Çexiyada keçirilən 44-cü "Karlovı Varı" Beynəlxalq Kinofestivalında Azərbaycan da təmsil olunur. A kateqoriyalı hesab olunan kinofestivalda Azərbaycanı təmsil etmək hüququ "40-cı qapı" bədii filminə verilib. Sözügedən film festivalın proqramına salınıb.
Elçin Musaoğlunun ssenari müəllifi və rejissoru olduğu "40-cı qapı" filmi dövlət sifarişi ilə "Ritm prodakşn"da istehsal olunub. Filmin prodüseri Xaqani Savalandır. Filmin baş rollarında Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları çəkiliblər. İyulun 9-dək davam edəcək festivalda filmin rejissoru Elçin Musaoğlu da iştirak edir.
Qeyd edək ki, bu ilin fevralında təqdimatı keçirilən "40-cı qapı" filmi elə bu yaxınlarda Beynəlxalq Hyuston Kinofestivalının "Qızıl mükafat"ını qazanıb.