Aydın Kazımov: «Kino tənqidi elə sədlə qarşılaşıb ki, onu aşmaq qeyri-mümkündür»
Aydın müəllimi təqdim etməyə, məncə, ehtiyac yoxdur. Azərbaycan kinosunun yaşını, tarixini yazmaq məhz bu insanın çiyinlərinə düşüb. Artıq 70 yaşın astanasında olan kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bugünkü Azərbaycan kinosuna verdiyi qiymət həm bizim üçün, həm də oxucularımız üçün, yəqin ki, maraqlı olar.
- Kinomuzun indiki vəziyyətini qiymətləndirmək üçün, istər-istəməz bir qədər keçmişə nəzər salmalıyıq. Onu nəzərə almasaq, bugünkü vəziyyəti dərk edə bilmərik. Müqayisə üçün deyim ki, SSRİ-də ildə 8 bədii film çəkilirdi. Bu, Moskvanın bizə verdiyi plan idi. Bu gün isə 10-a qədər film çəkilir. Bunların arasında qısametrajlı filmlər də var. Hətta ikiseriyalı filmlərə də rast gəlmək olar. Ona görə də müqayisə edəndə Azərbaycan kinosunda bugünkü irəliləyişi görmək olar. Mən bir kino tədqiqatçısı kimi faktlarla danışmağı sevirəm. Ona görə bu faktları diqqətə çatdırdım. Bu gün kinoya 6 milyondan artıq pul ayrılır. 1993-cü ildə bir bədii film də çəkilmədi.... bu gün isə dediyim kimi, on film çəkilir. Filmlərin çəkilməyindən başqa, burda əsas kadr məsələsi də önəmlidir. Azərbaycanda olan peşəkar kadrların yaşlılarının böyük əksəriyyəti dünyalarını dəyişiblər. Hansılar ki, kinomuzun özəyini təşkil edirdi. Sovet dövründəki orta nəsil isə artıq ağsaqqal sayılır. Sovet hökuməti dağılandan sonra ölkədə baş verən qarmaqarışıqlıq, bazar iqtisadiyyatına keçid dövründə kinomuzda bir boşluq əmələ gəldi. O boşluq sənətdə olan adamların çoxalması əvəzinə, çıxıb getməsinə səbəb oldu. Kino tək rejissor və aktyorlardan ibarət deyil, burda elə sahələrin adamları var ki, onlar universitet bitirmirlər, 20-25 il işləyəndən sonra o sahənin ustadları olurlar. Onların pərən-pərən olması ilə orta nəslin yaşlı nəslə çevrildi və beləliklə boşluq əmələ gəldi ki, bu da özünü uzun illərdir göstərir.
- Bu problem sizcə, həll olunurmu?
- Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsi düzgün çıxış yolu tapdı.
Vaxtilə “Debüt” studiyası yarandı, bir ara bağlandı. Amma indi yenidən fəaliyyətə başlayıb. Gənclər burada özlərini sınayırlar. Sonradan onlara böyük filmlər verilir. Lakin “Bu meydan, bu ekran” layihəsinin həyata keçirilməsi kinomuzun ən böyük uğurudur. Artıq hər bir kəs ssenarini yazıb prodüser mərkəzləri ilə birgə müsabiqəyə təqdim edir və ssenari bəyənilən təqdirdə onun çəkilməsi üçün maliyyə ayrılır. Filmlərin çəkilişi də gənclərə həvalə edilir. Buna görə dediyim o boşluq dolmaq üzrədir. Bu gün kinoda problemlər var, amma buna başqa tərəfdən baxaq. Aydınlaşdıraq ki, Azərbaycan kinosunun inkişaf istiqamətləri nədən ibarətdir: birinci növbədə kadr məsələsi.
Bu gün gənclərin səsi-sorağı xarici ölkələrdən gəlir. Əvvəllər biz ən yaxşı filmimizi xaricə çıxartmaq üçün Moskvanın icazəsi olmalı idi. Amma bu gün gənclərin səsi Amerikadan, Fransadan gəlir. Kann festivalında artıq bizim filmimiz iştirak edir. Şamil Nəcəfzadənin “Qala” filmi “Oskar”a təqdim olundu. Bütün bunlar böyük nailiyyətdir. Rüstəm İbrahimbəyovun “Oskar” almağı gənclərə bir təkan verdi. O gördüyü işlərlə böyük kinematoqraf ordusunu arxasınca aparır. Xüsusən cavanlar ondan mənəvi qida alırlar. Məncə, bizim problemimiz dünya bazarına çıxa bilməməyimizdədir. MDB respublikalarının heç də hamısında dövlətin kinoya qayğısı yoxdur. Azərbaycanda dövlət kinoya xeyli vəsait ayırırsa, bu, balaca iş deyil. İkinci tərəfdən isə kino tam olaraq dövlətin qayğısı hesabına yaşaya bilməz və bu, düzgün deyil. Biz artıq kapitalizmə doğru gedirik. Bütün sahələrdə olduğu kimi, kinoda da müstəqillik yaranıb. Deməli, bizə prodüser mərkəzləri lazımdır. Bu, çox vacib sahədir. Dövlət prodüser mərkəzlərinə film sifariş verir və maliyyə ayırır. Belə deyək də, dövlət prodüser mərkəzlərinin inkişafına təkan verir. Amma prodüser mərkəzləri gözləməməlidirlər ki, dövlət mənə pul verəcək, mən filmi çəkəcəyəm və sonra filmi Film Fonduna təhvil verəcəyəm. Vaxt gələcək prodüser mərkəzlərindən tələb olunacaq ki, onlar filmi çəkəndən sonra ona çəkilən xərcin heç olmasa yarısını geri qaytarsın. Çünki pul geri qayıtmalıdır ki, digər filmlərə də vəsait ayrılsın. Bu məqamda dünya təcrübəsindən yararlanmaq lazımdır. Məncə, bu problem tezliklə həllini tapacaq.
