Almaz Sultanzadə: «Gənclər də mükafatlandırmadan kənarda qalmayacaq»
   
   Son illər milli kinomuzda gedən müsbət dəyişikliklər ictimaiyyətin bu sənətə olan marağını artırmaqdadır. Artıq kənar sahənin insanları da Azərbaycanda çəkilən filmlərin nümayişini səbirsizliklə gözləyir. Qarşıdan Milli Kino Günü gəlir. Bu bayram gününə necə hazırlıq gedir, həmin gün nələr təqdim olunacaq kimi suallarla bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin istismarı və təbliği sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə ilə əlaqə saxladıq.
   
   Almaz xanımın sözlərinə görə, bu il keçiriləcək kino günü daha təmtəraqlı gözlənilir. Bunun da əsas səbəbi «Cavad xan» bədii filminin məhz həmin gün nümayiş etdirilməsidir. «Bu il Milli Kino Gününü iyul ayının 31-də qeyd edəcəyik. Bildiyiniz kimi, bu il avqustun 2-i bazar gününə təsadüf edir. Bazar günü isə hamı istirahət edir. Neçə ildən sonra Heydər Əliyev Sarayında kino gününü qeyd edəcəyik. İstərdik ki, bu tədbirə hamı gələ bilsin. Yay günündə kino adamlarının, kinosevərlərin rahatlığını pozmamaq üçün bu qərara gəldik.
   Həmişəki kimi bizim bu günə aid bir neçə tədbirimiz var. Ola bilsin ki, bayram günümüz iki hissəyə bölünəcək. Ənənəvi olaraq kino sahəsində işləyən veteranları mükafatlandıracağıq. Hazırda kinostudiya, kinoteatr və Dövlət Film Fondunda çalışan 12 veteran var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev onlara mükafatlar təqdim edəcək».
   Almaz xanımın sözlərinə görə, bu dəfə bu mükafatlardan gənclər də bəhrələnəcək: «Məlumdur ki, son illər çəkilən filmlərimiz, xüsusən də gənclərin çəkdikləri filmlər bir çox beynəlxalq kinofestivallarda uğurla iştirak edib. Bu günə kimi, bir neçə uğurumuz olub. Müvəffəqiyyət əldə edən həmin prodüser mərkəzlərini, rejissorları nazir təbrik edəcək. Bundan başqa, festivalın mükafatları bizim nazirliyə göndərilib. Onların sahiblərinə təqdim olunması da kino günündə baş tutacaq. Onların arasında gənc rejissorlar Fariz Əhmədov (“Lahıc ritmləri”), Xəyyam Abdullayev (“Koramal”), Tahir Əliyevin (“Təxəllüsü Mixaylo”) adını çəkə bilərəm.
   Günün ikinci yarısında- saat 5-də Heydər Əliyev Sarayında Dövlət Film Fondunun təqdimatında “Cavad xan filmi çəkilir” adlı fotosərginin açılışı olacaq. Orada filmin çəkilişi zamanı çəkilən işçi fotolar sərgilənəcək. Bildiyiniz kimi, “Cavad xan” tarixi film olduğu üçün onun maraqlı kostyumları var. Həmin gün filmdə istifadə olunan 12 tarixi kostyum da sərgilənəcək».
   Nazirliyin əməkdaşı onu da qeyd etdi ki, ötən bir il əzində görülən işləri əks etdirən videoçarx da nümayiş olunacaq. Buraya əsasən yubileylər, sərgilər, premyeralar, istehsalatda olan filmlərin çəkiliş proseslərindən, il ərzində yaşanan kino həyatından bəhs edən kadrlar daxil ediləcək. Proqramın sonunda isə “Cavad xan” filminin təqdimatı olacaq.
   «Cavad xan» tarixi filmdir. Filmə nazirlikdə fəaliyyət göstərən ekspert şurasının üzvləri baxıb və öz rəylərini veriblər».
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Bizim kino” Prodüser Mərkəzinin istehsal etdiyi “Cavad xan” kompyuter qrafikasından istifadə edilən ilk bədii kinofilmdir. XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan, cəsur sərkərdə Cavad xandan bəhs edən ekran əsəri 2 saat 43 dəqiqədir. İstehsalına 2007-ci ilin aprel ayında start verilən film Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında ekranlaşdırılıb. Filmin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, rəssamları Rafiz İsmayılov, Rafiq Nəsirov, bəstəkarı Sərdar Fərəcovdur. Filmdə əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Amaliya Pənahova, əməkdar artistlər Nuriyyə Hüseynova, Əli Nur ifa ediblər.
   
   Aylin