Azərbaycan Televiziyası artıq bir neçə aydır ki, növbəti bir serialın çəkilişinə başlayıb. Bu barədə qəzetimizə məlumat verən xalq artisti Yasin Qarayev hələlik filmin 4 seriyadan ibarət olmasını deyir: “Serial yazıçı Etibar Sturvinin “Tahirənin intiqamı” romanı əsasında çəkilir. Ola bilsin ki, ad dəyişiklikləri olsun. İlk dəfə bu romanı oxuyarkən əsərin ideyası, qayəsini çox bəyəndim və bəzi dəyişikliklər edərək əsərin ssenarisini yazmalı oldum. Sonra ssenarini əməkdar artist Məhərrəm Bədirzadəyə göstərdim. O, da ssenarini çox bəyəndi. Sonra biz bu serialı çəkməyə qərara aldıq. Çəkilişlər artıq aprel ayından başlayıb”. Sadə bir azərbaycanlı qızının oğurlanmış gəncliyi, tapdalanmış mənəviyyatı, şəhər macəraları üzərində qurulmuş filmdə xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artist Məsmə Aslanqızı, Elxan Rzayev, Nicat Kazımov, Telman Əliyev və Bakı teatrlarının digər aktyorları iştirak edirlər. Serialın quruluşçu rejissoru Məhərrəm Bədirzadə, ssenari müəllifi Yasin Qarayev, quruluşçu operatoru İsa Kazımov, musiqisi İsmayıl Dadaşov və prodüseri Afiq Vəlimətovdur. Yasin Qarayevin verdiyi məlumata əsasən, serial artıq sentyabr ayından izləyicilərin ixtiyarına veriləcək.
Yeganə