- Söhbətin əvvəlində gənclərin uğurlarından danışdınız. Qonşu ölkələrin təcrübəsinə baxaq...İranda kinorejissor ixtisasına yiyələnmək istəyən tələbələrin əksəriyyəti 25 yaşından universitetə sənəd verir. Onlar müəyyən həyat təcrübəsi yığırlar və sonra ixtisası öyrənirlər. Amma bizdə məktəbi bitirən gənc dünyagörüşü olmadan rejissorluğu oxuyur. Məncə, kinodakı faciəmizin əsası buradan başlayır. Bununla bağlı nə deyə bilərsiniz?
- Orta məktəbi bitirib ali məktəbin rejissorluq ixtisasına qəbul olmağın qarşısını heç kim ala bilməz. Və bu, heç də faciə deyil. Amma gələn adama birdən-birə bədii film vermək olmaz. Onlar kinoda əvvəlcə köməkçi, assistent, ikinci rejissor kimi işləməlidirlər. Lətif Səfərov, Əjdər İbrahimov kimi sənətkarlarımız bu yolu keçiblər. Tibb Universitetini bitirən gənclər birdən-birə cərrah ola bilmirlər, onlar əvvəlcə müəyyən mərhələni keçirlər. Bu sənət də belə olmalıdır.
- Siz Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Həmin tələbələrin bugünkü kino prosesinə marağı varmı?
- Eldar Quliyev, Oqtay Mirqasımov, Amin Novruzov və digər sənətkarlarımız universitetdə dərs deyirlər və bildiyim qədər onlar tələbələrini öz filmlərinə cəlb edirlər. Tələbələr filmlərin çəkilişlərində həvəslə iştirak edirlər.
- Davamçılarınız varmı?
- Tələbələrimdən biri bir gün mənə kinonun tarixi ilə məşğul olmaq istədiyini dedi. Sevindim. Kino tarixi ilə məşğul olmaq çox çətindir. O tələb edir ki, sən gecə-gündüz arxivlərdə, kitabxanalarda oturub axtarış aparasan. Ona 30-40-cı illər kino tarixi haqqında qəzetlərdə olan məlumatları toplamağı tapşırdım. İki həftə keçəndən sonra qız mənə “Aydın müəllim, daha ora getməyəcəyəm. Çox əsəbləşirəm” - dedi. Buna baxmayaraq, müxtəlif telekanallarda, mətbuatda əsasən bizim məzunlar işləyirlər. Tədqiqat işi ağır işdir. Təsəvvür edin ki, «Bakı kinostudiyası»nın tarixini yazmaq üçün 7-8 il vaxt sərf etmişəm.
- Hazırkı kino tənqidi Azərbaycan kinosuna nə dərəcədə təsir edə bilər?
- Kinoşünaslıq üç sahəyə bölünür: kino tarixi, kino nəzəriyyəsi və kino tənqidi. Aydın Dadaşov kino nəzəriyyəsinin əla bilicisidir. Daha sonra Əlisəftər Hüseynov da ona qoşuldu. Kino tənqidi isə yoxdu. Üç-dörd gənc var, amma onlar kino tənqidinin mənzərəsini bütünlükdə yarada bilməzlər. Təsadüfi deyil ki, Kinematoqrafçılar İttifaqının sonuncu qurultayında Azərbaycan kinosunun ümumi mənzərəsini yaratmaq üçün Moskvadan tənqidçi dəvət olunmuşdu. Bu, o deməkdir ki, bizdə kino tənqidi yoxdur. Formal olaraq adamlar var, amma ortada məhsul yoxdur. Hər yerdə Ayaz Salayevin adı çəkilir. Amma ortada heç nə yoxdur. Mən Ayazda günah görmürəm. Kino tənqidi elə sədlə qarşılaşıb ki, onu aşmaq qeyri-mümkündür.
- Nəyi nəzərdə tutursunuz?
