya) çıxış edib.
   Jerar Filipin aktyorluq məharəti mütəxəssislər və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilirdi. Onun oynadığı rollarda qəhrəmanlıq pafosu ilə romantik melanxoliya, ehtiras və yumor ahəng yaradırdı. J.Filip öz qəhrəmanlarının hünər və şücaətini şən və xeyirxah ironiya ilə ifa edirdi. 50-ci illərin ikinci yarısında Filipə bir sıra mürəkkəb obrazlar da müyəssər olub. Bunlar insan taleyi barədə düşüncələri, qəhrəmanların daxili aləmini əks etdirən filmlər idi. «Cənab Rinda» (1954), «Monparnas, 19» (1957, rəssam Modilyani haqqında), «Oyunçu» (1958) filmləri idi.
   Cazibəli siması olan dünya şöhrətli J.Filipin milyonlarla pərəstişkarı var idi. XX əsrin ortalarında populyarlıqda və tamaşaçı sevgisində Filiplə müqayisə olunacaq başqa bir kinoaktyor və estrada ulduzunu təsəvvür etmək çətindir. Yuxarıda adıçəkilən ekran əsərləri arasında onu daha çox sevdirən heç şübhəsiz, «Fanfan-Zanbaq» filmindəki obrazı olub. Çox təəssüf ki, J.Filip kino aləmində qısa zamanda parladı və tez də söndü.
   
   Həsən Tağıyev