- Bir film haqqında müəyyən fikir söyləyəndə (səhv və ya düz fikir olmasından asılı olmayaraq) ona qarşı təhdidlər olur. Kinoda tənqiddən çox narahat olurlar və normal qarşılamırlar. Qarşı tərəf hər zaman hücum mövqeyindədir.
1984-cü ildə sovet kinematoqrafıyasının inkişafı haqqında ümumittifaq müşavirəsi keçirildi. Moskvada Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışan ümummilli liderimiz Heydər Əliyevin müşavirədəki məruzəsi proqram xarakteri daşıyırdı. Bu sözləri Moskvanın ən görkəmli sənətkarları qeyd edirlər. Həmin məruzədə onun tənqidlə bağlı maraqlı fikirləri var idi. O təklif edirdi ki, ssenarinin yazılma prosesinə kinoşünas da cəlb edilməlidir. Yəni ssenarinin güclü olması filmin keyfiyyətinə də təsir edəcək. Dediyim kimi, kinoşünaslığın iki qolu bu gün inkişaf edir, amma kino tənqidi isə yerində sayır.
- Film Fondun Azərbaycan kinosu üçün əhəmiyyəti göz qabağındadır. Fondun işi ilə bağlı nə deyə bilərsiniz?
- Sovet dönəmində belə bir qayda var idi: sən filmi çəkib onun rus variantını Moskvanın dövlət arxivinə təhvil verməli idin, sonra həmin filmi SSRİ Dövlət Kinematoqrafiya Komitəsi qəbul edirdi. Nəhayət ki, Azərbaycan müstəqillik əldə edəndən sonra Heydər Əliyevin sərəncamı ilə Dövlət Film Fondu yaradıldı. Əvvəlcə «Qələbə» kinoteatrında yerləşdik. Amma şəraitsizlikdən lentləri istədiyimiz kimi qoruyub saxlaya bilmirdik. Film Fondunun tarixini 2 mərhələyə bölürəm: «Qələbə» kinoteatrında filmlərimiz yığıldı, bu bir, ikincisi, möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə Film Fonduna yeni bina tikildi və bu gün filmlər çox gözəl şəraitdə saxlanılır. Artıq bura elmi-tədqiqat institutuna çevrilir. Film Fondunun direktoru Cəmil Quliyevin adını xüsusi qeyd etmək istəyirəm. O, kinorejissor olduğu üçün lentlərin də, kino işçilərinin də qədrini bilir.
- Bildiyimizə görə, kino ensiklopediyasını hazırlayırsınız...
- Uzun illərdir Azərbaycan kino ensiklopediyasını hazırlayıb başa çatdıra bilmirdik. Çünki şərait buna imkan vermirdi. Amma bu gün hər cür şərait var və ensiklopediyanın birinci cildini başa çatdırmışıq. Bu, böyük hadisədir. Kinomuz yaranan gündən indiyə kimi bütün məlumatları ensiklopediyadan əldə etmək olacaq. Dünyasını dəyişənlər, bu gün yaşayanlar və xüsusən də gənclərin adlarını burada görə biləcəksiniz. Ensiklopediyada elə insanların adlarına rast gələcəksiniz ki, onları kino adamları belə tanımır. Halbuki həmin insanlar kinoda can qoyublar.
- Bu sahədən bezdiyiniz vaxtlar olubmu?
- 63-cü ildə kinoya gəlmişəm. 66-cı ildə mənə yaxşı iş təklif olundu. Amma kino məni qoymadı getməyə. Ondan sonra özümə söz verdim ki, heç bir yerə işlə bağlı müraciət etməyəcəyəm. İndi 70 yaşım tamam olmaq üzrədir. Fikirləşirəm ki, mənim nəyim var - Azərbaycanın əməkdar mədəniyyət işçisi və Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşəm. Birotaqlı mənzil. Bir stol, bir stul və kitablarım. Bax, bu kinonun mənə verdiyi qazancdi. Amma mən buna qətiyyən təəssüflənmirəm. “Azərbaycan kinematoqrafçıları” kitabının ikinci cildini bitirmişəm. “Cəfər Cabbarlı və kino” kitabı tamamlanıb. Universitetdə dərs deyirəm. Hörmətli redaktorumuz mənə «Azərbaycan kino tarixi» dərsliyni yazmağı tapşırıb. Hazırda onunla bağlı materiallar toplayıram. Operator Kənan Məmmədov haqqında da kitab yazıram. Məni yaşadan və mənə şəxsi problemlərimi unutduran bunlardı. Yoldaşım mənə deyir ki, sən xoşbəxtsən. Soruşuram niyə? Deyir, evdəki problemlərin heç birindən xəbərin yoxdu. Deyirəm, xəbərim olsa, o problemlər düzələcək? Düzəlməyəcək, axı.
Gördüyüm işləri göz önünə gətirəndə, özümü xoşbəxt sayıram.
Şamıyev F.